Roma Xosrov
Yadıma düşür
Uşaq vaxtı qoynunda böyüdüyüm,
Nənəmin ətiri yadıma düşür.
Təndirdən çıxardıb mənə verdiyi,
Pendirli fətiri yadıma düşür.
Örüşə getmişdik, bərk yağış yağdı,
Qəfil başım üstdə bir günəş doğdu,
Nə tez yağış kəsdi tez göyə baxdım,
Yaylıqdan çətiri yadıma düşür.
Qapımı açardı hər yeni ildə,
Heyif ki, yaşatmaq deyilmiş əldə,
O boyda kənddə, o boyda eldə,
Hörməti, xətiri yadıma düşür.
Torpaq altda cismidir birdənəmin,
O yaşayır, altındadır sinəmin,
Dərdlərimə sığal çəkən nənəmin,
Bu gün hər sətiri yadıma düşür.
