Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclis Sədrinin müavini Adil Əliyev: “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən ən yüksək səviyyədə quruculuq işləri aparılır”

    Milli Məclis Sədrinin müavini Adil Əliyev: “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən ən yüksək səviyyədə quruculuq işləri aparılır” Bu fikri martın 17-də Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup həkimlə görüşərkən səsləndirib.
    Qonaqları Milli Məclisdə salamlayan vitse-spiker Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən işğalından azad edilməsindən danışaraq, bu misli görünməmiş qələbənin ölkəmizin Şanlı tarixinin ən parlaq səhifəsi olduğunu qeyd edib. Bildirib ki, bu qələbə dövlətimizin başçısı tərəfindən diplomatik müstəvidə də uğurla davam etdirilib.
    Ölkə başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərlərinə diqqət çəkən vitse-spiker oradakı vəziyyətin rəsmi İrəvanın vandalizm siyasətinin sübutu olduğunu qeyd edib. Əlavə edib ki, bu dağıntılardan görünür ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etməklə tarixi irsimizi silməyə çalışıb.
    Adil Əliyev işğaldan azad olunmuş ərazilərə yeni nəfəsin gəlməsindən məmnunluğunu ifadə edərək bu ərazilərimizin dünyanın ən gözəl guşələrindən birinə çevriləcəyinə əminliyini bildirib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri fasiləsiz icra olunur. Bu baxımdan ölkə başçısının səfəri zamanı 15 mart tarixində Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasiminin keçirilməsi böyük əhəmiyyətə malikdir.
    Vitse-spiker bu gün bərpasına başlanılan ərazilərimizin güclü siyasi iradə, diplomatik mübarizə və şəhidlərimizin qanı hesabına başa gəldiyini qeyd edərək şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
    Görüşdə iştirak edən həkimlər torpaqlarımızın düşmən işğalından azad edilməsindən qürur duyduqlarını və yaralanmış hərbi qulluqçularımıza xidmət göstərməyin onların vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıblar. Söhbət zamanı qazilərimizin daim diqqət mərkəzində saxlanmasının vacibliyi vurğulanıb.
    Sonda Vətən müharibəsində xidmət etmiş həkimlərə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanları təqdim olunub. Milli Məclis Sədrinin müavini Adil Əliyev: “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən ən yüksək səviyyədə quruculuq işləri aparılır”

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ