Sizin reklam burada
Sizin reklam burada
  • MÜBARİZ SÜLEYMANLININ SEVGİ ŞEİRLƏRİ



    MƏN SƏNİ SEVMİRƏM Kİ

    Mən səni sevmirəm ki,
    Tellərini sevirəm!
    Əllərimi isidən ,
    Əllərini sevirəm !

    Mən səni sevmirəm ki,
    Məni dəli eyləyən...
    Sözü şirin söyləyən,
    Dillərini sevirəm!

    Mən səni sevmirəm ki,
    Ömrə məna gətirən...
    Səni mənə yetirən,
    Ellərini sevirəm !

    Mən səni sevmirəm ki,
    Məni divanə salan...
    Eşqindən bihuş olan,
    Güllərini sevirəm !

    Mən səni sevmirəm ki,
    Bulaq kimi çağlayan...
    Səni mənə bağlayan,
    İllərini sevirəm !

    ÇIXAR YADINDAN

    Belə qandıraram səni,
    Külə dandıraram səni,
    Elə yandıraram səni,
    Odun da çıxar yadından.

    Dumanını cinlədərəm,
    Bir dərdini minlədərəm
    Sazı bəmdə inlədərəm,
    Udun da çıxar yadından

    Qarsız edərəm qışını,
    İlişdirərəm xışını,
    Dağıdaram yaddaşını,
    Adın da çıxar yadından

    GÖRDÜM

    Sənin gözlərində saf məhəbbətə,
    Baxanda gözündə özümü gördüm.
    Mənə əzab verən qəmə- həsrətə,
    Eşqindən ağlayan gözümü gördüm.

    Susdu dilim ağzım, sızladı içim,
    Bilmədim eşqindən necə yan keçim...
    İstərəm aşiqlik şərbətin içim,
    İçimdə alışan közümü gördüm !

    Ev tikib,yurd saldım, mən də bir xana,
    Qıymadım yollara küskün baxana,
    İstədim gül olub qonam yaxana,
    Köksündə yurd salan sözümü gördüm.

    Nə çətin olurmuş eşqdən dəm olmaq,
    Tale paylananda baxtı kəm olmaq...
    İntizar çəkməkdən gözü nəm olmaq,
    Yaşadıb içimdə dözümü gördüm!

    ÖYRƏNİN

    Çiçək də solar sevməsə,
    Gözlər də dolar sevməsə...
    Ömrün puç olar sevməsən,
    Sevməyi məndən öyrənin !

    Sevənin günü şən olar,
    Sevən-sevənə tən olar...
    Dağların başı çən olar,
    Sevməyi çəndən öyrənin!

    Gün çıxar dan yerin sökər,
    Yağış yağar ,leysan tökər...
    Dən, gözün torpağa dikər,
    Sevməyi dəndən öyrənin !

    NAMƏ. YAZIM SƏN DƏ OXU.

    Məndən küsmə canım-gözüm,
    Ruhum küsüb xeyli vaxtdır.
    Deyiləsi sözüm çoxdur,
    Bu bir tale, bu bir baxtdır.

    Məndən küsmə, səbrin olsun,
    Zaman da məni sınayır.
    Niyə gözün yolda qalsın,
    Yollar da məni qınayır.

    Məndən küsmə, çox darıxma
    Ya tez, ya gec biləcəksən.
    Çalış hələ yola baxma,
    Bəlkə, sən tez gələcəksən.

    Məndən küsmə, qadan alım,
    Ayla bir az söhbət elə.
    Olma mənə belə zalım,
    Taleyimi bilə-bilə.

    Məndən küsmə, bir azca döz,
    Namə yazım sən də oxu.
    Gözləməkdir ən gözəl söz,
    Sevə bilməz məntək çoxu


    SƏN NİYƏ ÖZÜNƏ ÖYRƏTİN MƏNİ

    Sən niyə öyrətdin özünə məni,
    Qəfəsdə çırpınan quşa bənzərəm,
    Unutmaq nə qədər çətindir səni,
    Dərdindən dəlitək tənha gəzərəm!

    Sən niyə özünə öyrətdin məni,
    Sən küsüb gedəndən mən , mən deyiləm !
    Mən necə yadımdan çıxarım səni ,
    Bəlkə tənhalıqan mən şən deyirəm!

    Sən necə öyrətdin özünə məni,
    Ruhum da,canım da, hey yanındadır!
    Çəkdiyim əzablar çox üzür məni,
    Yediyim ən şirin bal zəhər dadır!

    Sən necə öyrətdin məni özünə,
    Nə dilim məndədir,nə də ki,sözüm!
    Gözlərim baxmayır kimsə gözünə,
    Sənsiz yaşamağa mən necə dözüm !

    BİR SEVGİ NƏĞMƏSİ

    De yadına düşürmü,
    Məndən küsdüyün çağlar?
    Küsüb barışdığımız,
    O bağçalar, o bağlar!

    Namə yazmaq istədim,
    Əlim qələm tutmadı...
    Dilim sevmirəm dedi-
    Ürəyim unutmadı.

    Yazdığını oxuyub,
    Özümü çox danladım.
    Sevmək nə olduğunu,
    Hayıf ki gec anladım!

    Özümə söz vermişəm,
    Daha heç vaxt küsmərəm !
    Dözərəm yar nazına,
    Ürəyimi üzmərəm!

    Alnıma yazılandan,
    Necə küsə bilərəm !
    Qəm-kədərə şərikəm,
    Sevincimi bölərəm !

    O L U M

    İstəyirsən dəlin olum,
    Düşüm dağa-daşa gülüm.
    Qaralıb bulud tək dolum,
    Ağlayım mən zülüm-zülüm.

    İstəyirsən mən kor olum,
    Gözlərim heç nə görməsin ,
    Bəlkə soyuq bir gor olum,
    Torpaq üzümə gülməsin.

    İstəyirsən mən lal olum,
    Dilim sənsiz söz tutmasın.
    Yanağında bir xal olum,
    Üzün məni unutmasın.

    İstəyirsən zaman olum,
    Dayandırım sənli anı.
    Bəlkə bəyaz duman olum,
    Bələyim nura dünyanı.

    İstəyirsən bir quş olum,
    Qonum qəlbinin başına.
    Dərdindən mən bihuş olum
    Çıxım eşqin savaşına.


    SUSUB DİLİM. BİTİB SÖZÜM

    Soyuq baxışların bəsdir,
    Bu yoldan dönüm əbədi ..!
    Diləyim yoxsa əbəsdir,
    Üzümə baxıb gülmədi..!

    Nəyə lazım acı həsrət ,
    Üzsün yanan ürəyimi ...
    Gəlsə isti bir hərarət ,
    İsidər buz kürəyini .

    Sən küsəndən üzüm gülmür ,
    Öləziyib sönür közüm .
    Alışıram, kimsə görmür ,
    Susub dilim , bitib sözüm ..!

    Ya fələyin üzü dönüb ,
    Yada çatır ömür başa .
    Görürəm ki, qəlbin sönüb,
    Deyirsən ki, tənha yaşa ?

    ƏZİZİM

    Üzümüzə hər gün günəş doğmayır,
    Gözlərimiz hər an gülmür ,əzizim!
    Kimsə kimin çəkdiyini duymayır,
    Ürək yükün kimsə bilmir, əzizim!

    Ömrümüzü yuxu kimi keçirdik,
    Xəyal qurduq,arzularla yaşadıq.
    Qovuşanda sevdamızı itirdik,
    Qəm-kədəri koksümüzdə daşıdıq...

    Yağan leysan xoşbəxtliyin yağışı,
    Damla-damla üstümüzə çiləndi...
    Gözlədiyim xoş günlərin yerinə,
    Başımıza qüssə-kədər ələndi.

    Mübarizəm bulaq kimi çağlayan,
    Məhəbbətim,sönə bilməz, əzizim !
    Bilirsən ki,səni mənə bağlayan,
    Göydən yerə enə bilməz, əzizim !

    BİR SEVGİ SARAYI

    Yaşadığım ömürü,
    Kimsə yaşaya biməz...
    Daşıdığım bu yükü,
    Heç kim daşıya bilməz!

    Yaralı məhəbbətim,
    Ağsayan taleyim var !
    Tərs yazılan taleyim,
    Göylərdə mələyim var..!

    Qalaq-qalaq arzumu,
    Ümidlərim yaşadır.
    Sönməyən bəxt ulduzu,
    Ruhumla baş-başadır !

    Başıdönük dünyada ,
    Mənim də öź payım var!
    Xəyalımda tikdiyim ,
    Məhəbbət sarayım var!

    SEVƏN MÜBARİZ SAĞDIR

    Gözü tox,könlü toxam,
    İçim,saf sular,içim.
    Bu gün var,sabah yoxam,
    Keçim,qıl körpü keçim.

    Eşqdən gülüstan salım,
    Düz edim yadda qalım.
    Hamı bir olmur,zalım,
    Yanıram,içim-içim.

    Həyat çox kələ-kötür,
    Baxtlar,ağ-qara,götür.
    Tanrım,bu eşqi bitir,
    Köçüm,nahaqdan köçüm.

    Belim dik,üzüm ağdır,
    Yollarım çılçıraqdı,
    Sevən Mübariz sağdır,
    Seçim,bu yolu,seçim.

    ...SEVGİ YAĞIŞI

    Hanı mənim sənli dünyam?
    Hanı mənim gözəl anım?
    Odum sönüb közüm qalıb,
    Çətin daha birdə yanam.

    Hanı kövrək baxışların?
    Hanı yağan göz yaşların?
    Çox dəyişdi zaman bizi
    Çətin nağıla inanım

    Hanı sənlə qurduğumuz,
    Kasıb koma,isti ocaq?
    Hanı qoşa şəkillərdə ,
    Lal məhəbbət qucaq-qucaq.

    İndi sönən ümidlərin
    Soyuq külü mənə bəsdir
    İndi məni yaşadan da,
    O günlərdən qalan səsdir.

    Hanı göydən dərdiyim Ay?
    Hanı o eşq,o hay- haray?
    Qaytar mənə saf sevgimi,
    Budur ömrümə düşən pay.

    Hanı sənə baxdığım göz?
    Hanı mənə verdiyin söz?
    Özün mənə deyərdin ki...
    Ədama döz,nazıma döz.

    Hanı həsrət dolu baxış?
    Ömrümüzdən keçsin bu qış
    Gəlsin yenə bahar ətri
    Çiçək-çiçək yağsın yağış.

    ÜRƏYİMƏ TƏSƏLLİDİR O SÖZLƏR

    Yaşamağa tükənməyib həvəsim,
    Ürəyimə təsəllidir o sözlər.
    Yaşayıram hələ gəlir nəfəsim,
    Sığallayır baxışımı o gözlər.

    Bulaqların sevindirrəm gözünü
    Sularını çəkə bilsəm başıma.
    İl deyil ki sənsiz keçən illərim,
    Sənsiz ömrü yaşamışam boşuna.

    Dodağıma qonan sevinc haləsi
    Taleyimə düşən ulduz payıdır.
    Yaddan çıxmaz eşqin sevgi nəğməsi,
    İlahinin bəndəsinə hayıdır.

    Mışıl-mışıl yatır doğma xəyalım,
    Ürkək-ürkək baxır yola ümidim.
    Əllərini əllərimdən üzmə gəl
    İstəmirəm vaxtsız sola ümidim.

    Şeytanların qılığına girmədim,
    Əyilmədim nadanların önündə.
    Yaşasam da bircə xoş gün görmədim,
    Anam məni doğsa da xoş günündə

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ