Sizin reklam burada
Sizin reklam burada
  • Anar Əhmədov - ŞEİRLƏR


    Anar Əhmədov
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
    “Əsgər” qəzetinin redaktoru, mayor

    YERİN FƏRYADI...

    Ölməsin təbiət, ölməsin həyat,
    Təbiət canlıdır, sən onu yaşat.
    Əgər öldürsəniz bu təbiəti,
    Əbədi yox edər bəşəriyyəti.

    Görəsən, bu nədir kəşf edib insan?
    Kütləvi məhv edib, yox edib qıran!
    Dünyanın sonunu yaxınlaşdıran,
    Qəlbinə sağalmaz yaralar vuran.

    Yanıb külə dönür gözəl meşələr,
    Quruyub yox olur çaylar və göllər.
    Nəsli tükənməkdə quşun, heyvanın,
    Niyə görmür bunu gözü insanın?

    Yaşamaq haqqıdır bil, təbiətin,
    Qorumaq borcudur bəşəriyyətin.
    Yoxsa ikisi də məhv olub gedər,
    Sonunda ağlayar, Yer fəryad edər.


    PARLAYAN GÜNƏŞ

    Parla ey Günəşim, əbədi parla,
    Səninlə göz açar ümid sabaha.
    Dünya hey dolanır başına sənin,
    Səninlə unudur kədərin, qəmin.

    Alışıb yanırsan, alovlanırsan,
    Qaranlıq dünyaya işıq saçırsan.
    Nə gəzəl yaradıb Yaradan səni,
    Həmişə parlaq ol, sevindir bizi.

    Donmuş dünyamızı canlandırırsan,
    Ruhuna yeni bir həyat qatırsan.
    Səninlə oyanır Ana təbiət,
    Səndən qüvvət alır bu bəşəriyyət.

    Sönməsin heç zaman qoy Günəşimiz,
    Onunla isinsin daim qəlbimiz.
    Hər zaman nur saçsın o, dünyamıza,
    Bol sevinc gətirsin həyatımıza.


    DÜNYADA OLMASA MÜHARİBƏLƏR

    Əbədi yox olar üzdə qəm, kədər,
    İnsan xoşbəxt olar, gülər, sevinər.
    Cəhənnəm çevrilib cənnətə dönər,
    Dünyada olmasa müharibələr.

    Yaddaşdan silinməz xoş xatirələr,
    O doğma, o əziz kəndlər, şəhərlər.
    Qaçqınlıq, köçkünlük bir halda bitər,
    Dünyada olmasa müharibələr.

    Bu ağrı-acılar nə zaman bitər?
    Qanlı soyqırımlar və faciələr.
    Mənfur əməllərin kökü kəsilər,
    Dünyada olmasa müharibələr.

    Yenidən gur yanar sönən ocaqlar,
    Atasız, anasız qalmaz uşaqlar.
    İnsanlar firavan bir ömür sürər,
    Dünyada olmasa müharibələr.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ