Sizin reklam burada
Sizin reklam burada
  • Paralellər axtaranda... tapılır, yaxud müasirimizin yaratdığı dastan və nağıl

    Paralellər axtaranda... tapılır, yaxud müasirimizin yaratdığı dastan və nağıl
    Bəri başdan deyim ki, “Kitabi-Dədə Qorqud” əsərindən sonra oxuduğum çoxsaylı kitablardan ancaq birinin adında həmin ənənənin yaşadığını görmüşəm: “Şəmsiyyənin kitabı”. Bu, sərlövhədəki dastan eyhamının təsdiqi.
    İkinci, institutu bitirdikdən sonra bir neçə il müəllim işlədim. Sonra mərhum Elşad Quliyevin təsis etdiyi, rəhmətlik Nahid Hacızadənin redaktorluğu ilə ərsəyə gələn “Dalğa” qəzetində işləməli oldum. Elə ilk günlərdəcə Nahid müəllim soruşdu ki, indiyədək haralarda çalışmısan? Kolxozda mexanizator, neft mədənlərində fəhlə və peşə məktəbində müəllim işlədiyimi dedim. Nahid müəllim gülümsündü: “Mətbatımızda əvvəllər mexanizator işləmiş bir xanım var. O, çox sürətlə məşhurlaşdı. Sən də çalış, həmin faktı ənənəyə çevir”.
    Mən o xanımın kim olduğunu soruşanda Nahid müəllim həmin sualı öz müavini Ələkbər Abbasova verdi:
    - Ələkbər, xeyli müddət əvvəl “Azərbaycan gəncləri” qəzetində verilmiş “Çərkəz qızı Tellinin nağılı” oçerkini yazan qızın adı nə idi?”
    Ələkbər müəllim dedi:
    - Şəmsiyyə Kərimova. Bərdədə mexanizator işləmişdi.
    Bu isə müasirimizin nağıl yaratması barədəki fikrimizin sübutu.
    ...Həmkarlarımızdan biri mənə dedi ki, Şəmsiyyə Kərimova haqqında hazırlanan kitaba sən də bir neçə kəlmə yazsan, yaxşı olar. Söz verdim ki, yazaram. Amma nədən başlayaq ki, qələmə aldığımız sətirlər çoxsaylı həmkarlarımızın da, oxucuların da yaxşı tanıdığı bu xanım haqqında indiyədək deyilənlərin təkrarı olmasın.
    Yaxşı ki, nədən başlamağı müəyyən etmək üçün o qədər də fikirləşməyə ehtiyac olmadı. Çünki geridə qalan illərin mənə verdiyi dərslərin hamısı yadımdadır.
    ...Yadımdadır, orta məktəbin son illərində bizə dil-ədəbiyyat fənlərini tədris edən Adilə xanım müasir romanlar haqqında danışanda maraqlı fikirlər səsləndirirdi. Bir dəfə demişdi ki, həmin əsərləri oxuyun və qəhrəmanların xarakteri ilə öz xarakteriniz arasında oxşarlıq, paralellər axtarın: “O zaman həm əsəri yaxşı öyrənəcəksiniz, həm də həmin mütaliə öz xarakterinizin formalaşmasına kömək edəcək”.
    Mən iyirminci əsr Azərbaycan romanlarının bir çoxunu oxuyandan sonra özümü Mehdi Hüseynin “Abşeron” romanının əsas surətlərindən olan neftçi Tahirlə müqayisə etmişdim. İş elə gətirdi ki, sonralar özüm də neftçi oldum və həmin illərin hər addımında Tahirə oxşamağa çalışırdım.
    Mətbuata gələndən sonra isə məhz ustadım Nahid Hacızadənin yarızarafat, yarıciddi dediyi “Sən də Şəmsiyyənin nümunəsini ənənəyə çevirməyə çalış” tövsiyəsini yerinə yetirməyə çalışdım və nail oldum. Əslində, bunu etməyə də bilməzdim. Çünki səksəninci illərin sonlarında ölkənin ən çox tanınan iki qələm sahibi Şəmsiyyə xanımın bir yazısını nümunə göstərmişdi. Doğrudur, Şəmsiyyə yaşca məndən kiçik olduğuna görə onun istehsalatda və mətbuatdakı fəaliyyətini bayraq etdiyimi heç zaman, heç yerdə dilə gətirmədim. Deyəsən, bunun da öz vaxtı var imiş. Amma bir dəfə sosial şəbəkədə bu xanım haqqında yazanda “Mənə bir köynək yaxın həmkarım” ifadəsini işlətmişdim.
    O ki, qaldı rəhmətlik Adilə müəllimənin “Əsər qəhrəmanlarının xarakteri ilə özünüz arasında paralellər axtarın!” tapşırığına, deyə bilərəm ki, Şəmsiyyə xanımın xarakteri ilə mənim xarakterim arasında paralellər istənilən qədərdir.
    Birinci paraleli xatırlatdım. Bəlkə də dünyanın ən ağır peşəsi olan kolxoz mexanizatoru vəzifəsindən ayrılaraq ali təhsil almaq, qarşıya qoyulan məqsədlərə nail olmaq hər oğulun işi deyil. Bunu biz bacarmışıq.
    İkinci paralel. Bizim ikimiz də mətbuata küy-kələklə gəlmiş, qohumu, dayısı hesabına, yaxud hansısa tapşırıqla, hansısa “ənənəvi yolla” – sürətlə irəli çəkilənlərdən deyilik. Ancaq Əlahəzrət Haqq həmişə bizim yanımızda olub. Nail olduqlarımıza min bərəkət! Mətbuatın 130 illiyində mən fəxri ada layiq görülmüşəm, 135 illiyində isə o.
    Üçüncü paralel. Mən Şəmsiyyənin bütün yazılarını olmasa da, çox yazısını oxumuşam. Onun qələmi heç zaman kimisə asıb-kəsmək, kimlərisə təhqir və ya şantaj etmək üçün işləməyib. Həmişə başının üstündə Allah olub, qələminin ucunda ədalət. Halbuki Azərbaycan mətbuatında təhqir, təhdid, şantaj və qarayaxmaları bayraq etmiş xanım həmkarlarımız istənilən qədər olub, indi də var. Şəmsiyyə Musaqızı isə heç zaman özünün, atasının, nəslinin, çalışdığı kollektivin, Tovuz elinin ünvanına pis fikir səsləndirilməsinə imkan verməyib.
    Özüm haqqında bunları deməsəm də, haqq naminə söyləməliyəm ki, bu istiqamətdə də paralellərimiz istənilən qədərdir.
    Dördüncü paralel. Bizim ikimiz də nə zamansa “dəli olduğumuzu” etiraf etmişik. Yadımdadır, “Xalq qəzeti”nin 5 may 2024-cü il tarixli nömrəsində Əməkdar jurnalist Məsaim Abdullayevin “Dəli olmayanın heç ağlı yoxdur” (foto ilə birlikdə verilmiş) adlı kiçik bir yazısını oxumuşdum. Orada deyilirdi: “Bu fotonu və misraları “fb”də dostum, tanınmış jurnalist Şəmsiyyə Kərimova paylaşıb. Onu yaxından tanıyanlar bilirlər ki, Şəmsiyyə xanım şən, nikbin və həyatsevər insandır. Görünür, qəlbindəki pozitiv hiss və duyğuları sosial şəbəkələrdə insanlarla paylaşmaq, hər kəsə, hamıya sevinc bəxş etmək istəyir. Gözəl arzudur, deyilmi?!
    İndi oxuyacağınız bənddə isə Şəmsiyyə xanım sevginin məhz kövrək, emosional bir hiss olduğunu qabartmaq istəyib. Bununla da, sevgiyə hədd qoymağın mümkünsüz olduğunu demək istəyib:
    Deyirsən dəliyəm, sən deyən olsun,
    Mənsiz də dünyada ağıllı çoxdur,
    Dünya belə gəlib, belə gedirsə,
    Dəli olmayanın heç ağlı yoxdur”.
    İndi isə mənim dəliliyimi etiraf etdiyim sətirlər:
    “Dünya bazar meydanıdır
    Dünya bazar meydanıdır,
    Mən də itmiş bir uşaq.
    Gözümdə dünya boydadır,
    Səksəndiyim künc-bucaq.

    Soruşurlar, adım nədir,
    Haralıyam? Danışmıram.
    Heyrət yüklü gözlərimdən
    Yaş da çıxmır bircə qram.

    Danışmıram. Adamlardan
    məni dəli biləni var.
    Geyindiyim təlaşımı
    Qorxu bilib güləni var.

    Danışmıram. Danışmasam –
    Kim biləcək səsim nədir?
    Kim biləcək marağım nə,
    Bazarda həvəsim nədir?

    Danışmıram. Bu bazarda –
    Yoxdu bir nəfər tanışım.
    Haray çəkir alverçilər,
    Mən necə dinim, danışım?
    1996-cı il”.
    Şeir 2015-ci il mayın 10-da “525-ci qəzet”də verilmişdir.
    Beşinci paralel. 2019-2020-ci illərdə dünya iqtisadiyyatına sarsıdıcı zərbələr vuran, yüz minlərlə insanın ölümünə səbəb olan, sənaye, istehsal müəssisələrinin fəaliyyətinin dayandırılmasını və insanların evdə qalmasını tələb edən (etdirən) koronavirus pandemiyası dövründə az qala hər gün bir ağır xəbər eşidirdik. Demək olar ki, bütün jurnalistlərin qələmi göz yaşı tökürdü. Şəmsiyyə Musaqızının qələmi isə həmin ağır günlərdə də nikbin idi. Bu xanım “Sabun, su və yalnızlıq...” adlı orijinal sətirlərdə (“Olaylar qəzeti”, 5 aprel 2020-ci il) yazırdı:
    “Havadakı bütün uçaqlar quş kimi yerə endi...
    Otellər bağlandı,
    Ən böyük Turizm yeri xəstəxanaya çevrildi...
    Oyunlar təxirə düşdü...
    Bir neçə insanın bir arada olacağı hər şey qısaldıldı...
    Məktəblər bağlı...
    Qatarlar durdu, yollar boşaldı...
    Neft sudan dəyərsiz oldu...
    Kəbə qapılarını qapadı, Kəbə...
    Kimin gücü yetərdi buna?...
    Toplantılar, satışlar, toylar, təntənələr hamısı ləğv olundu...
    Ölsən, cənazənə gələcək insan tapa bilməzsən...
    “Turist axını olacaq, bazarı artıraq” deyərkən,
    turist gəlməsin deyə bütün uçuşları dayandırdılar...
    Hər şey yalan oldu, dostlar...
    Axşam əynindən çıxardığın paltarın düşmənin kimi...
    Ananı öpərkən düşünürsən...
    Yeni dostların var artıq; sabun, su və yalnızlıq...
    Artıq pəncərədən baxırıq həyata...
    Dini, dili, irqi, məmləkəti fərq etmir,
    ilk dəfə eyni gəmidə, sürətlə bir-birimizə doğru gedirik....
    Yaşayarıqsa, görəcəyik...”
    Yaşadıq, Allaha şükür!
    Mən isə həmin il martın 30-da facebookda İlqar Həsənova məktub göndərmişdim.
    İLQAR HƏSƏN, EVDƏSƏNSƏ... EVDƏ QAL
    (Virusnamə)
    Musa oğlu, dünyamız nə gündədir?
    Milyonlarla beyin duman, çəndədir.
    Dağ da, daş da hərə öz evindədir –
    Hələ cavabsız qalıbdı çox sual,
    Əgər indi evdəsənsə... evdə qal.

    ***
    Avropanı cilovlayan dərdi gör,
    Asiyanı yandıran namərdi gör,
    Bəxti sönən yüz mini gör, fərdi gör –
    Kim öləcək, kim qalacaq, bilinmir,
    Allah silməsə, siyahı silinmir.
    ***
    Madrid ölür, yatır sanki komada –
    Tabutların sayı yoxdur Romada.
    Ərəb çöldə qalır – qumlu komada
    Evdə qalır Kreml də, Ağ ev də,
    Dözməlisən, Xoşqədəmə bax, evdə.
    ***
    Diqqət elə səbrdəki hikmətə,
    Zəng eləmə Mehdi, Səməd, Hikmətə.
    İş qalıbdı həkimlərə, hök(u)mətə
    Nəcəfxanlı Əliyə bir zəng elə,
    Deyin-gülün telefonla, zəng ilə.
    ***
    Gülhüseyn dərdi almır eyninə,
    İnamdan ağ libas geyib əyninə.
    Rəhman Orxan dağ götürüb çiyninə --
    Çox dostların bərkdə-boşda sınanır,
    Rəşad Məcid “qələbəyə” inanır.
    ***
    Yəqin belə yazılıbmış bu yazı –
    Gördük, amma yaşamadıq bu yazı.
    Səsi gəlmir, danışmır Bəşirqızı
    Yəqin gedib, Tovuzda, məclisdədi,
    O da, o gün hökmü göydən istədi.
    ***
    Nə bəladır, nə virusdur, bilmirəm,
    Kosinusdur, ya sinusdur, bilmirəm.
    Çöldə gəzən çinli, rusdu, bilmirəm—
    Tapılınca dərdimizin çarası,
    Evdə gəzək – mətbəx, masa arası.
    30 mart 2020-ci il,
    Bayıl buxtası”.
    Nə isə. Paralellər o qədərdi ki... Hər halda, biz – Şəmsiyyə Kərimova və İttifaq Mirzəbəyli – bacı-qardaş beləyik. Yeni kitab da, yeni yaş da mübarəkdir!

    İttifaq Mirzəbəyli,
    Əməkdar jurnalist








    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ