Sizin reklam burada
Sizin reklam burada
  • Oruc Dadaşi Elman


    Oruc Dadaşi Elman
    Cənubi Azərbaycan şairi

    NƏYİ YETMƏZ

    Ulduz gözünə, aylı cəmalın nəyi yetməz
    Eşqin günəşi nurlu kəmalın nəyi yetməz

    Məndən alahı duyğuya varsan, qəmə dallam
    Ey can, de görüm beylə xəyalın nəyi yetməz

    Məcnun dəli, Fərhad yaralı, sən daş ürəksən
    Yumşalmağa bir beylə misalın nəyi yetməz

    Bəxtimdə ürək təxtinə canan səni görrəm
    Sultanlıq üçün cahu cəlalın nəyi yetməz

    Bir damla sevincin meyi, bir şanlı görüşdən
    Dinc olmağa, könlümdə məlalın nəyi yetməz

    Heç kimsə ömür mülkünə sahib çıxa bilməz
    Səndən yaşanan bunca məcalın nəyi yetməz

    Gözlər məni ovsunlayıban xəttinə salmış
    Öldürməyə ol əyri hilalın nəyi yetməz

    Bir an yumulub, tez açılan gözdə, gözüm var
    Gizlin verilən hökmü həlalın nəyi yetməz

    Bir daşlı bulaqdan süzülən doğmalıq hissin
    Güllər qoxulu sevgi zülalın nəyi yetməz

    Bilsin hamı, canlarda olan canlı diləkdən
    Elman diləyən doğru Vüsalın nəyi yetməz

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ