Hicran Fuad Əhmədli
Gecələr gözünü dikib gözümə,
Onu yorduğumu səssiz söyləyir.
Dilindən tökülür giley-güzarı,
Qəzəbli baxışı imdad diləyir.
Tavandan asılıb çəkilən ahlar,
Edamı oxunur hər dərd gələndə.
Qatır qabağına divar sükutu,
Zülmətin içində sözün dinəndə.
Təbəssüm dodaqdan üzün çevirib,
Buluda qoşulub gözlərin bu gün.
Qoy yusun leysanda paka çıxartsın,
Zavallı günlərin görsün toy-düyün.
Qaranlıq gecəni ağlatma, Hicran,
Onun da dərdindən rəngi qaralıb.
Halı çox pərişan, gözləri üzgün,
Ağlayan hər gözdən o payın alıb.
