Azərbaycan tarixində müstəsna xidmətləri olmuş Bakıxanovlar nəslinin görkəmli nümayəndəsi, Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş tədbirlər davam etməkdədir. Belə tədbirlərdən biri də Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademirasının akademiki, Azərbaycan, Türkiyə Rusiya Yazıçılar İttifaqlarının üzvü Hacı Fərhad Mirzənin təşəbbüsü ilə, koronavirus pandemiyası səbəbindən məhdud auditoriyada təşkil edildi. Hacı Fərhad Mirzə qeyd etdi ki, Bakıxanovlar nəsli milli tariximizə onlarla ali rütbəli hərbçi, ictimai və mədəniyyət xadimləri bəxş etmişdir. Ancaq Tofiq müəllim həmin nəslin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan incəsənətinə məhz özünəməxsus töhfələr vermişdir. O, professional bir sənətkar kimi musiqinin bütün janrlarına müraciət edib, bir-birindən gözəl əsərlər yaradıb. Bəstəkarın əsərləri nəinki Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində böyük maraqla dinlənilir.
Bu kiçik yazını tədbir iştirakçılarının bəzi fikirləri üzərində qurmaq istəyirik:

– Mən dəfələrlə Tofiq müəllimin həm yaradıcılıq gecələrində, həm də yubiley tədbirlərində iştirak etmişəm. Yəni xalqın, musiqisevər insanların onun yaradıcılığına olan ehtiramının canlı şahidiyəm. Düşünürəm ki, onun tədbirlərində iştirak etmək hamı üçün arzuolunandır. Sənət adamları onun haqqında elə yüksək fikirlər səsləndirirlər ki, mən belə bir soydaşımızın müasiri olduğumla fəxr edirəm. O, mənim haqqımda da iki mahnı bəstələmişdir. 90 illiyindən istifadə edərək həmin mahnılara görə də ona minnətdarlığımı çatdırır və yubileyini təbrik edirəm.
Mən fəxr edirəm ki, Tofiq müəllimin ulu babası Abbasqulu Ağa Bakıxanovun Məkkə yaxınlığındakı “Vadeyi Fatimə” qəbristanlığındakı məzarını ziyarət etmişəm. Doqrudur, orada konkret şəxsin məzarını tapmaq çətindir və hətta mümkün deyil. Ancaq qəbristanlığın kənarında dayanıb mərhumların ruhuna dualar oxumaq da ziyarət adlanır.
Ağaverdi PAŞAYEV, Xalq artisti, professor:
–Mən bir dirijor kimi Tofiq müəllimin onlarca əsərini xalq çalğı alətləri orkestri ilə işləyib ölkənin musiqi ictimaiyyətinə təqdim etmişəm. İnanın ki, onun mahnılarını işləyib konsert proqramına salmaq mənim üçün də xoş olub, orkerstrin hər bir ifaçısı üçün də, solistlər üçün də. Elə tamaşaçılar da bizim həmin ifalarımızı həmişə böyük maraqla dinləyib, alqışlarla qarşılayıblar. Mən Tofiq Bakıxanovla uzun illərdir ki, əməkdaşlıq edirəm. Bu dostluq mənim bir musiqiçi və insan kimi yetişməyimdə özünəməxsus rol oynayıb. Böyük müəllimimizin 90 yaşı mübarək olsun.

–Tofiq Bakıxanov üç birpərdəli baletin, üç musiqili komediyanın, 8 simfoniyanın, 5 simfonik muğamın, müxtəlif çalğı alətləri üçün 24 konsertin, çox saylı simfonik, kamera-instrumental və vokal əsərlərin müəllifidir. Onun müxtəlif janrlı, rəngarəng məzmunlu əsərləri ifaçıların repertuarına daxil olaraq, həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda, məsələn, Fransa, Rusiya, Türkiyə, Kipr, İran və başqa ölkələrdə teatr və konsert salonlarının bəzəyi olub. Ancaq mən elə bilirəm ki, onun ən yaxşı əsəri qarmon və xalq çalğı alətləri üçün yazdığı əsərdir. Çünki mən həmin əsərin qarmon üçün olan hissəsini ifa edərkən zaldakı tamaşaçıların nə qədər böyük şövqlə alqışladığını dəfələrlə görmüşəm.
İttifaq MİRZƏBƏYLİ, Əməkdar jurnalist:
– Otuz ildən çoxdur ki, Tofiq Bakıxanovla dostluq edirik. Onunla dəfələrlə həm ölkə daxilində, həm də xaricdə səfərlərdə olmuşuq, birlikdə ona qədər mahnı yazmışıq. Çoxsaylı tərbirlərdə bərabər iştirak etmişik. Bu uzun illərdə onda gördüyüm çoxsaylı yaxşı keyfiyyətlərin önündə sadəliyi və məsuliyyəti dayanır. Böyük bir nəslin nümayəndəsinin, böyük sənətkarın bu qədər sadə insan olması hamıda ona qarşı hörmət və ehtiram yaradır. Onun məsuliyyəti isə bəlkə də möcüzə dərəcəsində qeyri-adidir. Tədbirə bir şagird kimi hazırlaşır, konsertə tələbə kimi çıxır, hansısa görüşə gedəndə sıravi bir insan kimi gedir. Ancaq o, sıravi, sadə bir insan deyil, böyük sənətkardır.

– Mən də deyilənlərlə şərikəm. Ancaq onu əlavə etmək istəyirəm ki, Tofiq müəllimin ən yüksək qiymətini ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev vermişdir. Heydər Əliyev onu 1973-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, 2000-ci ildə “Şöhrət” ordeninə layiq görmüşdür. Çox böyük qiymətlərdir. Bütün bunların üstünə ümumxalq məhəbbətini gələndə isə Tofiq Bakıxanovun çox zəngin adam olduğunun şahidinə çevrilirik. Yubileyin mübarək, ustad!
... Sonda Tofiq Bakıxanov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildirdi və əlavə etdi ki, tək mənim deyil, bütün sənət adamlarının uğurları tamaşaçının, dinləyicinin və ümumiyyətlə, xalqın mənəvi dəstəyi nəticəsində ərsəyə gəlir. Mən öz xalqıma həmişə minnətdar olmuşam, bu gün də minnətdaram, nə qədər ömrüm varsa, gələcəkdə də minnətdar olacağam.
Hazırladı: Aybəniz Quliyeva
