İlqar Həkim
Ruzigarım soyuyub
Gərək görüşməyəydik
Yolların çarpazında .
Payız bizə tez gəldi
Ömrün erkən yazında.
O vaxtdan dəyişməyib
Gözündəki görnüşüm .
Sağ ol, gözdən salmadın,
İzin ver, özüm düşüm.
Ümidlər yumaq-yumaq,
Könlüm qırış-qırışdır.
Ruzigarım soyuyub,
Fəslimin dördü qışdır .
Nə sən o zərif çiçək,
Nə mən çəmən olmaram.
Nə sən əvvəlki sənəm,
Nə mən həmən olmaram.
Taleyimə isnişib,
Dünya zərdi, sevmişəm.
Hey atmışam dərd düşüb,
Mən də dərdi sevmişəm.
İncidir məni
İstədim səni unudum,
Qüssəni içimdə udum.
Neynim, üzündə buludun,
Çənin də incidir məni.
Köksünü kədər sarıyıb,
Gözündə həsrət qarıyıb.
Çeşmədən suyun quruyub,
Nəmin də incidir məni!
Hanı mənə yüz ərk edən
Könlümü gözdən dərk edən.
Şirin çöhrəni tərk edən,
Şənin də incidir məni.
Billur sular döndü lilə
Lil çiləndi solan gülə.
Yaxında olmasan belə
Genin də incidir məni.
Düyündü dünyanın simi
Açılmır bağlı tilsimi.
Dərdinə həmdəmin kimi,
Kəmin də incidir məni
Mən kənddən çixanda..
Mən kənddən çıxanda qatarla çıxdım,
Qatarlar yol aldı üfüqə sarı.
Bir az da təlaşla, qübarla çıxdım,
Başladı ömrümün dəmir yolları !
Uşaq arzuların qəmi, qayğısı,
İstəyi, sevgisi səfərdə qaldı.
Qatar-qatar olan gənclik duyğusu
Aşdığım hasarda, çəpərdə qaldı !
Fit səsi eşitdim ruh avazıdan,
Qatarlar uzanıb, uzağa döndü.
Bir uşaq apardı Qarayazıdan
O uşaq ömürlük qaçağa döndü !
Məni qatar ilə apardı yollar,
Daha o qatardan düşüb gəlirəm.
Nələr öyrənmişəm, nələr yollarda,
Yolların dərsində bişib gəlirəm !
Qatardan - qatara qaçaq olmuşam
Qəhərdən kövrələn uşaq olmuşam,
Deyəsən, özümdən uzaq olmuşam,
Getdiyim izimə düşüb gəlirəm!
Peşiman dönmürəm getdiyim yoldan,
Görənlər deməsin çaşıb gəlirəm.
Keçilməz zirvədən, aşılmaz yaldan,
Gördüyüm dağları aşıb gəlirəm!
Ruhuma bir qatar dərd düşüb ana,
Rüzgar yolumdan sərt düşüb ana,
Yadıma o köhnə yurd düşüb ana,
Çağlayıb, məcramı daşıb gəlirəm !
