Sizin reklam burada
Sizin reklam burada
  • "Hər şəhid bir dastandır "

    İcra başçısı daha bir Şəhidin anım mərasimində iştirak edib.
    Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Səmidov İkram Şirvan oğlunun 3-cü il dönümü ilə bağlı anım mərasimi keçirilib.
    Anım mərasimi şəhidimizin dəfn olunduğu Saatlı rayonun Əlisoltanlı kəndində baş tutub.
    "Atributinfo.az" xəbər verir ki, Şəhidimizin il dönümündə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhid ailələri iştirak edib.
    Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Daha sonra mərasim iştirakçıları tərəfindən şəhid Səmidov İkram Şirvan oğlunun məzarı önünə tər gül dəstəsi qoyulub, şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad edilib.
    Vətən müharibəsi şəhidi İkram Səmidovun məzarı önündə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
    Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyevin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə edib, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
    Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onun valideynlərinə və yaxınlarına ehtiramını bildirən Elmir Bağırov vurğuladı ki,
    Şəhidlik hər insana nəsib olmayan, bir insanın həyatdan çata biləcəyi ən uca məqamdır. Vətən Müharibəsində qəhrəman vətən övladları böyük şücaət və qəhrəmanlıq göstərərək, yeni tarix yazdılar, gənc nəsil üçün örnək oldular. Xalqımızın birlik və həmrəyliyinin gücləndirilməsinə öz töhfələrini verdilər.
    İkram kimi igid qardaşlarımız bu qəhrəmanlığı, mübarizliyi bütün dünyaya nümayiş etdirdilər. Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Biz şəhid qardaş və bacılarımızı heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq.
    İkram Səmidov 21 fevral 1991-ci ildə Saatlı rayonunun Əlisoltanlı kəndində dünyaya gəlmişdir. 1998-ci ildə Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd orta məktəbinin birinci sinifinə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbi bitirmiş və həmin ildə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə daxil olmuşdur. 2014-cü ildə kolleci "Elektrik stansiyaların elektrik avadanlıqlarının quraşdırılması" ixtisası üzrə bitirmişdir.
    Kolleci bitirdikdən sonra İkram hərbi xidmətə yollanmışdır. Tərtər rayonunda hərbi xidmət müddətini davam etdirmişdir.
    Azərbaycan Ordusunun əsgəri olan İkram Səmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İkram Səmidov Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuş, doğulduğu Saatlı rayonunun Əlisoltanlı kəndində dəfn olunmuşdur.
    Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına uyğun olaraq şəhid İkram Şirvan oğlu Səmidov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ