Sizin reklam burada
Sizin reklam burada
  • Qafqaz arxeologiyasının tarixindən bəhs edən kitab nəşr olunub

    Qafqaz arxeologiyasının tarixindən bəhs edən kitab nəşr olunub Qafqaz arxeologiyasının tədqiqat tarixi, tarixşünaslığı ilk dəfə xronoloji ardıcıllıqla geniş və monoqrafik şəkildə tənqidi olaraq tədqiq edilib.
    Qafqaz Tədqiqatları İnstitutunun mətbuat şöbəsindən verilən məlumatda bildirilir ki, "История археологии Кавказа: Археологические и теоретические исследования" ("Qafqaz arxeologiyasının tarixi: Arxeoloji və nəzəri tədqiqatlar") adlı monoqrafiyanın müəllifi Nuridə Qədirova - Atəşi (Nourida Gadirova - Ateshi) indiyə qədər alman, ingilis, fransız, rus və Azərbaycan dillərində yazılmış Qafqaz arxeologiyasının tarixşünaslığını orijinal dillərdə bir-biri ilə müqayisə edərək göstərir ki, Qafqazın müxtəlif dillərdə yazılmış, həm də çox ziddiyyətli tarixşünaslığı mövcuddur: qərb alimlərinin yazmış olduğu tarixşünaslıq; sovet ideologiyası, marksizm-leninizm ideyaları altında yazılmış sovet tarixşünaslığı; sovetlərin süqutundan sonra milli zəmində yaradılmış tarixşünaslıq.
    Məlumatda qeyd olunur ki, bir-birindən fərqli tarixşünaslıqların ortaya çıxarılması ilə müəllif Qafqaz arxeologiyasında hökm sürən bir sıra elmi problemləri qabardıb, dünya elminin diqqətini bu problemlərin həllinə yönəldib.
    "Tədqiqatçı son 185 ildə Almaniya, Fransa, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan və digər ölkələrin elm adamlarının Qafqazda apardığı tarixi və arxeoloji tədqiqatları obyektiv şəkildə dəyərləndirib, subyektiv mülahizələr, yanlışlıqlar, təhriflər və indiyə qədər elmi nəşrlərində olan səhvlər haqqında konkret elmi nəticələr çıxarıb. O, həmçinin Qafqaz mədəniyyətlərini müəyyən etnoslarla eyniləşdirən tarixçi-arxeoloqların fikirlərinə münasibət bildirərək obyektiv mövqedən çıxış edib.
    Müəllif bəzi alman müəlliflərin son 185 ildə Qafqazda apardığı tarixi və arxeoloji tədqiqatlarda yol verdikləri yanlışıqları və həmin yanlışlıqlara istinadən alman elmi nəşrlərində təkrarlanan səhvləri göstərib. Belə ki, o, tədqiqat obyekti seçdiyi mövzunu müasir dövrün və ya dünya elminin qoyduğu tələblər çərçivəsində araşdırmaq, yeni diskussiyalara, mübahisələrə yol açacaq yeniliklər ortaya çıxarmaq, tarixi həqiqətləri olduğu kimi çatdırmaq üçün çoxsaylı muzey kolleksiyalarında və fondlarda qorunan maddi mədəniyyət nümunələrinə, eləcə də arxiv sənədlərinə, orijinal qazıntı hesabatlarına müraciət etməklə, onları öz araşdırmalarının mənbəyinə və bazasına çevirib.
    Tənqidçilər və beynəlxalq rəyçilər müəllifin Qafqaz arxeologiyasında qaldırdığı problemlərin həllinin vaxtının çatdığını, müəllifin uzun müddət Avropa muzey fondlarının, arxivlərin və kitabxanaların qaranlıq və qıfıl altında saxlanılan əşyavi və yazılı mənbələrə müraciət etməklə əldə etdiyi yeni elmi nəticələrin həm Avropa, həm də Qafqaz elmi ictimaiyyəti üçün böyük əks-səda doğuracağına, əsl yeniliyə səbəb olacağına, geniş elmi diskussiyalar yaradacağına və dünya elmi ictimaiyyətin diqqətini bu problemlərin həllinə yönəldəcəyinə inandıqlarını bildirirlər", - deyə məlumatda qeyd olunur.
    Kitab Xəzər Universitetinin nəşriyyatinda cap olunub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ