Sizin reklam burada
Sizin reklam burada
  • Yubilyar haqqında bir neçə söz

    Şərafəddin İlkin söz xridarı olmaqla yanaşı, həm də dost xridarıdır.

    Ədəbiyyat sahilsiz, sərhədsiz elmdir. Onun dərinliyinə vardıqca əzəmətini dərk edirik. Hər kəsi öz ağuşuna alaraq, çox az adamı buradan kamil çıxarır. Bədii aləm insan ömrünü uzadan, sağlam edən ilahi nemətdir. Bədii ədəbiyyatla tanış olmayan, oxuyub sevməyən insan kasıb və məğlubdur. O ürəkdən gələn elmdir. Ürəklə qidalanır və oradan bulaq kimi süzülür. Bədii aləm ürəklə yaşayır, dayanması ilə də sona yetir. Küləyin səsini, suyun şırıltısını, ildırımın çaxmasını və s. təbiət gözəlliklərini bizə sevdirən ədəbiyyatdır.
    Şairlik bir başqa aləmdir. Sonu bilinməyən ümmandır. Daxilində böyük söz xəzinəsi olan insandır. Şairlərə İlahidən bir qüvvə verilir. Bu qüvvə onlara ilham, həvəs verərək ümidlər yaradır. Şair olmaq asan deyil. Bu sənət böyük sənətdir. Hər insan şair ola bilməz. Şairi böyük bir rəssama bənzədirəm. Rəssam hansısa bir gözəlliyi görür və onu cansız təsvir edir. Şair gözəlliyi görür və onu sözlə canlandırır. Gözlə görünən gözəllik daha ifadəli olur, daha cəlbedici xarakter daşıyır. Çünki onu bir şair canlandırır. Şair düşünür və bunu qələmə alır. Şairi bir müəllimə də bənzədirəm. Çünki qarşısındakı şagirdi, tələbəni müəllimdən daha yaxşı heç kim tanıya bilməz. Şairlik də belədir. Əgər insanda şairlik ruhu varsa, ətraf mühiti ondan yaxşı heç kim dərk edib qələmə ala bilməz. Onun daxilini, xaricini yalnız şair ruhu canlandıra bilər.
    Poeziya insanı, təbiəti, aləmi insana sevdirən ədəbiyyatın tərkib hissəsidir. Bu sevgi hardan qaynaqlanır? Poeziya öz qüdrətini torpaqdan, qandanmı alır? Bu suallar hələ də mübahisə obyektidir. Danılmaz həqiqətdir ki, dağlar, qayalar, çaylar və s. təbiət gözəllikləri poeziyanın yaranma mənbəyidir. Bunlar şairə ilham verir. Suyun səsi, güllərin xoş ətri, dağların uca zirvəsi və s. kimi duyğular insanı yazmağa səsləyir.
    Ayla gecə, Günəşlə gündüz, bülbüllə gül qovuşduğu kimi, söz də öz qiymətinə ədəbiyyatda qovuşur. Ana ilə balanı, gecə ilə gündüzü, yerlə göyü ayırmaq mümkün olmadığı kimi, sözü də ədəbiyyatdan ayırmaq olmaz. Çünki ədəbiyyat söz üzərində bərqərar olub. Qiymətli söz, yazarı əbədiləşdirir. Bu isə hər yazara qismət olmur.
    Bu gün ədəbi cəmiyyətimizi ruhu, qəlbi, idrakı, təfəkkürü, özünəməxsus poeziyası ilə layiqincə təmsil edən dostum-qardaşım Şərafəddin İlkin məhz bu qəbil yazarlarımızdandır. 30 ildir ki, tanıdığım və dostluq etdiyim bu insan barəsində geniş tanıtım yazmağa lüzum duymuram ona görə ki, Şərafəddin kompleks formada keyfiyyət nümunəsi olaraq özünü təsdiq etmişdir.
    Şərafəddin İlkin nümunəvi ailə başçısı, qayğıkeş babadır. O, eyni zamanda nəğməkar şair olaraq incəsənətin, musiqinin içindədir. Şərafəddin təkcə söz xridar deyil, həm də dost xridarıdır; həyatdan qazancı ailəsi, ovladları, nəvəsi Narin və çoxsayli dostlarıdır.
    Ulularımız demişdir:
    "Dostlar, özümüz üçün seçdiyimiz bir ailədir."
    "İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz."
    Soruşurlar: "qardaşını tanıyırsanmı", deyir, "yoldaşlıq etməmişəm"
    Şərafəddinlə dostluq etmək, yol yoldaşı olmaq, həmsöhbət olmaq adamın ruhunu təzələyir, yorğunluğunu çıxarır, qəmini-kədərini unutdurur. Dili şeirlə, sənətlə, yumorla açılan bu adamın maraqlı məzhəkəli, yeknəsəklikdən uzaq pozutiv danışığı, söylədiyi lətifələri, ibrətamiz aforizmləri fenomen yaddaşından süzülən nostalji hadisələrə obrazlı baxışı sadə, nümunəvi, xarizmatik xüsusiyyətinin teoremidir.
    Şərafəddinlə bürclərimiz fərqli olsa da, hər ikimiz payızda-oktyabr ayında dünyaya vəsiqə almışıq. Bəlkə də onunla dostluğumuzun qırılmaz telləri poetik duyum, düşuncə, duyğularla yanaşı, həm də payız kövrəkliyindən keçir. Bu hal özünü hiss və duyğularımızın, təfəkkür və təxəyyülumüzün bir çox hallarda üst-üstə düşdüyünü şeir yaradıcılığımızda da göstərir:

    Bir payız günundə gəldin dünyaya
    Bəradər, sığmayır dərdin dünyaya.
    Elə ki, əlvida dedin dünyaya,
    Unudur adamı əhli-əyalı.

    Şərafəddin İlkin isə yazır:

    Payızda doğulmuşam,
    Bənzəyirəm payıza.
    Kömür bəxtim qoymadı
    Talehimə gün sıza.

    Payıztək dəli-dolu,
    Payız kimi kovrəyəm.
    Qəlbim qəm yuvasıdı,
    Nalələr ötən neyəm.

    Payız buludu kimi
    Dolub, boşalmağım var.
    Payızın bircə dərdi,
    Mənim milyon dağım var.

    Xəzan vurub ömrümün
    Bağçasını, bağını.
    Boş yerə əritmişəm
    Ürəyimin yağını.

    ... Qızıl payız deyirlər,
    Xəzəlləri naxşıdı.
    Boranlı, qarlı qışdan
    Elə payız yaxşıdı.

    Əslində şair dostum bu şeirində payızı dərdlərinin təsəllisi, ömür təqviminin başlanğıcı kimi tərənnüm edir və bu mənada payızin gəlişinə yazın gəlişi qədər doğmalaşır.

    Qısa tanıtma

    Şərafəddin İlkin (Həsənov Şərafəddin Sudeyf oğlu) 29 oktyabr 1965-ci ildə Masallı rayonun Bədəlan kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Neft-Kimya texnikumuna daxil olub. 1983–1985-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1987-ci ildə texnikumu bitirdikdən sonra Masallı 1 nömrəli çay fabrikində əmək fəaliyyətinə başlamışdır. Qiyabi təhsilini Azərbaycan Pedaqoji Universitetində davam etmişdir. 1993-cü ildən mətbuatda çalışır. "Vaxt", "Həyat", "Ekologiya", "And", "Azərbaycan müəllimi" qəzetlərində, "Azərbaycan təbiəti" və "Orta təhsil" jurnallarında işləmişdir.
    Bədii yaradıcılıqla orta məktəb illərindən məşğuldur.
    "Göz gözə yalan deməz", "Gözlərinə de ki..." "Mən səndən küsmədim ki", "Aç qapını gəl də, qardaş", "Sevgidən yazır qələm" şeirlər kitabının, yüzdən çox populyar mahnının müəllifidir.
    Şair-publisist Şəarafəddin İlkin Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatıdır 2020-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür. Ailəlidir. Bir qızı, bir oğlu, bir nəvəsi var. Həyat yoldaşı və oğlu Ali təhsilli müəllim, qızı həkimdir.

    Bu günlər Şərafələddin İlkinin 60 yaşı tamam olur. Hamılıqla yubileyini qeyd edəcəyimiz şair dostumu bağrıma basır, ürəkdən təbrik edir, ona uca Yaradandan möhkəm can sağlığı, bərəkətli, səmərəli və daha dərin mənalı yaradıcı ömür arzulayıram!

    Bəradər Səməndərli
    "Atribut" qəzetinin və "atributinfo.az" saytının baş redaktoru,
    AYB, AJB və Azərbaycan Ziyalılar Birliyinin üzvü




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ