
Ay Vətən!
Vətən torpaqlarının azadlığı şərəfinə hörmətli şair qardaşım - Əli Rəştbər Qayıbla yeni bir deyişmə qələmə aldıq!
Yaradana sonsuz şükürlər olsun!
Qələbə Haqqındır İnşAllah!
Qarabağ Azərbaycandır!!!
AYŞƏ SƏYYADQIZI:
Şəhidlərin əziz ruhu şad oldu,
Ədalətin düşmənləri bad oldu,
Şükür Allah, kədər bizə yad oldu,
Adın dərdimizə dərman, ay Vətən!
Canım bu gününə qurban, ay Vətən!
ƏLİ RƏŞTBƏR QAYIB:
İgid oğulların yaraqlandılar,
Kəsmədi yolların nə boran, nə qar.
Fəslin payız oldu, taleyin bahar,
Dağıldı çevrəndən zindan, ay Vətən!
Canım bu gününə qurban, ay Vətən!
AYŞƏ SƏYYADQIZI:
Nə bağlar bənzəyir bağça, bağına,
Nə dağlar bənzəyir sinə dağına,
Nəzərlər mat qalıb Qarabağına,
Qoymusan dünyanı heyran, ay Vətən!
Canım bu gününə qurban, ay Vətən!
ƏLİ RƏŞTBƏR QAYIB:
Balanam ürəyim yandı ağrına,
Nələr çəkmədim ki, sənin uğruna...
Zəngilan qovuşdu bu gün bağrına,
Tükəndi otuz il hicran, ay Vətən!
Canım bu gününə qurban, ay Vətən!
AYŞƏ SƏYYADQIZI:
Sənsiz yaralıyıq, heçik, yarıyıq,
Sənli dünyaların bəxtiyarıq!
İllərdir həsrətin yolçularıyıq,
Yurduna qayıdır karvan, ay Vətən!
Canım bu gününə qurban, ay Vətən!
ƏLİ RƏŞTBƏR QAYIB:
Ey daşı cəvahir, torpağı gövhər,
Dilinin əzbəri Allahu Əkbər.
Xoş gəlsin üzünə illər, fəsillər,
Ömrünə yar olsun dövran, ay Vətən!
Canım bu gününə qurban, ay Vətən!
AYŞƏ SƏYYADQIZI:
Ayşə, ədalətin günəşi doğdu,
Vətən göylərindən buludu qovdu.
Yenə Haqq işığı zülməti boğdu,
Yenə Bozqurdundur meydan, ay Vətən!
Canım bu gününə qurban, ay Vətən!
ƏLİ RƏŞTBƏR QAYIB:
Qayıbam, varımdır vüqarlı elim,
Laçından, Göyçədən üzülməz əlim.
Yetər ki, sən səslə Şuşaya gəlim,
Olum qucağına mehman, ay Vətən!
Canım bu gününə qurban, ay Vətən!
20.10.2020.
Zəngilanın azadlıq günü
***
Qubadlı gəldi!
Qubadlının azadlığı şərəfinə İlahi bir deyişmə etdik!
Vətən, azadlığın mübarək olsun!
Bütöv Qarabağın sevincini yaşatsın bizə Allah!
İnşAllah ki, növbəti qələbə çox yaxındır!
Qarabağ Azərbaycandır!
ƏLİ RƏŞTBƏR QAYIB:
İlahi, edirəm qarşında təzim,
Birdə hasil oldu arzu-murazım.
Sevindi Torpağım, Şəhidim, Qazim
Xoş xəbər quş oldu qanadlı gəldi,
Vətənin qoynuna Qubadlı gəldi!
AYŞƏ SƏYYADQIZI:
Allah, qəlbimizi nura boyandır,
Kim haqdır, kim nahaq sənə ayandır.
Əzəli, əbədi Azərbaycandır,
Bir adlı getmişdi, bir adlı gəldi,
Vətənin qoynuna Qubadlı gəldi!
ƏLİ RƏŞTBƏR QAYIB:
Götür aşıq, sazı gətir bir dəmə,
Zəfərdən söhbət aç, kədərdən demə.
Payız axşamında odlu qəlbimə,
Bu xəbər nə şirin, nə dadlı gəldi,
Vətənin qoynuna Qubadlı gəldi!
AYŞƏ SƏYYADQIZI:
Bir aylı gecədə payız axşamı,
Duyğusu büsbütün bahardı hamı.
Vətən, mübarəkdir Haqqın bayramı,
Sevinc qapımıza ağ atlı gəldi,
Vətənin qoynuna Qubadlı gəldi!
ƏLİ RƏŞTBƏR QAYIB:
Qayıb, yaz eşitsin Laçın, Kəlbəcər,
Otuz il yurdundan düşən dərbədər,
Atasız, anasız köçən körpələr,
Bu gün ata kimi övladlı gəldi,
Vətənin qoynuna Qubadlı gəldi!
AYŞƏ SƏYYADQZI:
Vətən arzuların sultanı, şahı,
Haqqı sındırarmı Haqqın Allahı?!
Ayşə, at deyiblər muraddır axı,
Bu at gör nə yaman muradlı gəldi,
Vətənin qoynuna Qubadlı gəldi!
25.10.2020/
Qubadlının azadlıq günü