Zərifə xanım gecə-gündüz yorulmaq bilmədən Azərbaycanın dövlətçiliyi naminə çalışan bir insanı tükənməz sevgi və qayğı ilə əhatə edərək ona əsl dost, yaxın silahdaş və mənəvi dayaq oldu. Eyni zamanda, ailədə elə bir mühit yaratdı ki, ömrünü Vətənə, xalqına xidmətə həsr edən Ulu Öndər evindən, uşaqlarından həmişə arxayın olub dövlət işini apara bilsin. Belə də oldu. Onlar birlikdə Vətənə, soy-köklərinə layiq vətənpərvər övladlar böyütdülər. Zərifə xanım övladlarının düzgün tərbiyəsi üçün hər cür fədakarlığa hazır idi. Həmişə kamilliyə can atan bu insan uşaqlarının tərbiyəsində də şəxsi hisslərini deyil, cəmiyyətin mənafeyini üstün tuturdu. Bu gün Azərbaycanın fəxri, möhtərəm Prezidentimiz cənab Ilham Əliyevin siyasətdə qazandığı uğurlar, gündən-günə dünyada artan nüfuzu bir ana kimi Zərifə xanımın ruhunu sevindirir.Zərifə xanım əsl azərbaycanlı qızı kimi milli mühitdə, xalqımıza xas ən ülvi dəyərlərlə zəngin əhatədə böyümüşdü. Atası - görkəmli alim və ictimai-siyasi xadim Əziz Əliyev ailəsi ilə birlikdə, İrəvanda yaşayan əksər azərbaycanlılar kimi, qaçqınlıq taleyilə üzləşərək Naxçıvana köçmüşdü. Hamının rəğbət və hörmət bəslədiyi Əliyevlər ailəsi bütün qohum-əqrəbanın, dost-tanışın ümid ünvanı, pənah yeri idi. Zərifə xanımın xarakterində olan qayğıkeşliyi, mehriban münasibəti, imkansızlara yardım əli uzatmağı irsi və fitri keyfiyyət olmaqla bərabər, həm də belə mühitdə böyüdüyü üçün formalaşmışdı. Anası Leyla xanım bəy qızı olmağına baxmayaraq, vaxtsız gələn qonaqları belə, gülərüzlə qarşılayar, zəhmətlərinə qatlaşar, ümidsiz yola salmazmış. Zərifə xanım da anası Leyla xanımda olan bütün bu kimi müsbət keyfiyyətləri ondan miras alaraq layiqincə yaşadıb. Zərifə xanım bütün Azərbaycan qadınlarının malik olduğu keyfiyyətlərin özündə bir növ ümumiləşdirilmiş şəkildə daşıyıcısı idi. O, Azərbaycan qadınının nələrə, hansı fədakarlıqlara qadir olmasını göstərirdi. Zərifə xanım bütün keyfiyyətlər üzrə nümunə kimi təqdim edilir. Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Ilkin Məmmədov Qızılqaya Qəsəbə İcra Nümayəndəliyidə müavin. Xüsusi olaraq "Atributinfo.az" üçün