Sizin reklam burada
Sizin reklam burada

Ən böyük nailiyyətimiz əbədi və sarsılmaz müstəqilliyimizdir

Ən böyük nailiyyətimiz əbədi və sarsılmaz müstəqilliyimizdir “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir!”
Ulu öndər Heydər Əliyev


1991-ci il oktyabrın 18-i müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Çünki həmin tarixdə Azərbaycan dövlət müstəqilliyi qazandı. Əslində bu, bir əsrdə əldə etdiyimiz ikinci dövlət müstəqilliyi idi. Məlum olduğu kimi, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Əslində bu sənədin qəbuluna yəni, ötən əsrin 80-ci illərinin sonundan 1991-ci ilin oktyabrına kimi Azərbaycan xalqı tarixin ağır sınaqları ilə baş-başa qalmış, müstəqil dövlətə sahib olmaq üçün imtahandan şərəflə çıxmışdı. Azərbaycan xalqı müstəqillik yolunda meydan hərəkatında bərkimiş, Yanvar faciəsinə tuş gəlmişdi. Ancaq sovet imperiyasının tankları belə artıq azadlığa gedən yolun qarşısını kəsməkdə aciz idi. İstiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan xalqı addım-addım, inadla müstəqilliyə doğru irəlilədi və 1991-ci ilin oktyabrın 18-də Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Bundan sonra Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir söz yazılmışdı: "Siz "Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı"na tərəfdarsınızmı?"
Lakin həmin vaxt respublikaya rəhbərlik edənlərin kölə psixologiyasından uzaqlaşa bilməməsi, ondan sonrakı hakimiyyətin isə Azərbaycanı xaosa sürükləməsi müstəqilliyimizin az qala kağız üzərində qalması ilə nəticələnəcəkdi. Beləliklə, müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan siyasətdən bixəbər, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulmaq təhlükəsini reallaşdırırdı. Ancaq böyük siyasi təcrübəyə malik, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısını alan Ulu Öndərin müdrik idarəçiliyi sayəsində Azərbaycanda hərc-mərcliyə, xaosa son verildi. Ölkədə siyasi sabitlik yarandı. Əsası "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulan müstəqilliyimizin iqtisadi sütunları getdikcə daha da möhkəmləndi. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs nəticəsində inkişaf edən Azərbaycan bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilib. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. Ölkəmiz nəinki neft, həm də qeyri-neft sektorunda da öz əvəzolunmaz inkişafını dünya ictimaiyyətinə əzmlə nümayiş etdirir. Azərbaycan həm də gənclərə dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə yanaşılan, fəal gənclərin dövlət idarəçilyində irəli çəkilməsinə xüsusi önəm verən ölkə kimi tanınır. Ən böyük nailiyyətimiz əbədi və sarsılmaz müstəqilliyimizdir Bu gün işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir qüdrətli ordusu ilə fəxr edən, nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi mərkəz kimi tanınan Azərbaycan eyni zamanda, multikultural dəyərlərə verdiyi önəmə görə dünya üçün bir nümunə təşkil edir.
Bütün bunlar, eyni zamanda, Azərbaycanı gələcəkdə də etibarlı şəkildə idarə edəcək intellektual, milli dəyərlərə malik, vətənpərvər gənclər ordusunun yetişdirilməsi isə bizə gur səslə «Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!» deməyə əsas verir, əminlik yaradır.

Samirə Allahverdiyeva
YAP Səbail rayon təşkilatının təlimatçısı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ