İlqar Həkim
Qürbətdəki Bayramın mübarək Ana !
Daha öyrənirəm dua etməyi
Surələr, ayələr bilirəm Ana.
Büküb əllərimi sıxıb qoynuma
Qibləni səcdəyə gəlirəm Ana.
Bu qış üşüdünmü- yerin buz kimi
Adında tamın var şəkər, duz kimi,
Yığıb yan- yörəni evimiz kimi
Səhmana salıram, silirəm Ana
Dəyişib içimdə təpərlərimi
Türbəndən salıram səfərlərimi.
Hər yaz darayıram çəpərlərini
Yanında - yörəndə gəzirəm Ana.
Gəzirəm yolunu, çıxışlarını
Dualı sözünü, alxışlarını
Kövrək gözlərində gözyaşlarını
Gözümdən içimə süzürəm Ana.
Boxçanı tökürlər evdə bacılar
Köhnə paltarından gül iyləyirəm.
Demişdin toxdaq dur qapı -bacada
Yalandan hamıya gülümsəyirəm.
Gələrdim yanına harayla, hayla
Bilməzdim kədəri, qubarı Ana
Daha yüklənirəm dərt dolu payla
Yollar yola salır İlqarı Ana .
