Sizin reklam burada
Sizin reklam burada

Prezident gənclərə Dördüncü Sənaye İnqilabına fəal surətdə uyğunlaşmağı tövsiyə edir

 Prezident gənclərə Dördüncü Sənaye İnqilabına fəal surətdə uyğunlaşmağı tövsiyə edir Adil Əliyev,
Milli Məclis sədrinin müavini,
parlamentin Gənclər və idman
komitəsinin sədri

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilmiş 2 fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışında ötən dövrə əhatəli nəzər yetirdi, həmin dövrlə bağlı fikirlərini bölüşdü və gələcəyə baxışını iştirakçılara çatdırdı. Forumda iştirak edən gənclər də fəallıq göstərərək Prezidentə suallar vermiş, müxtəlif mövzulara dair öz münasibətlərini bildirmişdilər.
Prezident öz çıxışında qloballaşma, müasirləşmə, Dördüncü Sənaye İnqilabı, milli-mənəvi dəyərlər, 44 günlük Vətən müharibəsi kimi müxtəlif aktual mövzulara toxunmuşdur. Bu mövzular arasında Dördüncü Sənaye İnqilabı ilə bağlı ölkə başçısının fikirləri Azərbaycanın gələcəyə baxışı nöqteyi-nəzərindən önəmlidir. İlk növbədə, qeyd edilməlidir ki, Prezident Dördüncü Sənaye İnqilabından bəhs edərkən Davos Dünya İqtisadi Forumunu və Azərbaycanla Forum arasında münasibətləri xüsusi vurğuladı. Bu, təsadüfi deyil. Çünki Davos İqtisadi Forumu Dördüncü Sənaye İnqilabının intellektual mərkəzi kimi çıxış edir. Forumun təsisçisi və rəhbəri, professor Klaus Şvab Dördüncü Sənaye İnqilabı sahəsində ixtisaslaşmış, dünyada böyük nüfuza malik alimdir.
2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumunda dövlət başçısı İlham Əliyev və Forumun prezidenti Borge Brende niyyət protokolu imzaladılar. Həmin niyyət protokoluna uyğun olaraq, 2021-ci il yanvarın 6-da Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzi yaradıldı. Bu, MDB məkanında yaradılan ilk belə Mərkəzdir. Onun Azərbaycanda yaradılmasının böyük əhəmiyyəti var. Mərkəzin açılması Davos İqtisadi Forumunun Azərbaycana və Azərbaycanda Dördüncü Sənaye İnqilabına xüsusi münasibətini nümayiş etdirir. Azərbaycan rəhbərliyinin bu Mərkəzin açılmasında əsas hədəfi ölkəmizin Dördüncü Sənaye İnqilabına effektli surətdə uyğunlaşması və ondan tam faydalanmasıdır.
Dördüncü Sənaye İnqilabının böyük faydalar gətirməklə yanaşı, ciddi çağırışlara da səbəb olacağı gözlənilir. Yəni bu prosesdə udan və uduzan ölkələrin olması qacınılmaz görünür. Azərbaycanın məqsədi Dördüncü Sənaye İnqilabından qazanan ölkələr sırasında olmaqdır. Bu, iki əsas amildən asılı olacaq. Birincisi, hökumətin bu prosesə effektiv və vaxtında qoşulması, sistemli yanaşmasıdır ki, bu amil artıq ölkəmizdə mövcuddur və həmin istiqamətdə işlər uğurla həyata keçirilir. Digər amil isə gənclərin hazırlıq səviyyəsi və prosesdə fəal iştirak etməsi ilə bağlıdır. Prezident İlham Əliyevin Gənclər Forumunda Dördüncü Sənaye İnqilabı mövzusuna xüsusi diqqət ayırması və geniş yer verməsi bununla əlaqədardır.
Dördüncü Sənaye İnqilabının baş verməsi prosesi bir çox peşələrin sıradan çıxmasını və işsizliyin artmasını labüd edir. Digər tərəfdən, Dördüncü Sənaye İnqilabı yeni peşələrin, yeni bacarıqların yaranmasını zəruri edir. Ayrı-ayrı ölkələrin bu prosesdən mümkün qədər faydalanması isə gənclərin yeni peşələrə yiyələnməsi, yeni bacarıqlar əldə etməsi ilə əhəmiyyətli dərəcədə bağlı olacaq. Hazırki şərait onu deməyə əsas verir ki, Azərbaycan bu istiqamətdə düzgün siyasət aparır. Vətən müharibəsində Dördüncü Sənaye İnqilabının məhsulları sayılan yüksək texnologiyalara əsaslanan dronlardan və elektron müharibə vasitələrindən geniş istifadə edilmişdir. Həmin texnika və avadanlıqları Azərbaycan mütəxəssisləri və əsasən də gənclər idarə edirdi.
Fəxr hissi ilə qeyd edilməlidir ki, Dördüncü Sənaye İnqilabının gətirdiyi yeniliklər nəinki Vətən müharibəsində tətbiq edilmişdir, hal-hazırda da işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, bərpasında və reinteqrasiyasında geniş tətbiq olunur. Buna parlaq misal olaraq, Zəngilanda inşası tamamlanmaq üzrə olan “Ağıllı kənd” layihəsini, bütünlüklə viran qoyulmuş Ağdamda “Ağıllı şəhər” konsepsiyasının tətbiqini, eləcə də işğaldan azad edilmiş torpaqların “yaşıl enerji” zonası elan edilməsini qeyd etmək olar. Həmin layihələrin icrasında əsas hərəkətverici qüvvə gənclərdir.
Göründüyü kimi, bərpa edilmiş ərazi bütövlüyümüzün qorunması, müstəqilliyimizin əbədi olması, vətəndaşlarımızın rifahının yüksəlməsi və ölkəmizin davamlı surətdə müasirləşməsi üçün gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiq qalaraq, Dördüncü Sənaye İnqilabının tələblərinə müvafiq surətdə formalaşması labüddür. Prezidentin İlham Əliyevin gənclərin diqqətini Dördüncü Sənaye İnqilabı mövzusuna yönəltməsi məhz bu kontekstdə nəzərdən keçirilməlidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ