Sizin reklam burada
Sizin reklam burada

«Zəngəzur toponimləri» - İstedadlı qələm sahibi Musa Urud nəsillərə maraqlı töhfə bəxş etdi

«Zəngəzur toponimləri» - İstedadlı qələm sahibi Musa Urud nəsillərə maraqlı töhfə bəxş etdi (II yazı)

Yer-yurd adlarının toponimik təfərrüatı bütöv bir tarixi epopeyadır - gerçəkdən ehtimala, sonra da əksinə cərəyan edən prosesdir. Bu bilgi zamanın sürət mexanizmi olduğu üçün biz sadəcə, etimoloji-nəzəri əsaslar üzərində durmağa məcbur qalırıq. Çox uzaq məsafələr bizə bir az aydın, bir az şübhəli, yaxın areallar isə dürüst məntiq verir. Heç şübhəsiz, tanınmış şair, görkəmli ictimai xadim Musa Urudun 2013-cü ildə «Nurlar» Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunmuş «Zəngəzur toponimləri» kitabında da reallıq bu məsamələr üzərində qurulub. Əlbəttə, birinci yazımızda dediyimiz kimi, nəfis tərtibatlı bu kitabda yer-yurd adları kodlaşdırılıb, müəllif nəsildən-nəslə keçən məlumatları zəruri xarakterlə oxucuya təqdim edib, onda Zəngəzur mahalı barədə böyük bir təəssürat yaradıb. «Zəngəzur toponimləri» - İstedadlı qələm sahibi Musa Urud nəsillərə maraqlı töhfə bəxş etdi
Kitab bugünkü nəsil üçün xüsusi əhəmiyyət daşıyır, çünki burada yanlışa doğru surət verən gerçəklər inandırıcı ovqatdadır, müəllif yer-yurd adlarını təfsilatı ilə açmağa çalışıb. Bu, kitabın ictimai məziyyətidir. Kitabın tarixi məziyyəti də (əslində) maraq doğurur; çünki yaddaşlardan silinməkdə, hafizələrdən itməkdə olan məqamlar Musa müəllim tərəfindən vaxtında cilalanıb, yenidən öz rənginə qayıdıb.
Annotasiyadan da göründüyü kimi, kitabda 838 toponim haqda fikir mübadiləsi var və bu proses tarixi faktlarla isbatlanır. Bir daha deyirik, bu kitabı Zəngəzurla bağlı ensiklopedik məlumat bazası da hesab etmək olar. Çünki Zəngəzur mahalının tarixi, toponimikası ilə maraqlanmaq, araşdırma aparmaq istəyən hər kəs üçün burada tutarlı mənbə var.
Bilirik ki, Zəngəzur düşmən əsarətindədir. Buna görə zaman-zaman mənfur tiplər bu bölgənin yer-yurd adlarını tamamilə dəyişib, tariximizi çətin aşınma qarşısında qoyublar. Musa müəllim «Zəngəzur toponimləri» kimi müfəssəl bir kitabı araya-ərsəyə gətirməklə erməni vandalizminə ağır zərbə vurub, Zəngəzurun tarixi həqiqətlərini yetişən nəsillərə ərməğan edib.
Kitabda böyük bir vətəndaşlıq hissi duyulur. Müəllifin vətənpərvərlik duyğusu oxuculara bu kitab barədə çox şey anladır. Şübhə yoxdur ki, gələcək nəsillər bu kitabdan alacaqları Zəngəzur həqiqətləri ilə daha müfəssəl təfərrüata varacaq, yer-yurd adlarımızı nəzəri deyil, praktiki olaraq düşmən təsirindən qurtaracaqlar.
Musa Urudun «Zəngəzur toponimləri» kitabı bizdə indidən belə təəssürat yaradır.

Hikmət Məlikzadə,
Şair-publisist, ədəbiyyatşünas.

Bəradər Səməndərli

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ