M.F. Axundov adına Mərkəzi Kitabxanada ulu öndər Heydər Əliyevin anım günü keçirildi
Siyasət
13-12-2019, 15:14
878
Dekabrın 11-də YAP Səbail Rayon Təşkilatının sədri, Milli Məclisin üzvü, professor Şəmsəddin Hacıyevin başçılığı ilə ümummilli lider, Azərbaycanın böyük oğlu Heydər Əliyevin vəfatının 16-cı ildönümü-anım günü ilə əlaqədar M.F. Axundov adına Mərkəzi Kitabxana kimi tanınan Milli Kitabxananın konfrans zalında geniş tədbir keçirildi. Kitabxana rəhbərliyinin və kollektivinin də qatıldığı tədbirdə bir sıra ölkə ziyalıları, o cümlədən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, BDU-nun Kigabxanaşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov və başqaları iştirak edirdilər. Əvvəlcə dünyaşöhrətli siyasətçinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra onun zəngin həyat və dövlətçilik fəaliyyətinə həsr olunan videoçarx nümayiş olundu. Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın müdiri Kərim Tahirov Ulu Öndərin kitaba, kitabxanaya xüsusi diqqət və qayğısından danışdı. YAP sədri, professor Şəmsəddin Hacıyev isə Heydər Əliyevin azərbaycançılıq ideologiyası, eləcə də müstəqil Azərbaycanın memarı mövzusunda geniş nitq söylədi. Digər çıxış edənlər də Heydər Əliyev irsindən, onun milli-mənəvi dəyərlərə xüsusi önəm verməsindən söz açdı, bu böyük şəxsiyyətin dövlətimizin tarixində, xalqımızın qəlbində əbədi,silinməz iz buraxdığını dilə gətirdilər, ona Tanrıdan qəni-qəni rəhmət dilədilər!