Əməkdar jurnalist
Həyatdan doyduğunu bildirən bir insana ithaf olunur
Çağlayardın coşub daşan çay kimi,
Parlayardın günəş kimi, ay kimi,
Qürurluydun, yenilməzdin dağ kimi,
İndi bilməm nədən belədi Vallah?
İnsan da həyatdan doyarmı Allah ?
Hər gülüşün qəlbə sevinc verərdi,
Gözəllər də yan-yörəndə gəzərdi,
Şux qamətin el-obanı bəzərdi,
Dəyişən nədir ki, bilmirəm Vallah?
İnsan da həyatdan doyarmı Allah?
Gəl-gəl eyləyərdi çöllər-çəmənlər,
Yallı oynayardı nazlı sənəmlər,
Müşk-ənbər qoxardı təmiz əməllər,
Zamanmı dəyişdi bilmirəm Vallah?
İnsan da həyatdan doyarmı Allah?
Sevgiydi yaradan, sevgiydi quran,
Bir həzin nəğməydi haray qoparan,
Səs gəldi qeybdən bərkdən ucadan
Bilmirəm görəsən nədəndi Vallah?
İnsan da həyatdan doyarmı Allah?
Giley etmə bu dünyadan, həyatdan,
Çalış ki, seçəsən ağı-qaradan,
Qismətini belə yazıb yaradan,
Bu da bir talehdi, yazıdı Vallah,
İnsan da həyatdan doyarmı Allah?
