Sizin reklam burada
Sizin reklam burada
  • Lilpar Cəmşidqızı - QƏZƏLLƏR


    Lilpar Cəmşidqızı

    QƏZƏL

    Cahil düşünməyir quru şöhrət gəlir, gedir,
    İnsanı aldadır belə sərvət gəlir, gedir.

    Sünbül dənin tökür yerə, torpaq da bəsləyir,
    Bir gün bəyaz düşür telə, zəhmət gəlir, gedir.

    Ömrün yolunda daş-kəsək olmaz, dağıtmasan,
    Allah verəndə bəndəyə qismət, gəlir, gedir.

    Hər kəs cahanda bir kərə mehmandır, anlasın,
    Cənnət görən bilir kimə rəhmət gəlir, gedir.

    Sevda yolunda çoxdu məhəbbətlə oynayan,
    Eşqin həvası bitməsə, vüslət gəlir, gedir.

    Yarın xətası könlümə qəm-qüssə doldurub,
    Dözsəm nə qədri möhnətə, zillət gəlir, gedir.

    Lilpar, inanma sevgiyə, qəlbində saxlama,
    Axşam düşəndə yar sizə xəlvət gəlir, gedir.

    QƏZƏL

    Bir gün qayıtsa yar, görəcək, harda qalmışam,
    Çəkdikcə zülmü, zilləti çox darda qalmışam.

    Hicran bulud tökən dolutək döydü ömrümü,
    Rüzgar əsəndə gəldi boran, qarda qalmışam.

    Tərlan xəyalımın qanadından vurulmuşam,
    Bir namə yazmışam ona, talvarda qalmışam.

    Bülbül salıbdı meylini hər dəm çiçəklərə,
    Canan deyəndə aşiqə, gülzarda qalmışam.

    Şirvan şikəstəsində qəmin çoxdu naləsi,
    Əldən düşəndə köhnə qaval, tarda qalmışam.

    Zülmət çəkilsə, yerdə bir aləm parıldayar,
    Doğmur nədən şəfəq yenə, bulvarda qalmışam?

    Lilpar küsəndə dərdini qəlbində saxlayır,
    Hərdən deyir, yığıb qəmi, qəmxarda qalmışam.

    QƏZƏL

    Tanrı, gözəl günlərim hardadı, mən şad olum?
    Köksümə sığmır bu can, qoyma ki, bərbad olum.

    Ömrə xəzan fəslinin rəngini göndərmisən,
    Doldu könül dəmbədəm, yağmadı gürşad olum.

    Dağə çıxıb, düşməmiş zirvəni göstərmisən,
    Amma nədən vermədin tişəni, Fərhad olum?

    Qüssə, kədər yollayıb, çöhrəmi güldürmüsən,
    Gül səpilən yerdəyəm, eşq ilə abad olum.

    Yolda keşik çəkməyir çoxdan ayaq izlərim,
    Sildi yağış, qar, boran qıymadı, cəllad olum.

    Çəkdi qələm qaşlarım gözlərimin həsrətin,
    Ox çıxarıb kirpiyim vurmadı, səyyad olum.

    Şe'rdə çox kəm-kəsir olmadı, Cəmşidqızı,
    İstəmişəm hər zaman, yaxşı bir ustad olum.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ