Sizin reklam burada
Sizin reklam burada
  • Salam Şuşa, bu gün səninlə ilk görüşümüz baş tutdu

    Füzuli postundan keçəndə elə səbrsizlənirdim ki, istəyirdim avtobusdan düşüb yoxuş yuxarı qoynuna qaçım. Qucaqlaşaq səninlə. İllər sonra balan gəlib deyib atılım qucağına. Həyəcandan ürəyimin döyüntüsünün necə artdığını hiss edirdim.
    Mənim Şuşam, üzünü görmədən sevdiyim diyar. Yuxularımızın nağıllar aləmi. Hələ də inana bilmirdim ki, səni görmək mənə də qismət olur. Avtobusumuz Daşaltını keçəndə o sıldırım qayalara baxdıqca bizə Şuşanın azadlığını yaşadan şəhidlərim gəldi gözlərimin önünə. Səmadan bizə baxıb gülümsəyən şad ruhları duyurdum sanki.
    Çox keçmədi ki, Şuşa otelinə çatdıq. Otelin gözəlliyi şair qəlblərimizi valeh etdiyi kimi, yüksək səviyyədə qarşılanma da hər birimizin ürəyincə oldu. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Şuşada Mədəniyyət ilinin bağlanış" tədbiri təşkil olunmuşdu. Bir-birindən maraqlı çıxışlar, mədəniyyət sahəsində zəhməti olan şəxslərin mükafatlandırılması, günün ən unudulmaz anlarından biri də şəhidlərimizə həsr etdiyim "Qürur yerimiz", "Xarıbülbüllər", "Cənnətdən gələn hədiyyə " və "Oğul düşmən çəpəridir" kitablarımı Mədəniyyət Nazirimizə təqdim etdiyim an oldu. Ümidvaram kitablarım Şuşa kitabxanasında öz yerini alacaq.

    Esmira Günəş
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ