Sizin reklam burada
Sizin reklam burada
  • KƏLBƏCƏRƏ

    KƏLBƏCƏRƏ
    KƏLBƏCƏRƏ
    (Kəlbəcərli və Kəlbəcər rayonundan seçilən
    Milli Məclisin üzvü, millət vəkili, dostum Aqil Məmmədova
    Kəlbəcərin işğaldan alınması münasibətilə)

    Gözünüz aydın Aqil Məmmədov,
    Nəhayət, qayıtdıq biz Kəlbəcərə.
    Demişdiz alınsın, aparacaqsız
    Məni özünüzlə Siz Kəlbəcərə.

    Dərdimi dağlara bölmək eşqilə,
    Yaşayıb, orada ölmək eşqilə,
    O cənnət diyarı görmək eşqilə,
    Sürəcəm maşını düz Kəlbəcərə.

    Qaynayıb, damarda coşubdu qan da,
    Dağlar qucaq açar el qayıdanda.
    Bizi bağışlasın deyə, çatanda
    Əyilib, çökəcəm diz Kəlbəcərə.

    Oyadın məzardan Məmməd Aslanı,
    Bəhmən Vətənoğlu, Sücayət hanı?
    Tərpədin Gəncədən eli-obanı,
    Tutun köçünüzlə üz Kəlbəcərə.

    Qalxsın Dədə Şəmşir köksündə sazı,
    Sarı sim mizraba çəksin də nazı.
    Çağırın Şəkidən Salman Mümtazı,
    Qoşsun yağlı-duzlu söz Kəlbəcərə.

    Nişanlı gəlin tək bəzənir yazda,
    Kəlbəcər nə gözəl görsənir yazda.
    Dəlidağ rəngbərəng olur payızda,
    Qışda nəfəs verir buz Kəlbəcərə.

    Torpaq başdan-başa barlı, bəhərli,
    Sərkərdə müzəffər, Ordu hünərli.
    Kəlbəcər alındı, dur Səməndərli,
    Ən gözəl şeirini yaz Kəlbəcərə!

    KƏLBƏCƏRƏ
    Bəradər SƏMƏNDƏRLİ (Xanəliyev)

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ