Sizin reklam burada
Sizin reklam burada
  • MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN


    MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN
    Vahid Əziz – 80

    Dost sədaqəti: Professor Vidadi Orucov təqdim edir



    Mənə yüz il ömür arzulamayın,
    Payız yarpağıtək qovmasın külək,
    Gözlərim görsə də, ayağım, əlim,
    Əsalıq olanda dayansın ürək.

    Mənə “Yüz il yaşa!” deməsin dostlar,
    Gülüşüm, yerişim, səsim itməsin.
    Məndən cavan olan, gümrah olanlar,
    Çiynimdə dünyadan köçüb getməsin.

    Mənə yüz il ömür arzulamayın;
    Bu qədər yaşayan hansı çiçəkdir?
    Sən yaşda qalmırsa tay-tuşun, tayın;
    Qurdla qiyamətə qalmaq deməkdir.

    Mənə elə ömür arzulayın ki,
    Ölüncə ümmantək çağlaya bilim.
    Qapı-pəncərəni öz evimdəki
    Özüm aça bilim, bağlaya bilim.

    Sağlıqlar deyəndə hərdən şənimə –
    Nə özüm kövrəlim, nə sizə gülüm.
    Tanrıdan bir ömür diləyin mənə,
    Hər vaxt sevə bilim, sevilə bilim.

    Taleyim sevgiylə baxsın üzümə;
    Görsün yad payına şərik deyiləm.
    Gərək olmayanda özüm-özümə,
    Deməli, heç kəsə gərək deyiləm!

    Mənə yüz il ömür arzulamayın,
    Ləyaqət, təmiz ad atıb getməsin.
    Dünyaya qalacaq malı dünyanın,
    Karvanım lənətə batıb getməsin!
    Mənə yüz il ömür arzulamayın…

    Vahid Əziz
    Xalq şairi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ