Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun, hüquq mühafizə orqanları rəhbərlərinin, şəhid və qazi ailələri üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu dəfə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Səmidov İkram Şirvan oğlunun və Məmmədzadə Kəmaləddin Vüqar oğlunun ikinci ildönümü münasibətilə məzarları ziyarət olunub.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Şəhidlərimizin məzarı önündə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaətindən danışıb. Nə qədər müasir texnologiyadan və xüsusi hərbi strategiyadan istifadə olunsa da ölkə başçısının sözlərinə istinadən, qazanılan Qələbənin Azərbaycan əsgər və zabitinin qüdrətinin göstəricisi olduğunu bildirib.Şəhidlərimizin hər zaman xalqımızın qəlbində yaşayacağını, onların ailələrinin dövlətə əmanət olduğunu diqqətə çatdırıb.
İkram Şirvan oğlu Səmidov 21 fevral 1991-ci ildə Saatlı rayonunu Əlisoltanlı kəndində dünyaya gəlib. 1998-ci ildə Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd orta məktəbinin birinci sinifinə daxil olub.
2008-ci ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə daxil olub. 2014-cü ildə kolleci "Elektrik stansiyaların elektrik avadanlıqlarının quraşdırılması" ixtisasına yiyələndikdən sonra İkram hərbi xidmətə yollanıb. Tərtər rayonunda hərbi xidmət müddətini davam etdirib.
2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra ölkədə səfərbərlik elan olunur və İkram Səmədov könüllü olaraq ordu sıralarına qoşulur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantısına çağırılır və 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsində ilk gündən iştirak edir.
O, Hadrutun, Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Könüllü əsgər İkram Səmidov Şuşa döyüşlərində qəhrəmancasına şəhid olur, doğulduğu Saatlı rayonunun Əlisoltanlı kəndində dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən İkram Səmidov ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Kəmaləddin Vüqar oğlu Məmmədzadə 1999-cu il sentyabrın 14-də Bakıda anadan olub. 1-ci sinfə Bakı şəhəri, 249 nömrəli orta məktəbdə gedib. 11-ci sinfi elə həmin məktəbdə başa vuran Kəmaləddin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Geodeziya və xəritəçilik ixtisasına daxil olub.
2 il universitetdə oxuyan Kəmaləddin uşaqlıqdan Vətən sevgisi ilə böyüdüyündən, təhsilini yarımçıq qoyaraq, 2020-ci il, yanvarın 8-də hərbi xidmətə yollanıb.
O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bir çox strateji yüksəkliklərin işğaldan azad edilməsində iştirak edib, düşmənə ağır zərbələr endirib. Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda", "Cəsur döyüşçü", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Zahir Məmmədov
