Sizin reklam burada
Sizin reklam burada
  • Sözün naxışı və ömrün sədası: "Qaytar məni gəncliyimə"

    Hüseyn İsaoğlu,
    yazıçı-publisist,
    AYB-nin və AJB-nin üzvü.

    Azərbaycan mətbuatının fədakar nümayəndəsi, tanınmış jurnalist və şair, "Atribut" qəzetinin və "atributinfo.az" saytının baş redaktoru Bəradər Səməndərlinin (Xanəliyev) bu günlərdə oxucularla görüşünə gələn "Qaytar məni gəncliyimə" adlı yeni şeirlər kitabı ədəbi mühitdə böyük rezonans doğurub. Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yüksək səviyyədə keçirilən təqdimat mərasimi bir daha sübut etdi ki, rəsmi mükafatlar üçün deyil, sözün nüfuzu və oxucu sevgisi üçün yaşayan sənətkarın yaradıcılığı xalqın qəlbində dərin kök salıb. 1966-cı ildə Saatlı rayonunun Mərzəli kəndində doğulan və taleyini erkən yaşlarından qələmə bağlayan müəllif, bu günə qədər altı fundamental kitabın (3 sənədli-publisistik, 3 poeziya nümunəsi) müəllifidir. Onun sayca altıncı olan bu yeni toplusu şairin yaradıcılığının kamil və yeni bir mərhələsini təşkil edir. Kitab nəfis tərtibatı ilə yanaşı, daxili məzmun zənginliyi, sadəliyi və insani duyğuları poetik dillə ifadə etmək məharəti ilə seçilir. İbrət və Cəmiyyət Realığı"Qaytar məni gəncliyimə" sadəcə keçmişə duyulan nostalji hisslərin toplusu deyil. Bu kitab — müasir cəmiyyətin mənəvi aşınmalarına, dəyişən dəyərlər sisteminə tutulmuş poetik bir güzgüdür. Müəllif şeirlərində fəlsəfi ümumiləşdirmələr aparır, insanları mənəvi saflığa və köklərə sadiq qalmağa çağırır. Kitabda yer alan "Deyirlər" şeirində şair müasir dövrün ağrılı tərəflərinə müraciət edərək yazır:

    Uşaq ağsaqqala dərs keçir, əfsus,
    Böyük danışanda demirlər ki, sus!
    Hər elin, mahalın özünəməxsus,
    Danışıq dilinə şivə deyirlər.

    Bu bənddə müəllif nəsillərarası əlaqənin qırılmasını, adət-ənənələrə, böyüklərə olan hörmətin azalmasını böyük ürək ağrısı ilə qeyd edir. "Uşağın ağsaqqala dərs keçməsi" təsviri dövrün mənəvi disbalansının (uyğunsuzluğun) ən bariz poetik ifadəsidir. Valideyn, övlad münasibətlərində şair cəmiyyətdəki riyakarlığı, formal xarakter daşıyan insanlığı kəskin şəkildə tənqid atəşinə tutur. Kitabın ən təsirli nümunələrindən biri olan "Qoyur" şeirində vurğulanan sətirlər hər bir oxucunu dərindən düşünməyə vadar edir:

    ...Sağkən, valideynə xor baxan övlad,
    Öləndə baş daşın mərmərdən qoyur.

    Müəllif burada insanın sağlığında görmədiyi diqqət və qayğının, o dünyasını dəyişdikdən sonra bahalı mərmər daşlarla əvəzlənməsinin heç bir mənəvi dəyər daşımadığını vurğulayır. Bu sətirlər oxucuya saxta göstərişlərdən uzaq durmağı, doğmaların qədrini vaxtında bilməyi aşılayan sarsıdıcı bir həqiqətdir.

    Nolar, böyük yaradanım,
    Qaytar məni gəncliyimə.
    Elə sanma bu dünyaya,
    Peşimanam gəldiyimə,
    Qaytar məni gəncliyimə.

    Təqdim etdiyim bu şeir parçası insanın keçmişə, itirilmiş gəncliyə olan həsrətini və tale ilə barışma fəlsəfəsini əks etdirir. Şair burada zamanın dönməzliyini, gənclik həsrətini və ömür yolunun çətinliklərini qeyd edir. İnsan həyatın bütün çətinliklərinə və ağrılarına baxmayaraq, yaşamaqdan peşman deyil, sadəcə gəncliyin enerjisini və hisslərini yenidən yaşamaq istəyir.

    Gecə-gündüz intizarla yol çəkən,
    Bəradərin gözüdür ki, gözüdür.

    Şair bu iki misrada klassik poeziyadakı "yolda qalan göz" obrazının müasir ifadəsidir. Müəllif öz adını (Bəradər) misraya daxil edərək, bu intizarın ümumi deyil, birbaşa özünün yaşadığı real və səmimi bir hiss olduğunu oxucuya çatdırır. Təkrarlanan "gözüdür ki, gözüdür" ifadəsi intizarın dərəcəsini və baxışların bir nöqtəyə necə zilləndiyini vurğulayır.
    Bəradər Səməndərlinin "Qaytar məni gəncliyimə" kitabı çağdaş Azərbaycan poeziyasına bədii keyfiyyəti yüksək, tərbiyəvi əhəmiyyəti böyük olan qiymətli bir töhfədir. Jurnalist peşəkarlığı ilə şair həssaslığının vəhdətindən doğan bu əsərlər hələ uzun illər oxucuların mənəvi yol yoldaşı olacaq, insanları saflığa, dürüstlüyə və səmimiyyətə səsləyəcəkdir.

















    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ