Sizin reklam burada
Sizin reklam burada

Albaniyada qaz şəbəkəsinin qurulmasında Azərbaycan investor kimi iştirak edə bilər

Albaniyada qaz şəbəkəsinin qurulmasında Azərbaycan investor kimi iştirak edə bilər Məşhur Məmmədov
Milli Məclisin deputatı

Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız Albaniya ilə bizim əlaqələrimizi gücləndirir.
Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk. Albaniya ədalətin, sülhün bərqarar olmasını istəyirdi.
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu. Təəssüf ki, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik görməzdən gəlir, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilmirdi.
Prezident İlham Əliyevin 15 noyabr tarixində Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib, bunu işğaldan azad edilmiş ərazilərə dəfələrlə səfər etmiş diplomatik korpusların nümayəndələri də görüb. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar.
Biz Dövlət-Xalq-Ordu birliyi nəticəsində torpaqlarımızı işğaldan azad etdik. Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır.
Prezident İlham Əliyevin söylədiyi kimi, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Müzakirə ediləsi məsələlər çoxdur. Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri.
Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak ediblər.
Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır.
Azərbaycanın qaz ehtiyatları çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir.
Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ