Sizin reklam burada
Sizin reklam burada
  • Hacı Mirtaleh Ağayevin vəfatından 2 il ötür

    Onun əziz xatirəsi qəlbimizdən
    heç zaman silinməyəcək

    Vaxt, zaman sürət qatarı tək göz qırpımında gəlib kecir. Bir də başını qaldırırsan ki, nəinki, gün, ay, hətta il başa çatır. Ömrün bu başından o başına ötən hər an, hər saniyə belə, yaş üstünə yaş gətirir. Yaş üstünə yaş gəldikcə isə yaş artır, ömür qısalır. Əlbəttə, yaşanan anları dönüb bir daha yenidən yaşamaq mümkün deyil. Gələn bir gün gedir, gedən isə bir daha geri qayıtmır. Beləcə, dərin hüznlə və sonsuz sədaqətlə haqqında esse söz açacağım elimizin, obamızın ağsaqqal oğlu Hacı Mirtaleh Ağayev düz iki il öncə, dekabrın 12-si bu fani dünyaya vida etdi.
    O, dünyasını cismən dəyişsə də, ruhən bizim hər birimizin yanımızdadı. Ruhlar hec zaman ölmür, sadəcə unudulan və unudulmayan ruhlara bölünür. İnsan var, diriykən ölü kimidir, insan da var ölüykən diridir. Hacı Mirtaleh onu sevən yüzlərin, minlərin, bəlkə də milyonların qəlbində əbədiyaşarlıq möhürünü hələ sağlığında vurmuşdu. Allah onu sevərəkdən yaratmışdı, sevimli bəndələrindən qərar vermişdi və bu sevginin nümunəsi olaraq öz nurundan onun təkcə üzünə deyil, həm də bəsirəti açıq olan qəlbinə bəxş etmişdi. Bu elə qəlb idi ki, qarşısındakı hər kəsi özü qədər dərk edir, dəyərləndirir, ona özu qədər diqqət göstərirdi. Böyülkə böyük, kiçiklə kiçik olan bu insan hec kəsin qəlbinə dəyməz, yıxılanı ayağa qaldırar, axsayanın əlindən tutar, halal qazancını imkansızlarla bölər, neçə-neçə yoxsul ailələri himayəyə götürər, çətinə, dara düşənlərin harayına çatar, açılmayan qapıları açar, oğul evləndirib, qız köçürənlərin xeyir işlərinin qabağına düşər, sıxıntısı olanların dadına yetərdi. Bəli, Hacı Mirtaleh kasıbların, kimsəsizlərin dostu idi.
    Mirtaleh hələ Həcc ziyarətinə getməmişdən saleh əməlləri, xeyirxah addımları ilə hacılığı qazanmışdı. O, şəriət qanunlarına yetərincə əməl edən təqva əhli, "Əhli-Beyt" aşiqi idi. Bu yolda canından keçməyə hər an hazır insan idi.
    Hacı Mirtalehin həyatı başdan-başa hər kəsə nümunə, örnək idi. O, sağ ikən axirətini qazanmış şəriət adamı, mömin bəndəydi. Məni onun haqqında bu silsilə esse yazıları yazmağa təbii ki, heç kəs nə məcbur etmir, nə də sifariş vermir.

    Biz onunla yaxın dost idik

    Onun vəfatı deyərdim ki, əzizlərindən qat-qat artıq məni sarsıtdı. Onun əziz xatirəsinə ehtiram əvəzi olan bu ya yazılar bəlkə də son təsəllimdir. Hər dəfə rayona yolum düşəndə biz onunla görüşər, çay süfrəsinə əyləşər, dünyadan, həyatdan, həyat hadisələrindən, insandan, insanlıqdan danışar, necə deyərlər, dərdləşərdik. Onun diqqət və qayğısı başqaları kimi məndən də yan ötmürdü. Hacı Mirtaleh həqiqi hacılardan idi. Səxavət əli onun həyat kredosu idi. Tikəsini qarşısındakıyla, yoxsullarla, kimsəsizlə bölməyə ürək lazımdı. Bu ürək bu insandaydı. Heç zaman verdiyini dilə gətirməz, bəzən isə onun tərəfindən hansısa imkansıza göndərilən sovqatı bir Allah bilərdi, bir özü. "Sağ əlin verdiyini sol əl bilməməlidir" misalı Hacının xarakteriydi.

    Hacı Mirtaleh yaşamalı insan idi

    Elə bir xeyir-şər məclisi yox idi ki, orda Hacı Mirtaleh olmasın. Təkcə doğulub boya-başa çatdıgı Məzrəli (indiki Naharlı-red.) kəndi deyil, bütövlükdə Saatlı ictimaiyyəti onu el ağsaqqalı seçmişdi.
    Hacı Mirtaleh, eyni zamanda dəyərli ziyalı, tanınmış is adamı-sahibkar idi. O, rəhbərlik etdiyi kollektiv üzvlərini öz doğmaları qədər dəyərləndirir, qayğı və problemlərini daim diqqət mərkəzində saxlayardı. Çoxuşaqlı ailədə böyüyən Hacının atası Mirəziz Ağayev sayılıb-seçilən hörmətli el ağsaqqalı, ağır Seyid ocağı olmuşdur. O, dünyasını dəyişəndən sonra bu missiyanı Hacı Mirtaleh öz üzərinə götürərək, ömrunün sonuna kimi şərəflə davam etdirdi. Neyləməli ki, Allah sevdiyi bəndəsini dərgahına tez aparır. Görünür, belə məsləhətmiş. Nə deyim... Ruhu şad, məkanı cənnət olsun!
    Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

    Bəradər Səməndərli


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ