Sizin reklam burada
Sizin reklam burada
  • Fərhad Əsgərov (Ramizoğlu), Azərbaycan Yazıçılar Birliyinin üzvü: Samirin arzusu (hekayə)

    Fərhad Əsgərov (Ramizoğlu), Azərbaycan Yazıçılar Birliyinin üzvü: Samirin arzusu (hekayə) Növbəti yay tətilini Samir düşərgədə keçirirdi. Mavi Xəzərin sahili, isti qum, düşərgənin yaşıllıqla örtülmüş geniş ərazisi onun çox xoşuna gəlirdi. Burada xeyli uşaq dincəlirdi. Samir onlardan bir neçəsi ilə dostlaşmışdı. Elxanla isə dostluqları möhkəm idi. Onlar hər gün bir yerdə olurdular.
    Bir gün Samir ondan soruşdu:
    - Elxan, sən harada yaşayırsan?
    - Uşaq evində. Ailəmiz Xocalıda olurdu. Xocalını düşmənlərimiz dağıtdılar. Valideynlərim də, yaxın qohumlarımın bir neçəsi də həmin vaxt həlak oldular. O vaxt kimsə məni Bakıya, uşaq evinə gətirdi.
    Elxanın söhbəti Samiri mütəəssir etdi.
    - Elxan, gəl lap möhkəm dost olaq, - deyə Samir əlini ona uzatdı.
    Elxan da onun əlini sıxıb dedi:
    - Oldu, Samir. Biz həmişə bir-birimizə kömək edəcəyik.
    O gündən onların dostluğu daha da möhkəmləndi. Samirlə Elxan həmin gündən bir-birindən heç ayrılmadılar.
    Bir gün Samirin atası düşərgəyə gəldi. Samir atası ilə görüşdü. Atası soruşdu:
    - Hə, necədir buralar? Xoşuna gəlirmi? Darıxmırsan ki?
    - Yox, ata, darıxmıram. Burada çoxlu dostlarım var.
    Atası dedi:
    - Çox yaxşı, bir həftədən sonra gəlib səni evə aparacağam.
    - Atacan, olarmı Elxan da bizimlə getsin? – deyə Samir soruşdu.
    - Elxan kimdir?
    Fərhad Əsgərov (Ramizoğlu), Azərbaycan Yazıçılar Birliyinin üzvü: Samirin arzusu (hekayə) - Elxan mənim dostumdur, - deyə Samir atasına cavab verdi, - Xocalıdandır. Valideynləri müharibədə həlak olublar. Biz burada dostlaşmışıq.
    - Yaxşı, oğlum, - deyə atası razılaşdı. – Müəllimlərdən icazə alıb onu da evimizə qonaq apararıq.
    Bir həftə ötdü. Atası gəlib onları apardı.
    Elxan Samirgilin evində bir həftə qonaq qaldı. Onlar birlikdə oynadılar, axşamlar gəzintiyə çıxdılar.
    Dərslərin başlanmasına isə lap az qalırdı. Buna görə də Elxan uşaq evinə getməliydi. Onlar ayrılanda bir-birilərinə tez-tez görüşəcəklərini söylədilər.
    Dərslər başlamışdı. Elxan da, Samir də hərə öz oxuduqları məktəbə gedirdi.
    Elə ilk dərs günlərinin birində müəllim uşaqlardan xahiş etdi ki, hərə öz arzusu barədə danışsın, böyüyəndə hansı peşədə çalışacağı barədə məlumat versin.
    Şagirdlərin cavabları müxtəlif idi. Kimi həkim olub insanlara sağlamlıq bəxş edəcəyini, kimi müəllim olub uşaqlara bilik verəcəyini, kimi bağban olub ağac əkəcəyini bildirdi.
    Növbə Samirə çatdı. O, dedi:
    - Mən böyüyəndə əsgər olacağam.
    Müəllim əvvəlcə bir balaca təəccübləndi:
    - Əsgər olacaqsan?
    - Bəli, - deyə Samir qürurla cavab verdi. – Azərbaycan əsgəri. Mən torpaqlarımızı qoruyacağam. Çalışacağam ki, hər kəs öz evində rahat otura bilsin!
    Müəllim Samirin başını sığallayıb dedi:
    - Afərin, oğlum. Vətəni sevmək, onu qorumaq hamının borcudur. Ancaq unutma, yaxşı əsgər, yaxşı zabit olmaq üçün dərslərini yaxşı oxumalısan. Hərbçi peşəsi çox məsuliyyətli peşədir.
    İstirahət günlərində Samir atası ilə birlikdə uşaq evinə gedər, Elxanla görüşərdilər. Beləcə Samirlə Elxanın dostluğu ömürlük dostluğa çevrildi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ