Sizin reklam burada
Sizin reklam burada

Zəngəzuru tanıyaq və tanıdaq (On ikinci məqalə)

Musa Urud
millət vəkili

Zəngəzurda qaçaq hərəkatı

Zəngəzurda qaçaq hərəkatı XIX əsrin ikinci yarısında genişlənən Azərbaycan kəndli üsyanlarının tərkib hissəsi olub çar Rusiyasının ədalətsiz işğalçılıq siyasətinə qarşı yönəlmiş silahlı etiraz mübarizəsi idi. Qaçaq hərəkatı XIX əsrin ikinci yarısında Azərbaycanın əksər bölgələrində geniş yayılmışdı. Bu hərəkat Quba, Gəncə, Qarabağ və Zəngəzurda xüsusi ilə kəskin şəkil almış, çar məmurlarını, eləcə də, yerli feodalları əməlli-başlı qorxuya salmışdı.
İlk kəndli etirazlarına səbəb olan faktor 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra, İrandan və Türkiyədən yüz minlərlə erməninin köçürülüb azərbaycanlı kəndlilərə məxsus torpaqlarda yerləşdirilməsi oldu. Torpaqlarının bir hissəsi gəlmə ermənilərə verilən, onsuz da yoxsul olan azərbaycanlı kəndlilər məhsuldar əkin yerlərindən və yaxın örüş sahələrindən məhrum olduqlarından daha da müflisləşdilər və bu bəlaların kökündə işğalçı rus hökumətini görən insanların yeni rejimə nifrətləri getdikcə artmaqda idi.
Kəndlilərin yoxsullaşmasına digər səbəb isə çar məmurlarının yeni dövlət vergi rejimi idi. Belə ki, yeni hökumət bir çox vergiləri kənd təsərrüfatı məhsulları ilə deyil, nəğd pulla alırdı, bu azmış kimi, yeni vergilər də tətbiq etmişdilər: “qızıl pulu”, “soldat pulu”, “çütçü pulu”, “atlı pulu” və s. kimi vergiləri ödəməyə kəndlinin nəğd pulu yox idi. Vergi vaxtında ödənilməyəndə isə üstünə əlavə cərimə pulu gəlirdi. Kəndlinin öz məhsulunu topladıqdan sonra bazarlara aparmağa nəqliyyat vasitəsi olmadığından o min bir zəhmətlə topladığı məhsulunu çox ucuz qiymətə qapı-qapı gəzən erməni çərçilərinə satmağa məcbur idi.
Bu məbləğ vergi borcunu ödəmədikdə isə kəndli mülkədarlardan və sələmçi tacirlərdən sələmə borc götürməli olurdular. Sələmi qaytara bilməyəndə isə var-yox mülkünü satıb bəylərin qapısında hüquqsuz nökərə çevrilirdilər.
Kəndli narazılığını törədən digər mühüm bir səbəb isə çar Rusiyasında mövcud olan təhkimçi kəndli-mülkədar münasibətlərinin Azərbaycanda tətbiqi idi. Təhkimli rus mujikindən fərqli olaraq, azərbaycanlı kəndli heç zaman bəydən hüquqi cəhətdən asılı olmamışdı. Əgər rus mülkədarı istədiyi vaxt öz təhkimlisini döyə, bağışlaya, sata, hətta öldürə bilərdisə, onun kiminlə evlənib, kimə ərə getməsinə qərar verə bilərdisə, azərbaycanlı mülk sahibi yalnız iqtisadi münasibətlərdə kəndlinin ağası idi.
Digər tərəfdən çar Rusiyası və Azərbaycanda torpaq münasibətləri fərqli idi. Əgər çar Rusiyasında torpaq və o torpaqda yaşayan kəndli mülkədarın xüsusi mülkiyyəti idisə, Azərbaycanda bu münasibət rus işğalına qədər fərqli idi. Belə ki, müsəlman ölkəsində torpaq dövlətə məxsus idi və yalnız dövlət başçısı (şah, xan, xəlifə) torpaq üzərində sərəncam hüququna malik idi. Dövlət başçısı istədiyi adama istədiyi qədər torpaq bağışlaya bilərdi. Məs.: Nadir şah Əfşar öz sərkərdələrindən biri olan Fətəli xan Çərxçibaşıya Zəngəzur qəzasının Sisyan, Püsyan, Bərgüşad və Qapanat nayihələrini “at arpası” olaraq bağışlamışdı.
Lakin belə bağışlamalar çar üsul-idarəçiliyindəki torpaq mülkiyyətçiliyindən fərqlənirdi. Dövlət başçısı istədiyi vaxt torpağı bağışladığı adamdan geri ala və başqasına dövr etdirə bilərdi. Ona görə də müsəlman kəndlisi rus təhkimçisinə nisbətən bəzi hüquqlara münasibətdə azad idi.
Lakin çar üsul idarəsi Azərbaycanda öz qaydalarını tətbiq etdikcə yeni mülkədar-kəndli münasibətləri yaranmağa başladı. Bu münasibət Azərbaycan kəndlisini daha çox yerli bəylərdən asılı vəziyyətə saldı, vergi verilmədiyinə görə bəy kəndlini döydürə bilərdi, var yoxunu əlindən alar, övladlarını ömürlük nökər edə bilərdi. Bu faktorlar kəndli hərəkatını gücləndirir, daha çox hallarda silah və güc tətbiqi ilə nəticələnirdi. Müstəmləkəçi çar rejimi yerli bəylərə, məmurlara, tacirlərə və digər mülk sahiblərinə arxalandığından onlara daha çox səlahiyyət verir, qanunsuzluqlara göz yummaqla onları daha çox azğınlaşdırırdı.
Yerli bəylərin azğınlığı, o həddə çatmışdı ki, onlar hətta öz rəiyyətinin namusuna təcavüz etməkdən çəkinmirdilər. Qaçaq hərəkatının ilk tətqiqatçılarından olan, ötən əsrin əvvəllərində Zəngəzur qazısı kimi böyük nüfuz qazanmış məşhur din alimi Bəhlul Behcət bu məsələ ilə əlaqədar yazırdı: “Məşhur Kürd Hacı Samlu bəylərindən biri (İskəndər bəy Soltanov) öz qonşu rəiyyət kəndlərindən yenicə evlənmiş bir oğlanın evinə “qonaq” gəlir (təzə gəlinin gözəlliyi kənd arasında danışılırmış). Ev sahibi olan oğlanı bir sifariş bəhanəsi ilə uzaq bir kəndə göndərir və özü gəlinlə tək qalır. Oğlan öz evinin xəlvət bir yerindən baxaraq evdə nə olduğunu bilmək istəyir, bəy bundan xəbər tutur və “mənim göndərdiyim yerdən qayıdıb məni pusursan” – deyərək tüfəngi götürüb oğlanı öldürür.”
“Azərbaycanda kəndli hərəkatı” əsərində Məmmədəmin Rəsulzadə yazırdı: “Çar idarəsinin qaçaqların ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırdı. Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir rus kəndlisinə ərə verməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının rus əsgərlərinin təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır.”
Zəngəzurda və Qarabağda qaçaqçılığa təkan verən amillərdən biri də İrandan qaçaqmalçılıq yolu ilə ticarət mallarının gətirilməsi idi. Azərbaycanın şimalı Rusiyaya ilhaq ediləndən sonra Araz çayı boyunca sərhəd getdikcə möhkəmlənməyə, gömrük rejimi tətbiq olunmağa başlamışdı. Rusiyada istehsal olunan, (keyfiyyətcə İrandan gətirilən mallardan geri qalan) malların imperiyanın ucqarlarında baha qiymətə satılması imperiya dövlətin müstəmləkə hesabına varlanması siyasətinin tərkib hissəsi idi. İrandan tacirlərin rus istilasına qədər Azərbaycanın Arazboyu yaşayış məntəqələrinə gətirib satdığı mallar isə Avropa, əsasən Fransa istehsallı, keyfiyyətcə yüksək olduğundan, gömrük rejiminin tətbiqindən sonra da həmin mallara təlabat yüksək olaraq qalırdı.
Rus sərhəd-gömrük rejiminin qadağasına baxmayaraq tacirlər müxtəlif vasitələrdən istifadə edərək İrandan qaçaqçılıq yolu ilə lazımi malları gətirib satırdılar. Bu işdə əsas rolu özünə güvənən qaçaq gənc adamlar oynayırdı. Onlar 8-10 nəfərlik dəstə düzəldib İrandan gələn yükü sərhədin o tayında təhvil götürüb, xəlvət yollarla sərhədi keçərək bu tayda mal sahibinə təhvil verərək öz haqlarını alırdılar. Belə işlərdə tez-tez sərhədçilərlə atışmalar olurdu və bu atışmada sərhədçini öldürən qaçaqmalçı ya tutularaq Sibirə katorqaya sürgün edilir, ya da dağlara qaçaraq qaçaqçılıq həyatı keçirirdi.
XIX əsrdə Qarabağda və Zəngəzurda məşhur olan Şuşa əsilzadəsi Məhəmməd bəy Kavaler məhz İrandan qaçaq malı gətirərkən rus zabitini öldürdükdən sonra qaçaq düşmüşdü.
Müstəmləkəçilik istibdadına və yerli bəylərin zülmünə qarşı çıxan və əzilən kəndlilərin hüquqlarını qorumaqla ədaləti bərpa etmək istəyən qaçaqlar arasında Gəncəbasarda Dəli Alı, Qaçaq Kərəm, Qaçaq Qəmbər, Qandal Nağı, Qarabağda Məhəmməd bəy Kavaler, Qaçaq Süleyman, Qaçaq Murtuza, Zaqatalada Qaçaq Yusif, Qubada Qaçaq Mayıl, Şəkidə Qutqaşenli Kərim Əfəndi, Zəngəzurda Qaşaq Nəbi xüsusi şöhrət qazanmışdılar.

QAÇAQ NƏBİ

XIX əsr Azərbaycanda qaçaq hərəkatının lideri şübhəsiz ki, Qaçaq Nəbi sayılır. Nəbi Alı oğlu 1854-cü ildə Zəngəzurun Aşağı Mollu kəndində anadan olmuşdur. Ailə çox kasıb həyat sürdüyündən atası 15 yaşlı Nəbini öz kəndlərində Kərbəlayı Cəfər ağaya nökər vermişdir.
Kərbəlayı Cəfər Nəbinin atası Alı kişini biyara getmək üstündə döydürərkən 16 yaşlı Nəbi ağasının üstünə atılıb yumruqlamış və ilk dəfə narahat adam kimi çar məmurlarının diqqətini cəlb etmişdir. Bundan sonra Nəbi daha 10 il Şuşada müxtəlif ağalara nökərçilik etmişdir.
Qaçaq Nəbi haqqında ilk sanballı tədqiqat əsərinin müəllifi Bəhlul Behcətin yazdığına görə Mollu camaatı ilə Mahrızlı camaatı arasında çar məmurları tərəfindən qızışdırılan “sünni-şiə” davasında ölən adamın qanını Nəbinin üstünə ataraq onu 8 il katorqa cəzasına məhkum edirlər. Nəbi Şuşa qalasına aparılarkən əli-ayağı qandallı halda sıldırım bir qayadan atılaraq qaçır və o gündən onun qaçaqçılıq həyatı başlayır. Qaçaqçılığın ilk günündən Nəbinin həyat yoldaşı Həcər və qardaşı Mehdi də onunla birlikdə olurlar. Çar üsul idarəsindən və yerli bəylərdən rəncidə düşən adamlar tezliklə Qaçaq Nəbinin ətrafına toplaşırlar. Nəbi əsasən Zəngəzur və Naxçıvanda, qismən də Qarabağ və İranda 15 il qaçaqçılıq etmiş, sosial ədalətsizliyə qarşı mübarizə aparmışdır. Nəbinin qaçaq yoldaşlarından Sofulu Balakişi və Atakişi qardaşlarını, Dağtumaslı Allahverdini, Şahbuzlu Şahhüseyni, Naxçıvandan Tuzvəlini, Zəngəzurun və Qarabağın kəndlərindən olan Telli Qaranı, Xıdırı, Mahmudu, Lətifi, Qocanı, Mollu Kərimi qeyd etmək olar.
Xalq kütlələri Qaçaq Nəbiyə böyük rəğbət bəsləyir və daim ona dəstək vermişdir.
Qaçaq Nəbinin dəstəsində adətən 70-80 nəfər qaçaq olardı. Qaçaqların dəstəyə qoşulması və dəstədən ayrılması könüllü idi. Nəbinin fəaliyyəti əslində Cənubi Qafqazda ilk partizan müharibəsi idi. O əvvəlcədən haraya hücum edəcəyini planlaşdırır, 20-30 atlı ilə hücum edir, sonra uzaq dağlara çəkilir, yaxud başqa mahala keçirdi.
Bir-çox müəlliflər Nəbinin qaçaqlıq müddətinin 20 ilə yaxın olduğunu söyləsələr də (M.Ə.Rəsulzadə), Bəhlul Behcət Nəbinin 1881-1896-cı illərdə, yəni 15 il qaçaq olduğunu yazır. Bizcə, bu məlumat daha dəqiqdir.
Qaçaq Nəbi çar və İran məmurlarının birgə hazırladığı fitnəkar xəyanət nəticəsində 1896-cı il martın 12-də Kərbəla ziyarətindən qayıdarkən İranın Türkiyə ilə sərhəddində yerləşən Larni kəndi yaxınlığında qaçaq yoldaşı Şahhüseyin tərəfindən öldürülür.
Qaçaq Nəbinin ölümündən 125 ildən çox keçməsinə baxmayaraq o, hələ də xalqın yaddaşında igidlik, ədalət, kişilik, düzgünlük simvolu kimi yaşayır. Təsadüfi deyildir ki, Azərbaycan xalqının yaratdığı 3 ən məşhur qəhrəmanlıq dastanlarından (“Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”) biri məhz bu yenilməz xalq qəhrəmanı haqqındadır.
Qaçaq Nəbi öldürüldükdən sonra onun dəstəsi dağıldı. Yalnız Yağlıvənd camaatından olan Qaçaq Süleyman başına dəstə yığıb öz mübarizəsini davam etdirdi. Qaçaq Süleymanın 1906-1907-ci illərdə Təbrizdə Səttarxan hərəkatına dəstək verməsi faktı da vardır.
Zəngəzurda qaçaq hərəkatı Qaçaq Nəbinin ölümündən sonra səngisə də, qaçaqçılıq ötən əsrin 40-cı illərinə qədər davam etmişdir. Bu qaçaqlar adətən fərdi zəmində, yaxud qan intiqamı səbəbindən dağlara çəkilmiş, əsasən təkbaşına mübarizə aparmışdılar.
XX əsrin əvvəllərində Zəngəzurda tanınmış qaçaqlardan olan Kişi Tavat (Alxaslı kəndi), Qaçaq Fərzalı (Qaradərə kəndi), Kürdoğlu Məhəmməd (Qaraçanlı kəndi), Qaçaq Ələkbər (Qarakeçdi kəndi), Baba Məmmədov erməni quldurlarına qarşı mətanətlə vuruşmuşlar. Zəngəzurda qaçaqların sonuncu nəsli XX əsrin 30-cu illərinə təsadüf edir. Bu insanlar kolxoz quruculuğu zamanı bolşeviklərin ədalətsizliyinə üsyan edərək dağlara çəkilmiş, çar rus rejiminin yeni forması olan bolşevik müstəmləkəçiliyinə qarşı mübarizə aparmışdılar. Belə qaçaqlardan ən parlağı Sisyanın Şəki kəndindən olan qaçaq Qardaşxan idi.
...Qaçaq Nəbinin həyatından bəhs edən "Atları yəhərləyin" filmində maraqlı bir epizod var: Şahın darğası-" Arazın o tayının dərdi sənə azlıq eləyir, hələ bu tərəfə də bir...
Qaçaq Nəbi:- Arazın o tayı da , bu tayı da mənim doğma el- obamdı. Elin də o başı, bu başı olmaz. Bunu sırğa elə as qulağından!
Darğa:- Bə çeşm!
... Düşünürəm ki, İranda son vaxtlar banlamağa başlayan qarğalara və darğalara yenidən " bə çeşm"- dedirtməyin vaxtı yetişib! Ola bilsin ki, "bə çeşm" dedirtməkdən ötrü Arazın cənubundakı darğaların qulağının dibindən bir "Qaçaq Nəbi şapalağı" vurmaq da lazım gələcıkdir.
...Bu dəfə şapalaq deyil, Ali Baş Komandanın Dəmir Yumruğu çaşmış başlara reallığı xatırladacaqdır!
...Cənab Prezident İlham Əliyevin milli birliyə güvənərək yürütdüyü cəsarətli siyasət həm Zəngəzura, həm də Təbrizə gedən yolların açılmasını təmin edəcəkdir!
...Yeri gəlmişkən, Zəngəzurdan Təbrizə yaxındır, çox yaxın!
...Çünki el- obanın o başı, bu başı olmaz!
...Çünki həm Təbriz, həm də
Zəngəzur AZƏRBAYCANDIR!!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ