Sizin reklam burada
Sizin reklam burada

“Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsində

“Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsində Noyabrın 2-də Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi üzrə parlamentin Elm və təhsil komitəsi yanında yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib. İclasda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, dəvət olunmuş sahə mütəxəssisləri iştirak ediblər.
İşçi Qrupunun rəhbəri, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev öncə bu qrupun yarandığı dövrdən indiyədək olan fəaliyyəti barədə məlumat verib, genişləndirilmiş iclaslarından söz açıb. Ali təhsil müəssisələrinin rektorları ilə görüşlərdə onların təkliflərinin dinlənildiyini, ADA Universitetində işgüzar şəraitdə qanun layihəsi ilə bağlı səmərəli fikir mübadiləsi aparıldığını bildirib. Təhsil ekspertlərinin də “Ali təhsil haqqında” qanun layihəsinə dair təkliflərinin nəzərə alındığını qeyd edib.
Bəxtiyar Əliyev qanun layihəsinin bugünkü müzakirəyə təqdim olunmuş variantının sahə mütəxəssisləri və Təhsil Nazirliyi ilə çox sıx əməkdaşlıq şəraitində xeyli təkmilləşdirildiyini, cəmi 53 maddədən ibarət olduğunu və konseptual baxımdan dəstəkləndiyini diqqətə çatdırıb. Bildirib ki, bu sənəd dövlətimizin başçısının təhsil sahəsində həyata keçirdiyi islahatların ruhuna uyğun hazırlanıb, xüsusilə də, ali təhsil sisteminin rəqabət qabiliyyətinin artırılmasına və möhkəmləndirilməsinə xidmət edəcək. Layihədə müasir dövrün yeni çağırışları nəzərə alınıb.
Sonra iclasda İşçi Qrupu rəhbərinin müavini, Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək yeni qanun layihəsinin əhatə etdiyi mühüm məsələlərdən söz açıb. Qeyd edib ki, “Ali təhsil haqqında” qanun layihəsi ölkəmizin təhsil sisteminə yeni format gətirəcək.
Müzakirələrdə İşçi Qrupu rəhbərinin müavini, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı və İşçi Qrupunun üzvləri – deputatlar Anar İsgəndərov, Etibar Əliyev, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə çıxış edərək rəy və təkliflərini bildiriblər. “Ali təhsil haqqında” qanun layihəsinin çox mütərəqqi sənəd olduğunu vurğulayıblar. Dövlətin strateji sahələrindən olan təhsilin qanunvericilik bazasının dövrümüzün yeni reallıqlarına və yeni çağırışlarına uyğun təkmilləşdirilməsi istiqamətində bütün imkanların səfərbər edilməsi vacibliyindən danışıblar.
İclasda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təhsil sahəsi qarşısında tamamilə yeni vəzifələr qoyub. Bu qanunun hazırlanmasından əsas məqsəd Azərbaycan təhsilinin dünya standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsidir. Əsas məsələ ondan ibarətdir ki, qanun həyatda olan tendensiyaları özündə əks etdirsin, dövrün tələblərinə cavab versin.
Səfa Mirzəyev İşçi Qrupunun bugünkü toplantısını səmərəli görüş kimi dəyərləndirib, dəyərli təkliflərin nəzərə alınmasını məqsədəuyğun sayıb, “Ali təhsil haqqında” qanun layihəsinin yüksək səviyyədə hazırlandığını qeyd edib, İşçi Qrupa uğurlar arzulayıb.
İclasda İşçi Qrupunun üzvləri – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Bakı Slavyan Universitetinin rektoru vəzifəsini icra edən Anar Nağıyev qanun layihəsinə münasibət bildiriblər, pedaqoji təcrübələrinə istinadən irad və təkliflərini, qeydlərini diqqətə çatdırıblar.
Qanun layihəsinin ətraflı təhlil olunduğu müzakirələrdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov fikir və mülahizələrini İşçi Qrupunun üzvləri ilə bölüşüblər.
Müzakirələrdə yeni çağırışların təhsil sahəsində qarşıya yeni tələblər qoyduğu, Azərbaycanda ali təhsilin dünya və Avropa standartlarına uyğunlaşdırılması zərurətinin meydana gəldiyi, layihənin konseptual baxımdan məqbul olduğu bildirilib. İnam ifadə olunub ki, bu sənəd Azərbaycanda təhsil sisteminə öz müsbət təsirini göstərəcək.
Fikir mübadiləsinin yekununda nazir müavini İdris İsayev iclasda çıxış edənləri maraqlandıran məsələlərə aydınlıq gətirib.
Müzakirələrə İşçi Qrupunun rəhbəri, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev yekun vurub. İşçi Qrupunun yekdil qərarı ilə “Ali təhsil haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin Elm və təhsil komitəsinin müzakirəsinə tövsiyə edilib.
“Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsində “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsində “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsində

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ