30 mart 2022-ci il tarixində Şirvan şəhərində möhtəşəm tədbir baş tutdu.Tədbir Şirvan Şəhidlər xiyabanında başladı.Xiyabanda şəhidin ailə üzvləri Şirvan Şəhər İcra hakimiyyətinin başçısı,şöbə müdirləri, rayon idarələrinin rəisləri, Zəngilan rayon YAP sədri Natiq Quliyev, şəhid ailələri, Müharibə əlilləri və veteranlarlarının müdiri, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, müavini Zakir Abbasov, üzv Vəliyev Şəmsəddin, Birinci Vətən müharibəsi Qazisi Elxan bəy,ikinci Vətən Müharibəsi iştirakçıları Allahverdi Heydərov,Aslan Qasımov, şəhid Sənanın atası Şahin bəy, şəhid Emilin atası Rasif bəy, hərbi jurnalist Mahir Cavad, şəhid Baş leytenant Rövşənin atası, xalq artisti aktyor Əli Nur və digər rayonlardan gələn şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edirdi.Şəhidin məzarı üzərində ürək sözlərini deyən qonaqlar oldu. Şəhid atası Əli Nur öz möhtəşəm şeirini səsləndirdi. Qəlbində qan ağlayan şəhid analarına qürur hissi yaşatdı.
Tədbirin ikinci hissəsi isə Şirvan şəhərində yerləşən “Ağ Saray” şadlıq sarayında davam etdirildi. Tədbirin Aparıcısı Suraxanı rayon Mədəniyyət evinin müəllimi Bəhiyyə Nağıyeva idi. Himnimizlə başlanan tədbirdə Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla, dərin ehtiramla yad edildi. Daha sonra ehsan süfrəsi arxasında əyləşən qonaqlara söz verildi. Şirvan və Zəngilan icra hakimiyyəti nümayəndələri, ziyalıları, şəhid ailələri, icraçı təşkilatları nümayəndələri çıxış etdilər.Yazıçı Mahir Cavad, Şəhid atası xalq artisti Əli Nur, Qazilər, və.s öz ürək sözlərini bildirdilər. Qeyd edək ki, AVMVİB Zəngilan rayon sədri Azad Musayev çıxış edərək Şəhidin Atası Fizuli Məmmədova AVMVİB sədri Fizuli Rzayevin salamlarını çatdıraraq,Şəhidin atasına üzvlük vəsiqəsini, Şəhidimizin anası Zülfiyyə xanımı “Şöbənin Şəhid Anası” fəxri fərmanı ilə və şəhid əmisi Nizami Məmmədovu şəhid Xəqani üçün tikdirdiyi bulaq kompleksi və yazar Sevda İbrahimlinin şəhidlər üçün yazdığı “Vətənə Sevdalılar” adlı kitabın sponsorluğunu etdiyini nəzərə alaraq AVMVİB Zəngilan rayon Şöbəsinin “Fəxri Fərmanı” ilə təltif etdi.
Seyid Pünhan və Zəminə Duyğulu öz ifaları ilə zaldakı hər kəsi göz yaşlarına qərq etdilər. Zəminə Duyğulu sözləri vətənpərvər şairə Sevda İbrahimliyə, musiqisi gözəl bəstəkar Sevinc Mansurovaya , aranjimanı isə Təbriz Ömərə aid “Şəhid anası” mahnısını ifa etdi. Tanınmış bəstəkar Ruslan Səfəroğlunun Sevda ibrahimlinin Xəqani Məmmədov üçün yazdığı şeirə musiqi bəstələyib oxuduğu mahnı səsləndirildi.Ruslan Səfəroğlu bu tədbirdə iştirak etmək istəsə də səhhəti ilə bağlı gələ bilməmişdi. Amma Xəqani üçün hədiyyə etdiyi bu mahnı könülləri oxşadı və inanıram ki, şəhid Xəqani yaşadıqca zümzümələrdə yaşayacaq.
Şəhid Xəqani Məmmədovun əmisi tərəfindən təklif olunan, nəşriyyat xərcləri qarşılanan və vətənpərvər şairə Sevda ibrahimlinin yazdığı “ Vətənə Sevdalılar” kitabı şəhid Analarımızın , şəhid yaxınlarının ixtiyarına verilmək üçün sərgiyə düzülmüşdü.Hər bir anamız iki ildir həsrətlə axtardıqları oğullarının qoxusunu bəlkə bu kitabın üz qabığına vurulan şəkillərlə tapacaqdı. Bir ana, bir kitab, bir qərənfil .
Kitabın redaktoru kimi deyə bilərəm ki, hər bir şeir aid olduğu şəhidin həyat hekayəsini, xasiyyətini əks etdirir. Həmin şəhidlərin məzarını ziyarət etmək, ailələri ilə tanış olmaq bizim üçün şərəf oldu və şəhid Xəqani Məmmədovun məzarda keçirdiyi 20-ci yaş günündə mən və övladlarım iştirak etdik.Qeyd edim ki, kitabın dizayneri böyük qızım Telan Şahmarqızıdır.
Şəhid Xəqani Məmmədovun adını çəkib gələn qonaqların bir çoxuna kitablar hədiyyə olundu.Allah Şəhidlərimizə rəhmət eləsin.Arzu edərdik ki, şəhidlər olmasın lakin bunu hər birimiz çox yaxşı bilirik ki, nailiyyətlər əzabsız ,qələbələr qansız yaşanmır...
Gülnar İbrahimli.
Bakı 31.03.2022
