Sizin reklam burada
Sizin reklam burada

Media mühitinin sağlamlaşması istiqamətində atılan vacib addım - Media Reyestri

Media mühitinin sağlamlaşması istiqamətində atılan vacib addım - Media Reyestri Artıq 4 gündür (14 oktyabr) ki, Media Reyestri fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərmanına əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulub. Nazirlər Kabinetinin müvafiq qərarları ilə Media Reyestri şəhadətnaməsi və jurnalist vəsiqəsinin forması, həmçinin jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edildi, bununla da Media Reyestrinin hüquqi təminatının yaradılması istiqamətində verilmiş tapşırıqların icrası yekunlaşıb.
Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatıb və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlayıb. Media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən ASAN Login vasitəsilə daxil olaraq müraciətlərini formalaşdıra bilərlər.
Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyevanın “Yeni Azərbaycan” qəzetinə müsahibəsini təqdim edirik.
- Media Reyestrinin hansı töhfəsi olacaq? Jurnalistlər hansı imtiyazlardan yararlana biləcək?
- Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsinin təqdim olunması media mühitinin sağlamlaşması istiqamətində atılan vacib addımdır.
Media Reyestrinin aparılmasının üstünlüklərindən biri odur ki, media subyektlərinin və media sahəsində çalışan şəxslərin fəaliyyətinin, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradılacaq. Bununla da, Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək.
Digər mühüm üstünlük isə mətbuat orqanlarının və jurnalistlərin hüquqları ilə bağlıdır. Belə ki, Media Reyestrinin aparılması media subyektlərinin və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin etməklə yanaşı, Media Reyestrinə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif sahələr üzrə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan da yararlana biləcəklər.
Media Reyestri jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini təmin edəcək.
Bildiyiniz kimi, jurnalistlərin sosial-iqtisadi rifahının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Bu ilin 8 fevral tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Fərmanla jurnalistlər güzəştli ipoteka kreditlərindən yararlana bilən şəxslər kateqoriyasına daxil edildi. Media Reyestri güzəştli ipotekadan istifadə hüququ olan jurnalistlərin dairəsini müəyyən edəcək.
- Jurnalistin Media Reyestrinə düşməsi üçün nələr tələb olunur?
- Bu tələblər “Media haqqında” Qanunun 74.2-ci maddəsində əksini tapıb və “Media Reyestrinin aparılması Qaydaları”nın 6.6-cı bəndində Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən hansı hallarda imtina olunacağı təsbit olunub.
Müvafiq tələblər içərisində ali təhsil və jurnalistika sahəsində ən azı 3 illik staj tələbi daha çox müzakirə olunsa da, jurnalistin fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası qaydalarına riayət etməsi, informasiyadan istifadə və istinad tələblərinə uyğun davranması, çalışdığı media subyektinin davamlı fəaliyyət göstərməsi kimi tələblər də mühüm əhəmiyyət kəsb edir.
Bir məqamı da xüsusi qeyd etmək istərdik ki, jurnalistlər Media Reyestrinə müraciət etmək üçün çalışdıqları media subyektinin Media Reyestri Şəhadətnaməsi əldə etməsini gözləməlidirlər.
- Müraciətlər neçə günə cavablandırılacaq?
- Media Reyestrinə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər tərəfindən məlumatlar təqdim edildiyi tarixdən 5 (beş) iş günü müddətində Reyestrin operatoru çatışmazlıqların olub-olmamasını yoxlayır və çatışmazlıqlar aşkar edilmədikdə Reyestrə daxil edir.
Təqdim edilmiş məlumatlarda imtinaya səbəb olmayan çatışmazlıqlar müəyyən edildikdə, müraciət edən şəxslərə, o cümlədən jurnalistlərə çatışmazlıqlar qeyd edilməklə onların aradan qaldırılması barədə elektron qaydada bildiriş göndərilir. Çatışmazlıqlar həmin şəxslər tərəfindən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır. Əks təqdirdə, Agentlik tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal həmin şəxslərin yenidən müraciət etməsinə mane olmur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ