Sizin reklam burada
Sizin reklam burada

ACI XATİRƏLƏR KİMİ

ACI XATİRƏLƏR KİMİ Bəradər SƏMƏNDƏRLİ (Xanəliyev)

ACI XATİRƏLƏR KİMİ

Nə dolmusan ürəyimə,
Qüssə kimi, kədər kimi.
Çoxdan unudardım səni,
Acı xatirələr kimi.

Nələr çəkdim yollarında,
Gələr dedim son anında.
Boğar səni ümmanında
Göz yaşlarım "Xəzər" kimi.

Yaş da keçibdi, yarıdı,
Saçım dağların qarıdı.
Ömür sürət qatarıdı,
Gedir saniyələr kimi.

Bir yaşayıb, ölək dedim,
Dərdi-qəmi bölək dedim.
Arxanca çox iməklədim,
Yiyəsiz körpələr kimi.

Gözlərimin içindəydin,
Sən məhəbbət köçündəydin.
Ruhun iliyinə dəydin,
Ətirli nanələr kimi.

Susuz dodaq tək göynədim,
Yanan qəlbə rəhm etmədin.
Bir içim sevgi vermədin
Mənə, ianələr kimi.

Ürəkdən asmışam daşı,
Mən hal əhli, sənsə naşı.
Axdı gözlərimin yaşı,
Bir vaxt şəlalələr kimi.

Gecələri yatanmazsan.
Muradına çatanmazsan.
Səni sevən tapanmazsan,
Bəradər Səməndər kimi.

17.12.2020

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ