Sizin reklam burada
Sizin reklam burada
  • Hacı Mirtaleh eldən getdi

    Artıq 3-cü ildir ki, onun yoxluğunun acılarını yaşayır Saatlı ictimaiyyəti. Bu ayrılıq çətin olsa da, taleyin qisməti, alın yazısı olduğu anlamında səbrlə qarşılamalıyıq. Və nəzərə alsaq ki, Hacı sağlığında yüzlərlə insanların qəlbində saleh əməlləri ilə əbədiyyət heykəlini ucaltdı, onda onun ölməzliyini qəbul edib təsəlli tapmağa dəyər.
    Bəli Hacı Mirtaleh Ağayev alicənablığı, xeyirxahlıgı, səxavəti, sədaqəti, dürüstlüyü, təmkinlikiyi, təqvalılığı, inam və etibarı, etiqadı, mənəvi saflıgı, insanlığı və hələ sözlə ifadə oluna bilməyəcək qədər keyfiyyətləri ilə çoxlarına nümunə idi. O, etdiyini deməyən, lakin dediyini edən insan idi. Sağ əli ilə sol əli arasında olan balansı bilərəkdən kəsmişdi, sağ əlin verdiyini sol əl bilməsin deyə. Tutduğu xeyirxah siyahı üzrə Allah verən ruzidən saysız yoxsul, imkansız, aztəminatlı ailələrə, yetim-yesirlərə, ehtiyaclı insanlara ilboyu göstərdiyi maddi-mənəvi köməklikləri, ünvanlı səkildə göndərdiyi sovqatları, ənənəvi bayram paylarını, bir sözlə lazım olan yardımları ünvanladığı şəxsdən savayı kimsə bilməzdi. Həmin şəxsə isə bunun məxfi qalması tapşırığını verərdi. Yəni, etdiyi xeyirxahlığı bir Allah, bir özü, bir də göndərdiyi şəxs bilərdi. O, bütün bunları təbii ki, bəziləri kimi, reklam xatirinə deyil, Allah rizası üçün edərdi. Elə bu səbəbdən də Hacının pulunun, malının bərəkətini uca Yaradan günü-gündən artırardı. Əslində edərdi bir qədər yad cümlə alına bilər, çünki, o, vəfat etməzdən öncə vəsiyyət etmişdi ki, nə qədər ki, ona məxsus əmlakı gəlir gətirir, bu ənənə bir o qədər də vəfatından sonra da davam etdirilsin. Bəli, bu gün də Hacı Mirtalehin xeyirxah ənənələri varisləri tərəfindən davam etdirilir.

    Hacı Mirtaleh mərhum atası Mirəziz ağanın davamçısı olaraq layiqli el ağsaqqali idi.

    O, ilboyu el adamlarının qabağına düşər, oğul evləndirib, qız köçürən ailələrin elçiliklərini edər, xeyir-dua verər, küsülüləri barışdırar, çətinə, dara düsənlərə əl uzadardı. O, eyni zamanda neçə yolundan azmışları hidayət yoluna qaytarmış, imana-dinə, namaza, ibadətə gətirmişdır.
    Hacı, sözün əsl mənasında Allahın mömin-dindar bəndəsi, "Əhl-əl Beyt" aşiqi idi. Çox sayda insanlar var ki, üzücü, narahat anlarında onun moizələrinə, hədislərinə, qulaq asar, öyüd-nəsihətlərini dinləyər, bir rahatlıq, təskinlik tapar, mənən saflaşardı. Hacı Mirtaleh heç kəslə kin-küdurət saxlamaz, nöqsanı olan kəslərə təmkin göstərər, onu idrakının gücü, qəlbinin saflıği ilə islah edərdi. Göylə uçan quş, yerlə yeriyən qarışqa bu insandan inciməz, narazı qalmazdı.
    Onun yoxluğu bu gün hər kəsin qəlbini korun-korun yandırır.
    Belə insanlardan biri də tanınmış terapevt-həkim Laçın Mürsəlovdur . Bu yazımızda onun fikirlərini oxucularla, Mirtalehsevərlərlə bölüşmək qərarına gəldik.

    Hacı Mirtaleh haqqında Laçın həkimin dediklərindən...

    Doğrusu O, insan haqqında danışmaq mənim üçün həm bir qədər çətindir, həm də asan. Çətindir ona görə ki, onun ünvanına nə qədər gözəl söz desəm, azlıq edər və elə bir söz yoxdu ki, onun mənəvi cəkisini özundə ehtiva edə bilsin. Asandır, ona görə ki, tərəddüt etmədən onun barəsində ağız dolusu, kitab-kitab danışmaq, ən dəyərli ifadələri işlətmək mümkündür.
    Hacı Mirtaleh böyük və xeyirxah ürəyi ilə bənzərsiz insan, seyyid-peyğəmbər övladı, "Əhl-əl Beyt" aşiqi idi. Onun öyüd-nəsihətləri, ibrətamiz söhbətləri ilə neçə yolun azmışlar hidayət yoluna dönmüş, ibadətə, halallığa qayıtmışdır. Hətta, bir dəfə tanışların birinin toy məclisində elə çıxış etdi ki, planetin bütün müəllimləri toplaşsaydı, o cür cümlələr qurub danışa bilməzdi və o, bu çıxış ücün xüsusi vaxt ayırıb hazırlaşmamışdı. Bu insan Qurani-Kərimdən sonra ikinci dünyəvi kitab olan, Əli əleyissəlamın müəllifi olduğu "Nəhcül bəlağə"ni əzbərə öyrənmişdi. Böyük bir toy məclisi idi. Onun çıxışını bütün məclis iştirakçıları ayağa durub əl çalaraq, alqışladılar, alovlu, ibrətamiz, hikmətli fikirlərinə heyran qaldılar. Bu çıxışdan sonra öz-özlüyümdə düşünürdüm ki, birdən məni də çağırarlar danışmağa, o çıxışdan və danışıqdan sonra mən heç bir söz deyə bilmərəm. Onun cümlələrini təkrar edə biləcək ikinci bur adam təsəvvür edə bilmirəm...
    Eşitmişdim ki, imkansız insansızlara, aztəminatlılara, ehtiyacı olanlara hər il tonlarla kartof, taxıl paylayır. Eyni zamanda da paylanan sovqatların xüsusi tapşısrıq verirdi ki, kim tərəfindən göndərildiyin də heç kimə deməsinlər. Onu da eşitmişəm ki, Hacı rəhmətə gedəndə vəsiyyət edib ki, nə qədər mülküm var, nə qədər bu mülk gəlir gətirir, yardımı davam etdirin.
    Sadəcə söz tapmıram deməyə. Dünyanın ən gözəl kəlmələri ona ünvanlanarsa, bəlkə də azlıq edər...
    Bizim kəndimizdə (Varxankənddə) Hacı Mirtalehin bir Broyler-quşçuluq fabriki var. Fabrikə gedən yolda 10, ya 12 ev var. Ora vaxtilə Özbəkistandan deportasiya olunmuş məcburi köçkünlər-Axsıka türkləri yerləşdirilmişdi. Günlərin bir günündə məni həkim kimi çağırtdırdı. Gəldim, gördüm həmin evlərin birindədi. Evdə bir xəstə var idi. Xəstəyə baxdım, yardımımı eləyib, reseptini yazanda mənə dedi ki, a cindar (Allah ona rəhmət eləsin cindar deyərdi mənə həmişə). Cindar bax, sənə deyirəm, o asfalta qədər olan bu evləri görürsən ha, bunların hər hansı birindən səni həkim kimi çağırarlarsa, ləngimədən gəl, yardımını elə. Nə yazacaqsansa, yazıb resepti mənə çatdır, qalanı ilə işin olmasın...
    O, adamın humanistliyi, O, adamın vətənpərvərliyi, O, adamın insanlara əl tutması qədər müqayisə edə biləcəyim ikinci xeyirxah adam tanımıram. Heyif, elə bir insan əlimizdən, elimizdən getdi. Karona deyilən bir oyunun, bir qurğunun, mən belə deyərdim, qurbanı oldu. Allah rəhmət eləsin, məkanı cənnət olsun.

    Bəradər Səməndərli
    "Atribut" qəzetinin və "Atributinfo.az" saytının baş redaktoru


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ