Təqdimat mərasimi Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Regionda mədəniyyətin qorunması və təbliği, həmçinin yaratdıqları ədəbi-bədii nümunələrlə mədəniyyətin inkişafına xidmət edən yaradıcı insanların dəstəklənməsi məqsədilə keçirilən tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Yazıçılar Birliyinin Benəlxalq əlaqələr üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyi sədrinin Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə müşaviri, şair-yazıçı Sayman Aruz, eləcə də digər yaradıcı şəxslər, şəhid ailələri və qazilər, müxtəlif dövlət qurumlarının əməkdaşları, mədəniyyət işçiləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edənlər şəhidlərimizin adlarının yaşadılması, gənc nəslin qəhrəmanlarımızın həyatından örnək götürmələri məqsədilə şair-esseist Şahnaz Şahinin bu mövzuda kitab yazmasının nümunəvi addım olduğunu vurğulamış, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin bədii ədəbiyyatda vəsf olunmasının, şəhidlik zirvəsinə ucalan qəhrəmanların kitablar vasitəsilə cəmiyyətdə daha geniş təbliğ olunmasının vacib əhəmiyyətindən söz açmışlar.
Daha sonra müəllif Şahnaz Şahin çıxış edərək, hər iki kitab haqqında iştirakçılara ətraflı məlumat vermiş, tədbirin təşkil olunmasından dolayı öz minnətdarlığını bildirmişdir.
Sonda xatirə şəkli çəkilmişdir.
Zahir Məmmədov
