Sizin reklam burada
Sizin reklam burada
  • Ülvi Aydın


    Ülvi Aydın

    İnanmıram mən.

    Sən demə,xoşbəxtlik yuxuda imiş,
    Daha yuxulara inanmıram mən.
    Yuxumda çatmışdım arzu-murada,
    Daha yuxulara inanmıram mən.

    Sevdiyim o qız da yanımda idi,
    Xoşbəxtlik onun da canında idi.
    O anlar cənnəti-məkanım idi,
    Daha yuxulara inanmıram mən.

    Yox idi canımda qəmim, qəhərim,
    Dördnallı gedirdi onda kəhərim.
    Kaş ki açılmazdı o gün səhərim,
    Daha yuxulara inanmıram mən.

    Xoş anım, xoş günüm yuxuyla getdi,
    Ötən illərimin çoxuyla getdi.
    Var olan varıyla, yoluyla getdi,
    Daha yuxulara inanmıram mən.

    Elə darıxıram səndən ötəri

    Sən Allah soruşma, Ülvi necədi,
    Elə darıxıram səndən ötəri.
    Adın da dilimdən düşmür bir anlıq,
    Elə darıxıram səndən ötəri.

    Yuxuma gəlsən də, gəlişin heçdir,
    Qatar ötüb keçib, yeriniz boşdur.
    Halımı sorsan da ürəyin daşıdır,
    Elə darıxıram səndən ötəri.

    Sən mənim sinəmə dağlar qoymusan,
    Ömrümü, günümü ağlar qoymusan.
    Bir də çiçək açmaz bağlar qoymusan,
    Elə darıxıram səndən ötəri.

    Salmısan Ülvini sağalmaz dərdə,
    Çətin ki, özünə qayıda bir də.
    Olur ki, hər yerdə,xeyirdə, şərdə,
    Elə darıxıram səndən ötəri.

    Biri Riyad, biri Orxan

    İgidlərin əsl fəri,
    Canlarında var təpəri.
    Böyüyür düşmən çəpəri,
    Biri Riyad, biri Orxan.

    Çox sevir yad da, yaxın da,
    Fırlanırlar haqq oxunda.
    Bəllidilər boy-buxunda,
    Biri Riyad, biri Orxan.

    İgid qəhrəmandılar,
    Hər dərdə dərmandılar.
    Canımızda candılar
    Biri Riyad, biri Orxan.

    Ocağımın qorudu,
    Aydan gündən durudu.
    Baxçamızın barıdı,
    Biri Riyad biri Orxan

    Qəzəl

    Dözmərəm həsrətinə,sevgili canan, getmə,
    Rəhm qıl,eyləmə bu bağrımı al qan, getmə.

    Nə gecəm var, nə də ki gündüzüm, ey yar, sənsiz,
    Məni gəl eyləmə Məcnuni-biyaban, getmə.

    Baxasan bəlkə bu sinəmdə olan yarələrə,
    Edəsən dərdimə,azarıma dərman, getmə.

    O qədər ağlamışam, gözlərimi yaş tutub,
    Sən gedərsən aparar hər yeri leysan, getmə.

    Sənsiz, ey yar, axı ömür eyləyə bilməz Ülvi,
    Nə olar qal, sənə heyran, sənə qurban, getmə.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ