Sizin reklam burada
Sizin reklam burada
  • İnqilab İsaq - 70-dən sonrakı ilk ili!

    26 may 2023-cü ildə Göygöl rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair İnqilab İsaqın 70 illik yubileyinə həsr edilmiş yubiley tədbiri uzun illər yaddaşlarımızdan silinməyəcək.
    Göygöl rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Elvin Paşayevin təşəbbüsü ilə "Heydər Əliyev İli"ndə reallaşan bu tədbir, Ulu Öndərimizin ədəbiyyatımız, mədəniyyətimiz və milli-mənəvi dəyərlərimizlə bağlı müəyyənləşdirdiyi strateji yol xəritəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək ədəbiyyata və ədəbiyyat adamlarına dövlətimiz tərəfindən diqqət və qayğısının kontekstində təqdim edildi.
    Rayon rəhbərinin, YAP sədrinin və digər idarə və təşkilat nümayəndələrinin çıxışları İnqilab İsaq yaradıcılığı müstəvisində bu amallar üzərində qurulmuşdu.
    Tədbirdə qəbul edilən qərarlardan biri də "Ədəbi ovqat" jurnalının ayrıca bir nömrəsinin xüsusi buraxılışla bütünlüklə İnqilab İsaq yubileyinə, yaradıcılığına həsr edilməsi oldu.
    Bu günlərdə çap edilərək İnqilab müəllimin yaradıcılığına həsr edilən "Ədəbi ovqat" jurnalını yubliyarla birlikdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı hörmətli Elvin müəllimə təqdim etdik.
    Olduqca maraqlı, yaddaqalan və işgüzar ortamda baş tutan görüşdə Elvin müəllimin rayonun elmi-ədəbi, təhsil və mədəni həyatı ilə bağlı planlaşdırdığı fəaliyyətləri dinləməklə yanaşı, ziyalıların da bu mühüm işlərə verə biləcəkləri töhfələr ətrafında müzakirələr aparıb, fikir və mülahizələrimizi bölüşdük.
    "Ədəbi ovqat" jurnalının xüsusi nömrəsini İnqilab İsaqa həsr etdiyi üçün hörmətli ziyalımız, jurnalın baş redaktoru, şair Rafail Tağızadəyə minnətdarlığımızı bildiririk!
    Jurnalın bu sayında nəşr edilən və İnqilab müəllimin 70 illiyinə həsr etdiyim "2023-cü ildə Göygöldə yaşanan ədəbiyyat hadisəsi- İnqilab İsaq-70" adlı yazımı da Sizlərlə bölüşürəm!
    Çox yaşayın, əziz İnqilab müəllim!

    2023-CÜ İLDƏ GÖYGÖLDƏ YAŞANAN ƏDƏBİYYAT HADİSƏS- İNQİLAB İSAQ- 70 İ MIldə Göygöldə yaşanan ədəbiyyat hadisəsi-İNQİLAB İSAQ-70
    Göygöl Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair İnqilab İsaqın 70 illik yubileyinə həsr edilmiş tədbir bir çox mənaları, ideyaları özündə ehtiva etdi.
    Yubileyin və yubiley tədbirinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubiley ilinə təsadüf etməsi də öz növbəsində Ulu Öndərin Azərbaycan ədəbiyyatına verdiyi dəyərin və gös tərdiyi xidmətlərin müstəvisində təqdim edildi.
    Tədbir ilk olaraq Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və dövlət himnimizin səsləndirilməsi ilə başladı.
    Göygöl rayonunda yaşanan bu ədəbiyyat hadisəsinin rəsmi hissəsi, əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinin minnətdarlıqla xatırlanması ilə öz işini davam etdirdi:
    Azərbaycan yazıçılarının X qurultayındakı nitqində Ulu Öndər qürur hissi ilə deyirdi: "Xalqımızın tarixi çox zəngindir. Ancaq biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları cəmiyyətə, dünyaya daha geniş çatdırmaq istəyərkən, birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, tarixi memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin yazdığı əsərlərə istinad edirik.
    Biz Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını böyük iftixar hissi ilə çəkirik və onların əsərlərini oxuyaraq xalqımızın nə qədər dahi, müdrik və istedadlı xalq olduğunu bir daha dərk edirik. Eyni zamanda, dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük. Öyünməyə də haqqımız var. Çünki bu böyük insanlar nəinki xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar".
    Bu gün bu diqqət, bu qayğı möhtərəm Prezidentimiz İlham Əliyev müdrik və uzaqgörən siyasətilə davam və inkişaf etdirilir. Təsadüfi deyildir ki, 2019-cu ilin “İmadəddin Nəsimi ili” , 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi, Vaqif Poeziya Günlərinin, Xarı Bülübül Festivalının 30 illik işğaldan sonra Müzəffər Ali Baş Baş komandan kimi Türk və İslam Dünyasının Mədəniyyət Paytaxtı Şuşada yenidən bərpa edilməsi ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə qayğının təntənəsidir.
    Yubiley tədbirində Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev , Göygöl Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, yazıçı İlqar Fəhmi, filologiya elməri doktoru, professor Rüstəm Kamal, Şair, tərcüməçi İmir Məmmədli , Gəncə şəhər Gürcüstan konsulluğunun nümayəndəsi Marxas, İnqilab İsaqın dostu, iş adamı Məhəmməd Rəsuloğlu , Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, şair, yazıçı, dramaturq Xəzangül Hüseynova, Azərbaycan yazıçılar birliyinin Ağdaş bölməsinin sədri, şair Fəxrəddin Əsəd , şair publisist Rəfael Tağızadə , Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin sektor müdiri Nurəddin Babazadə , yazıçı dramaturq Nüşabə Əsəd Məmmədli, Cavadxan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, Nizami gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Muxtarov Əlimuxtar, şairə, yazıçı Aləmzər Əlizadə, Əminə Rəhimova - keçmiş iş yoldaşı, Salman Qaralılar –Pedaqoq şair, yazıçı Fazil Sənan , şair, publisist İman Cəmilli , şair, publisist Valeh Bahaduroğlu, GDU-nun müəllimi, tərcüməçi, Suqra İbrahimqızı, şairə Zülfiyyə Yaqub və başqaları iştirak edirdilər.
    Tədbirdə eyni zamanda İnqilab İsaqın qələm dostları Şair, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli və şair, publisist - Əkbər Qoşalı video-müraciətlə yubliyarı təbrik etdilər.
    Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ziyalılara göstərilən qayğı və diqqəti vurğuluyaraq bu kimi yaradıcılıq gecələrinin önəmli olduğunu söylədi. Geniş ictimaiyyət ilə ziyalılar arasında fərqli formatlar çərçivəsində görüşlərin, məktəblərdə şair və yazıçıların kitab təqdimatlarının daha intensiv təşkil edilməsinin labüd olduğunu bildirən Elvin Paşayev gələcəkdə belə tədbirlərin bütün rayon üzrə keçiriləcəyinə dair fikirlərini bildirdi.
    YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev öz çıxışında Ulu Öndər tərəfindən əsası qoyulan milli strateji ədəbiyyat, mədəniyyət siyasətinin bu gün Müzəffər ali Baş Komandan İlham Əliyev tərəfindən inkişaf etdirilərək davam etdirildiyini vurğulamaqla yanaşı, Yubiliyarı da təbrik edərək, ona yaradıcılıq uğurları arzuladı.
    Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi öz çıxışında, Göygöl rayonunda yazıçı və şairlərə göstərilən qayğının təqdirəlayiq olduğunu bildirərək Yazıçılar Birliyi ilə bərabər fərqli layihələrin həyata keçirilməsi təklifini irəli sürdü.
    Professor Rüstəm Kamalın İnqilab İsaq yaradıcılığı haqqında geniş elmi-fəlsəfi çıxışı da iştirakçılar tərəfindən maraqla qarşılandı.
    Tədbirdə çıxış edən digər qonaqlar İnqilab İsaqın yaradıcılığından, Azərbaycan ədəbi mühütin inkişafından və bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı məruzələr etdilər.
    Anadan olmasının 70 illiyini qeyd etdiyimiz İnqilab İsaq Azərbaycanın gözəl güşələrindən birində- güllü çiçəkli, dağlı yamaclı, gur şəlaləli, diş göynədən buz bulaqları ilə insana böyük bir vətən sevgisi təqdim edən Daşkəsən rayonunda dünyaya göz açıb. 1953-cü il 31 mart . Baharın gözəl çağı, ailədə bir oğlan uşağı dünyaya gəlir. Elə uşaqlıq illərindən öz davranışı, ədəb ərkanı ilə fərqlənən Rzayev İnqlab İsaq oğlu kəndlərində tez-tez saz, söz məclislərinə gedər, özündən yaşla böyük ağsaqqalların sözünə- söhbətinə qulaq asardı. Balaca İnqlab təhsil aldığı orta məktəbdə də müəllimlərin sevimlisinə çevrilmişdi. Orta təhsilini başa vuran İnqilab Rzayev ali təhsil almaq üçün sənədlərini Gəncə Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsinə təqdim edir və elə həmin ildə də çox böyük arzusunda olduğu tələbə adını qazanır. Universiteti bitirdikdn sonra Beyləqan, Göygöl rayonlarında müəllimlik edir. 1983-cü ildən Xanlarda (indiki Göygöl) rayonunda fəaliyyət göstərən “Kommunist Əməyi” qəzetində öncə korrektor, sonra ədəbi işçi və şöbə müdiri vəzifələrində çalışır. Onun qələmindən çıxan oçerklər, zarisovkalar özünə böyük oxucu kütləsi toplayır. İnqilab İsaq bu gün 17 kitab müəllifidir. “Deməyə sözüm var” ilk şeirlər kitabı 1997-ci ildə çapdan çıxıb. 1999-cu ildə “Aləm cənnətə dönsə”, “Uşaqlar üçün aydan axan bulaq”, ilk publisistik kitabı “ Obaları gəzə gəzə” nəşr olunur. Bu gün İnqlab İsaq imzası Azərbaycan ədəbiyyatı tarixində tanınmış, sevilən və böyük ehtiramla qarşılanan imzalardan biridir. İnqilab İsaqın yaradıcılığı olduqca çox şaxəlidir. İnqilab isaqın uşaqlara sevgisindən yaranan bir neçə kitabı Azərbaycan uşaq ədəbiyyatı üçün böyük töhfədir. İnqilab İsaq 1983-cü ildə SSRİ jurnalistlər ittifaqının, 1999-cu ildə isə Azərbaycan yazıçılar birliyinin üzvüdür. Prezident mükafatçısı və beynəlxalq Rəsul Rza mükafatı laureatıdır.
    İnqlab İsaqın yorulduğu, usandığı vaxtlarda onun həmsöhbəti, onun dostu illərdi qoruyub saxladığı kitablarıdır. Kitabları öz balaları kimi sevər, əzizləyər. Şair deyir bu kitabların hər birisi mənə candan əziz sevdiyim dostlarımdan yadigardır və oxumağı da çox sevirəm. Hərdən darıxanda minbir zəhməti, əməyi bahasına qurub yaratdığı və dörd qız evladı böyüdüb köçürdüyü bu mənzilin eyvanından ətrafı seyr etmək də şairin hər günki adətlərindəndir. Şairi ovunduran ətrafdakı mənzərə ona bir həkimin göstərişi, təbib məlhəmidir sanki. Təbiətin qışı da, yayı da ona doğma və gözəl görünür. Ömrümün gecəsi də, gündüzü də mənə verilən tanrı payıdır. Həyatını öz tanrısına minnətdarlıq hissi ilə yaşayan şair qismət tanrıdandır deyir. Elə həyətindəki barlı, bəhərli, güllü, çiçəkli bu bağ bağat da şairin tanrı paylarından biridir. Həyətindəki ağaclar ona həm dostdur həm sirdaş. Yeri düşəndə onlara da şeir oxuyur ( bağda oxuduğu şeirdən ). Bəli sevimli şairimiz İnqilab İsaq 70 yaşını beləcə arxada qoyub. O, bir şair ömrü yaşadığı kimi bir insan ömrü də yaşayıb.
    Nizami Gəncəvinin və Göygölün Vətənimizdə mövcud olması bir inqilab olduğu kimi, İnqilab İsaqın da XX və XXI əsrin qovşaqlarında Gəncəbasar ədəbi mühitində doğulması və qələmə aldığı yüzlərlə lirik və epik şeirlərlə, kitabları ilə, dünyanın müxtəlif dillərinə tərcümə edilən əsərlərilə bir inqilab meydana gətirmişdir. Şair bir nəzmində yazır:

    Fikrindən keçəni hardan bilim ki?
    Hələ bir körpədir, ahıl deyil ki?
    Bir ev işığına dönübsə kim ki
    Demək gətiribdir bəxti o evin.

    İnqilab İsaq təkcə öz evinə işığı düşməklə bəxti gətirən şair deyil, həm də işığı Azərbaycanımıza düşən ziyalı bir insandır. Əgər belə olmasaydı, Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi, müasir ədəbiyatımızın görkəmli nümayəndələri bu gün uzaq Bakıdan, başqa diyarlardan buraya təşrif gətirməzdilər.
    Bəzən İnqilab İsaqın yaradıcılığının təhlilini dayandırıb, özünü dinləmək lazımdır. Çünki ürəyi ilə, özü ilə danışanda yaradıcılığının amalı özünü təzahür etdirir:
    “Yaradıcılıq işi əkinçi işidi. Kimin dəni harda sünbül tutursa, harda torpağı üzünə gülürsə elə ora sözün Vətənidi. Amma bununla belə məşhur bir atalar sözü də var. “Balıq dəryada böyüyər”. Əslində yaradıcı insan paytaxtla yaşadığı məkan arasında elə körpü salmalıdır ki, onun inkişafına təkan olsun, dairəsi genişlənsin. Bir də ədəbi prosesin qaynar həyatında kim yaşamaq istəməz ki? Mənə qalanda qəlbən, ruhən dağ havasına köklənmiş adamam. Mən öz sükutumu şəhərin səs-küyünə dəyişə bilmərəm. Şeirlərimin birində demişəm:

    Ütülü yoldan bezmişəm,
    Çəkir daşlı cığır məni.
    İtdim şəhər səs-küyündə,
    A dağ çayı,cığır məni...

    Mən o dağ çayının çağırışına həmişə oyağam. Əslində mən Gəncədə yox... Gəncənin yaxınlığında Göygöl rayonuna məxsus Üçtəpə kəndində yaşayıram. Şəhərdən qopub bir kəndə sığınmışam. Bu kəndə gəlişim də tale işidi. Qayalıqda narahat bir parça torpaq alıb balalarıma yuva qurmaq istədim. İşim daşa yamandı... Daşla əlləşə-əlləşə axır ki, torpağı ram etdim, nazını çəkdim, imtahanından üzüağ çıxdım. Ağac əkdim, bağ saldım, ev tikdim... İndi çox şükür yer üzündə əkdiyim ağaclar, tikdiyim ev var...

    Kim qoydu əlini çiynimə birdən,
    Nə sağda görünür, nə də solumda.
    Dərdi daşa basan dostlarım kimi,
    Əkdiyim ağaclar durur yolumda...

    Bax, beləcə könlümün qızındığı bir məkanda – Üçtəpədə yaşayıram. Tikdiyim Evin hər daşının xasiyyətinə bələdəm...
    ...Əlbəttə, yaradıcı adam bir budaqda oturub, min budağı silkələyən, sirr çözələyən adamdı. Onun harada yaşamasından asılı olmayaraq nə yaratdığı daha ciddi məsələdir.
    Bir də qəlbimin yaralı yerinə toxunursunuz...
    Bəzən belə olub ki, paytaxt mərtəbəli qələmdaşlarımdan ürəküzücü soyuqluq görmüşəm. Hətta çap olunmuş yazılarımın altına əyalət möhürü də vurublar. Bax onda susmamışam demişəm: – Qardaş, sən özün hansı rayondan, kənddən gəldiyini deyən tamam unutmusan. Sözün əyaləti olmaz. Axı, söz eyni günəşdən işıq alır... Bax, söhbətimizə belə notlar da daxil olur. Bunlar giley-güzar kimi, çıxmasın... Olanını dedim”….
    Müasir ədəbi tənqidin görkəmli nümayəndələri İnqilab İsaqın yaradıcılığı haqqında fikir bildirmiş və onun ədəbi taleyinin əsas məqamlarını işıqlandırıb: Nizaməddin Şəmsizadə - filologiya elmləri doktoru, professor, H.Əliyev mükafatçısı, əməkdar elm xadimi - İnqlab İsaqın şeirlərinin əsas bədii məziyyəti poetik dəqiqlikdir. O, təbiətdən, təbii həyatdan uçub qəlbində yuva bağlamış şairanə fikri, ülvi duyğunu hər yetən sözə təsəlli etmir.
    Südabə Ağabalayeva – tənqidçi “Azərbaycan” jurnalının redaktor müavini – İnqiab İsaq imzası bugünkü Azərbaycan şeirini urvatda saxlayan bir ovuc imzanın arasındadır. Onun şeirləri- düşüncələri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mənzərəsində bu ədəbiyyatın nəfəsini, ruhunu təyin etməyə kömək edə biləcək yaradıcılıq nümunələridir. Vaqif Yusifli – tənqidçi, professor – İnqilab İsaq təbiətlə insan aləmi arasında sırf harmoniya axtaran şairlərdəndir. Elə bir şeiri yoxdur ki, o şeirdə təbiətdən bir parça olmasın.
    İnqilab İsağa həsr edilən bu ədəbiyyat gecəsinin ən yaddaqalan hadisələrindən biri də şairin sözlərinə yazılan musiqi nömrələrinin təqdim edilməsi oldu.
    Gəncə Regional Kollecin vokal qrupunun nümayəndələri Rabil Hacılı İsmət Sabirli, Leyla Mehdili, Məzahir Əliyev də İnqilab İsağı ifaları ilə təbrik etdilər.
    Sonda İnqilab İsaq tədbirin təşkilatçıları rayon İcra Hakimiyyətinin Başçısı Elvin Paşayeva, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin sektor müdiri Nurəddin Babazadəyə, və keçmiş iş yoldaşı Əminə xanım Rəhimovaya, gələn qonaqlara minnətdarlığını bildirdi.

    Əlimuxtar Həsən oğlu Muxtarov
    AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ