Bəradər Səməndərli
MƏKANA DÖNÜR
Pul-para, dövlət ilə təkəbbürlük eyləyənlər,
Gün gəlir, tərk eləyir sərvəti, məkana dönür.
Oğrular, əyirlər artdıqca cəmiyyət pozulur,
Bunun da, aqibəti türmədi, məkana dönür.
Qəlb qıran, ev dağıdan üzü qara köçüb gedir,
Oxunmur arxasınca rəhməti, məkana dönür.
Eyş-işrətə uyub, zina ömrü sürənlərin,
Aparır cəhənnəmə şəhvəti, məkana dönür.
Elinə xor baxanın evində rahatlığı yox,
Yarasa mənşəlidir, xəlvəti məkana dönür.
Bəzi nadanlardan yaxşıdı heyvan-qaralar,
Köyşəni tərk edəndə hər nədi, məkana dönür.
Yan ötə bilməyibdi ölüm badəsindən heç kəs,
Səfər zamanı içir "şərbət"i, məkana dönür.
Bəradər təqva ilə dünyanı tərk eyləyəcək,
Deyəcəklər, qazanıb cənnəti, məkana dönür.
DÜŞMƏ
Qəm cücərir saçaq-saçaq,
Doğru rəzil, oğru qoçaq.
Əl uzadan olmayacaq,
Çalıs burulğana düşmə.
Bu gülşəndi, üz gül, iylə,
Müdrikləşər söz biliylə.
Xətakarla öz dililə
Danış, nahaq qana düsmə.
Uralanan bostan olar,
Sıralanan ad-san olar.
El qınağı dastan olar;
"Nağıl"a, "dastan"a düsmə.
Yaxşı ad qoy, izin olsun,
Elə yan ki, közün olsun.
Bir sözün, bir üzün olsun,
Gündə dondan-dona düşmə.
Səməndərli, ötür yaş da,
Ağarıb, tökülüb saç da.
Dağılacaq dost-tanış da,
Sonuncu imkana düşmə.
YENİDƏN HƏYATA GƏLƏN DEYİLƏM
Düşünmə, gün batır, qaranlıq düşür,
Gecəyə nur saçan ayım var mənim.
Payıza dönsə də ömrün qatarı,
Hələ yaşanmayan yayım var mənim.
Bu ömrü səninlə bölən deyiləm,
Ölsən də, indidən ölən deyiləm.
Yenidən həyata gələn deyiləm,
Tanrıdan bir ömür payım var mənim.
Biz nələr adladıq, geriyə baxsan...
Bəradər yaşlaşıb, sənsə "uşaq"san.
Çıraqla axtarsan, tapmayacaqsan,
Məgər bu dünyada tayım var mənim?
