Sizin reklam burada
Sizin reklam burada

Bəradər SƏMƏNDƏRLİ: "YARI MƏNDƏ, YARI SƏNDƏ

Bəradər SƏMƏNDƏRLİ: "YARI MƏNDƏ, YARI SƏNDƏ Bəradər SƏMƏNDƏRLİ (Xanəliyev)

YARI MƏNDƏ, YARI SƏNDƏ

Dərdimiz cütləşib deyən,
Yarı məndə, yarı səndə.
Sarı simə köklənmişik,
Sazı məndə, tarı səndə,
Yarı məndə, yarı səndə.

İldırım da çaxır gedir,
O yandırıb, yaxır gedir.
Ömür su tək axır gedir,
Yağış məndə, qarı səndə,
Yarı məndə, yarı səndə.

Gözlərimiz yaşdı bizim,
Ürəyimiz daşdı bizim?
Mən kiməm ki, eşqimizin
Küllü ixtiyarı səndə,
Yarı məndə, yarı səndə.

Bu körpüdən keçən bizik,
Tükü-tükdən seçən bizik.
Əkən bizik, biçən bizik,
Kotan məndə, darı səndə,
Yarı məndə, yarı səndə.

Ayrı düşən "yarı"larıq,
Pətəyi boş arılarıq.
Bir-birinə sarılarıq,
Ayağa dur barı sən də,
Yarı məndə, yarı səndə.

Axır, qurutdun su yolun,
Qalmadı mənası yolun.
İşıqforuyuq bu yolun,
Yaşıl məndə, sarı səndə,
Yarı məndə, yarı səndə.

Yoxsa, ömrün sonlarıdı
Olacaqlar olmalıdı.
Təbiət qanunlarıdı;
Ağac məndə, darı səndə,
Yarı məndə, yarı səndə.

Ağac məndə, barı səndə,
Yarı məndə, yarı səndə.
Demə yuxudu, yozmusan,
Bəradəri uduzmusan.
Neçə illərdi pozmusan
Mənimlə rəftarı sən də,
Yarı məndə, yarı səndə.

ÇIX, GET MƏNİM HƏYATIMDAN

İllər keçdi, düzəlmədin,
Çıx, get mənim həyatımdan.
Dedi-qodu, dava-dalaş,
Ağrı-acı yaşadım mən,
Çıx, get mənim həyatımdan.

Sevən qəlbimi duymadın,
Duyğularımnan oynadın.
Təbim də söndü, qoymadın,
Qanad açım, qol atım mən,
Çıx, get mənim həyatımdan.

Nə küdurət saxla, nə kin,
Ömür yollarımdan çəkin.
Sənin əqidən, məlsəkin
Uyğun gəlmir soyadımnan,
Çıx, get mənim həyatımdan.

Daha o yaş deyil yaş da,
Susub köynəyində saz da.
Başın çıxmayır onsuz da
Şeir, qəzəl, bayatımdan,
Çıx, get mənim həyatımdan.

Kanın var, məkanın yoxdu,
Gülündən tikanın çoxdu.
Allahın, Quranın yoxdu,
Oynayırsan ovqatımnan?-
Çıx, get mənim həyatımdan.

Sənə salmazdım kaş meyil,
Ürəyim ətdi, daş deyil.
Daha yaşım o yaş deyil,
Oyuncaqla oynayım mən,
Çıx, get mənim həyatımdan.

Suyu qurumuş qazansan,
Bəradər su tökməz yansan.
Bəlkə İblissən, Şeytansan,
Bezdim fitnə-fəsadından,
Çıx, get mənim həyatımdan,
Çıx get mənim həyatımdan.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ