Xeyransa (Mətin) Əbdülqızı
Yağış
Yağış yağır, qismətimə pay verir,
Bu yağışda balacalar şellənir.
Çöl-çəmənə işıqlı saray verir,
Ürəyimdə ümid əkilir, sellənir.
Yağış yağır, çəmənlərə pay verir,
Sanki mənə həyat durur, hay verir.
Lay-lay çalır, zər-ziba, saray verir,
Elə bil ki, qəlb açılır, dillənir.
Yağış yağır, quşlar verib səs-səsə,
Bəstəkar bülbüllər düşüb həvəsə.
Kəkliklər durublar nəfəs-nəfəsə,
Gül dibçəklər açıldıqca güllənir.
Yağış yağır, göz yaşıma qarışır,
Göz yaşımla bəhsə girib, yarışır.
Yağış yağır, küsəyənlər barışır,
Sevilənlər, sevənlər ümidlənir.
