O gün zəlzələli qoca aləmə,
İlyas Yusif oğlu göz açıb baxmış.
Göygöllə Nizami yurda sən demə,
Həmin bir gün şöhrət yaranacaqmış.
Şair zəlzələnin baş verməsi ilə Nizami Gəncəvinin doğumunu, tarixi həqiqəti simvolizə edərək, eyni tarixə aid hadisə kimi təqdim edib, bunu da bir təsadüf kimi qəbul etmir, bu hadisələri inqilab adlandırır:
İnqilab olurmuş təbiətdə də,
Bu təsadüf deyil, haqq-hesab idi.
Göygöllə Nizami həqiqətdə də,
Yurdumda birinci inqilab idi.
Həqiqətən də, ulu Tanrının iradəsi ilə zəlzələ Azərbaycanın gözəl guşəsində yeni bir əsrarəngiz gözəllik yaratdısa, Nizami Gəncəvinin dühasının parlaması ilə İntibah ədəbiyyatının əsası qoyuldu ki, Əliağa Kürçaylı da məhz bunlara işarə edirdi.
Gəncənin görkəmi dəyişdi bütün,
Dedilər gözəllik gəldi cahana.
Bir az aşağıda elə həmin gün
Ağrılar çəkirdi boylu bir ana.
Beləliklə, Şıx düzünün, Gəncənin, Göygölün hər qarışında dahi Azərbaycan şairi Nizami Gəncəvinin və əcdadlarının silinməz, əbədi izləri var!
Mənbə: Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı”. Monoqrafiya. Gəncə, “Elm” 2021. 206-səh.76-cı səhifə
