Oruc Dadaşi Elman
Təbriz şəhəri
NƏFƏSİMDƏ
Biliyə can atır, sayılmaq üçün
Sayısı bəllənən, on nəfəsimdə
Günəşə qovuşub ayılmaq üçün
Gözəllik geyinir don nəfəsimdə
Sağlamı olduqca, sonsuz öyünən
Qanadlı quş kimin uçur göyunən
Sevgidən çırpınıb, qəmdən döyünən
Hər anda dəyışır ton nəfəsimdə
Könlümü dinləyib, səsimi duyan
Canımda yaşayıb, canımda uyan
Gözlərin - gözlərim içində yuyan
Duyğu tək qanad aç qon nəfəsimdə
Nisgilin yas olub, tutub könlümü
Görkəmin kas olub, tutub könlümü
Qəm - kədər pas olub, tutub könlümü
Günəş ol bunları yon nəfəsimdə
Qədrimi indi bil, qəlbimi oxu
Könlündə sevgimə bir yuva toxu
Gəl vurma Elmana, ayrılıq oxu
Nəyimə gərəksən son nəfəsimdə
YERİN VAR
Yaqut dənəli nar kimi könlümdə yerin var
Eşqin bağısan bar kimi könlümdə yerin var
Bir kimsə tapılmaz, məni qəmdən uzaq etsin
Sənsiz çəkilən car kimi könlümdə yerin var
Arzum dolanan dağları qarşımda unutma
Ol zirvədə ki qar kimi könlümdə yerin var
Həsrətdə saralmış baxışımdan bahar umma
Sən, güllərə oxşar kimi könlümdə yerin var
Hicranda tutulmuş boğazımdan neyi dinlə
Amma sən özün tar kimi könlümdə yerin var
Göynətdi göyərçin qanadın atdığın oxlar
Sındırma kı ilqar kimi könlümdə yerin var
Yalvarmadıyam, gəl qapılardan yığışım mən
Bilsin hamılar, var kimi könlümdə yerin var
Sevdam yazılan yerdə qələm, oldu qızıldan
Elmandı bilən yar kimi könlümdə yerin var
EŞQÜ İMAN
Xilqətin nəzmində ki tək beyti imandır Əli
Bayi bismillah ləbindən səsli Qurandır Əli
Eşqsiz iman gərəkməz, eşqü iman birliyi
Cami vəhdətdən gələn, düz əhdü peymandır Əli
K'əbədir eşqin adından, qiblədir aşiqlərə
Can desəm azdır yəqin, canlarda canandır Əli
Oldu dəryalər üzündə rəhnima Cəbrailə
Bildi aləm, xilqətin dərsində ümmandır Əli
La fəta illa Əli haqqın dilindən söylənib
Aşıkara mədh olunmuş haq deyən candır Əli
Hər kimin qəlbində vardır zərrəcə hübbi Əli
Anlayıbdır innəma təxtində sultandır Əli
"Ya" deyən canlarda iman "Hu" dəmindən bəslənir
La meyin illa edən məktəbdə irfandır Əli
Kim Əli eşqində öz könlün Gülüstan saxlayır
Hər zaman sönməz günəş tək orda tabandır Əli
Hər kimin könlümdə Mövla kəlməsi cövlan edir
Haq məhəbbət badəsindən dildə mehmandır Əli
K'əbəsiz qiblə tanınmaz, qibləsiz heç bir namaz
K'əbədir can qibləsi, haqdan nümayandır Əli
Şiri haq, meyraci rəbbülaləmin, həqqülyəqin
Ürvətülvusqa, yədüllah, şahi mərdandır Əli
Mürtəza eşqi əzanda səslənir xəyrüləməl
Məsnədindən bəllidir, haq şanlı fərmandır Əli
Haq deyib mövla deyənlər qəlbinin müştaqiyəm
Elmanam dərdim məhəbbət, təkcə dərmandır Əli
