Sizin reklam burada
Sizin reklam burada
  • Bəradər Səməndərli

    Bəradər Səməndərli
    Bəradər Səməndərli

    İLAHİ, BU GÖZƏL GÖZƏ GƏLMƏYƏ

    Tanrı xoş çağında yaradıb səni,
    Bu nə gözəllikdi, bu nə bənizdi?
    Şairə təb verən elə pərisən,
    Bunu vəsf etməyə söz də acizdi.

    Baxdıqca doymayır göz, gözəlliyə,
    Doğulur bakirə söz, gözəlliyə.
    İlahi, bu gözəl gözə gəlməyə,
    Baxışı dəryadı, gözü dənizdi.

    Bu gözəl könlümə nur ələyibdi,
    Ruhumu kökundən silkələyibdi.
    Yoxsa, Günəş doğub, Ay bələyibdi,
    Qeybdən gəlməsi heç şübhəsidi.

    Sən, narın gülüsən, Gülün Narısan,
    Məhəbbət bağının şirin barısan.
    Vuran ürəyimin şah damarısan,
    Sanma Səməndərli iradəsizdi.

    QARĞALAR FESTİVAL YARADARDILAR

    Dünyaya nur saçan Günəşlə, Aydı,
    Dörd fəsil payızdı, qış, bahar, yaydı.
    Bütün oxuyanlar bülbül olsaydı,
    Quzğunlar şeş qoşa zər atardılar,
    Qarğalar festival yaradardılar.

    Bəs, nədən qəfəsdi yeri bülbülün?
    Nədən "yek-du" düşür zəri bülbülün.
    Gör kimlər Şusada xarı bülbülün,
    Bağrının başını qopardardılar,
    Qarğalar festival yaradardılar.

    Alındı yurdumuz, quruldu büsat,
    Daha xarı bulbul olubdu azad.
    Budurmu həyəcan, budurmu təzad?
    Dığalar oynayar, qol açardılar,
    Qarğalar festival yaradardar.

    Bəradər, bizimdi bu yurd, bu torpaq,
    Torpağa olmusdu yağılar ortaq.
    Paşinyan özünü sayırdı qoçaq;
    Tonqal qalardılar, od çatardılar,
    Qarğalar festival yaradardılar.

    DEYİRİK

    Dünya, sənə deyiləsi sözüm var,
    Elə bilmə, sərvətində gözüm var.
    Nə istiyə, nə soyuğa dözüm var,
    Yayda qışı, qışda yayı deyirik.

    Yoxdu özündən böyüyə hörmət də,
    Ağdı valideyn üzünə züryət də.
    Zalım eyş-işrətdə, fəqir zülmətdə,
    Yasamağın çıxıb zayı, deyirik.

    Demə, çərxi tərsə dönüb zamanın,
    Su yeridən var altından samanın
    Qarşısında baş əyirik qananın,
    Qanmayan insana ayı deyirik.

    Qarabağdan səsi gəlsin "köhlən"in,
    O köhlənlər atlarıdı köhnənin.
    BMT, ATƏT-də bizim ölkənin,
    Taptalanır haqqı-sayı, deyirik.

    Bəradər, çox qalıb hələ finala,
    Yürüş vaxtıdı cənubdan şimala.
    Biz Murova, Dəlidağa, Hinala,
    Kəlbəcərin Himalayı deyirik.

    TUTUBDU

    Acısız şirin yox, şirinsiz acı,
    Təzadlı yoğrulub ömrün umacı.
    Dərənin düzü var, dağın yamacı,
    Ay zülmət gecəyə fanar tutubdu,
    Dünya əkslikdə qərar tutubdu.

    Zülmətlə işıqdı gündüzlə gecə,
    Göz ağı qaradan gərəkdir seçə.
    Nə dalan qalıbdı, nə də ki, küçə,
    Hərə bir tərəfdə divar tutubdu,
    Dünya əkslikdə qərar tutubdu.

    Qulluqçu yaşayır ağ gün, qul qara,
    Günü, güzaranı olub zil qara.
    Bəzi məmurların gözün pul-para,
    Fəhlənin əllərin qabar tutubdu,
    Dünya əkslikdə qərar tutubdu.

    Tərəzi gözudü insanın üzü,
    Qarışıq salmayın əyriylə düzü.
    Hər gün əvəzləyir gecə gündüzü,
    Xeyir-şər məclisi qatar tutubdu,
    Dünya əkslikdə qərar tutubdu

    Bəradər, hissləri içində boğma,
    Tər tökən ölməyir biçində, qorxma.
    Mənfiylə müsbətdi ögöylə doğma.
    Doğma var, ögeydən tumar tutubdu,
    Dünya əkslikdə qərar tutubdu.

    ÖMÜR VƏFASIZDI, ZAMAN AMAN AMANSIZ

    Zamanı geriyə çəkmək olsaydı,
    İndiki ağlımla dönərdim geri;
    İxtiyar çağımdan imtina edib,
    Gənclik illərimə verərdim yeri.

    Sağıma, soluma salardım nəzər,
    Haqdan-ədalətdən yazardım əsər.
    Hünər meydanında çalardım zəfər,
    Olardım ömrümün igid əsgəri.

    Günəşin yerini ay edən Allah,
    Buludu ağladıb çay edən Allah,
    Mənfini müsbətə tay edən Allah,
    Əkiz yaradıbdı xeyirlə şəri.

    Əlimlə itirdim gör neçə şansı,
    Sevinclə kədərldi yaşam balansı.
    Ömür vəfasızdı, zaman amansız,
    Soyuq arxivdədi gənclik illəri.

    Bürcüm tərəzidi, ilim ağ atdı
    Əyrilik, axsaqlıq ruhuma yaddı.
    Şairlik özü də bir istedaddı,
    Yaşadır, tanıdır söz Bəradəri.

    ƏLİNDƏDİ

    Bu azad həyatdı, bu can əzizim,
    Yaşamaq insanın öz əlindədi.
    Nədən narazısan, nədən razısan;
    Bilmirəm məqsədin gözəlim, nədi?

    Nə soyuq ötüşdü, nə isti bu yaz,
    Oldu yerbəyerdən fəslə etiraz.
    İndi yetərincə mövzu var, di yaz,
    Qələm barmağında, söz dilindədi.

    Ağac darandıqca qalır tər yeri,
    Yas üçün qurulur xeyir-şər yeri.
    Yoxsa ki, qurudur əlin hər yeri,
    Gör neçə bəd nəzər, göz əlindədi.

    Sözün qılıncdısa, özünsə qınsan,
    Axtarma özgədə günahı, sınsan.
    Bəşərin alisi yaranıb insan,
    Əyri nəfsindədi, düz əlindədir.

    Bəradər, ünvanın tapar söz indi,
    Çatınca ünvana bacar döz indi.
    İçindən yandırır odu köz indi,
    Ocaq içindədi, köz əlindədi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ