QƏZƏL
Alıbdı ağlımı başdan fərağı Dilbərimin,
Gələydi bir kərə haqdan, sorağı Dilbərimin.
Fəzayi- eşqdəyəm, ruhumun səması odur,
Günəş doğan kimi parlar yanağı Dilbərimin.
Əsəndə badi- səba tellərim cəlalə dönür,
Toxunsa zülfümə hərdən darağı Dilbərimin.
Cahan vəfasız olub, qəmküsar gəlir, qayıdır,
Yanır- sönür yenə qəmdən çırağı Dilbərimin.
Məhəmmədin yoludur, Məkkədən keçən gecəsi,
Gedibdi Qüdsə o şimşək burağı Dilbərimin.
Yazan- pozan odur aləmdə hər kəsin ömrün,
Qələmlə sirdaş olubdur varağı Dilbərimin.
Uzandı Yar əli, Lilpar, fənanı tərk edəsən,
Qırılmasın, qoru, möhkəmdi bağı Dilbərimin.
