Sizin reklam burada
Sizin reklam burada

Kənd təsərrüfatına ayrılan büdcə vəsaitləri hədər getmir

Kənd təsərrüfatına ayrılan büdcə vəsaitləri hədər getmir “Bu il dövlət büdcəsi layihəsini tamam fərqli əhval-ruhiyyədə müzakirə edirik. Belə ki, bu günlərdə vətəndaşlarımız, bütün dünya azərbaycanlıları və Azərbaycanı sevənlər 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qazandığımız şanlı qələbənin birinci ildönümünü böyük təntənə ilə qeyd etdik. Bu möhtəşəm qələbə ilə əlaqədar ölkəmizin işğaldan azad edilmiş 20 faizə qədər ərazisində nəhəng bərpa və yenidənqurma işlərinin aparılması, Böyük Qayıdışın başlanması, həmin ərazilərdə müxtəlif təyinatlı infrastrukturun yaradılması və digər lazımi tədbirlərin həyata keçirilməsi üçün tələb olunan xərclər gələn ilin dövlət büdcəsində 2,2 milyard manat olmaqla öz əksini tapıb”.
Bunu deputat Eldar İbrahimov 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
E. İbrahimovun sözlərinə görə, dövlət büdcəsindən bu qədər maliyyə vəsaitinin ayrılması onu deməyə əsas verir ki, həmin bölgədə nəzərdə tutulan bütün layihələr vaxtında və yüksək keyfiyyətlə icra olunacaq:
“Ehtiyac yarandığı halda bu vəsaiti artırmaq üçün respublikamızın geniş maliyyə imkanları var. Bu imkanlar isə enerji sektorunun inkişafı ilə yanaşı qeyri-neft sektorunda innovasiyalı və yüksək texnologiyaların tətbiqi, yeni iri sənaye və aqrar müəssisələrinin fəaliyyətə başlaması, yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması ilə əlaqədardır. Bütün bunlar və digər tədbirlərin həyata keçirilməsi iqtisadiyyatın dinamik artımına öz müsbət təsirini göstərməkdə davam edir. Bu da onu göstərir ki, ölkəmizdə bünövrəsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə düzgün istiqamətdə aparılan uğurlu iqtisadi inkişaf strategiyası mövcuddur.
Bu strategiyanın nəticəsidir ki, keçən il pandemiya ilə əlaqədar bütün dünya ölkələrində olduğu kimi respublikamızda da istehsalın zəifləməsi müşahidə edilsə də, cari ildə proqnozlara nisbətən daha yüksək iqtisadi artım əldə edilib. Fərəhli haldır ki, qazanılan iqtisadi artım əsasən qeyri-neft sektorunun hesabına formalaşır və iqtisadiyyatın daha geniş şaxələndirilməsi onun enerji sektorundan asılılığını getdikcə azaldır.
Qeyri-neft sektorunun prioritet sahlərindən biri aqrar bölmədir və bu sahənin inkişafı Azərbaycan Respublikası Prezidentinin daim diqqət mərkəzindədir. Aqrar sektorun maddi-texniki bazasının möhkəmləndirilməsi, məhsul istehsalının artımına yönəlmiş müxtəlif istiqamətlər üzrə fermerlərə imtiyazların, yəni ciddi güzəştli kreditlərin, subsidiyaların daha asan yolla ödənilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə nail olmaqla ərzaq təhlükəsizliyinə lazımi töhfə verə bilərik. Vaxtilə biz arzu edirdik ki, aqrar sahəyə 500 milyon manat vəsait ayrılardı. Artıq 2022-ci ilin büdcəsində bu sahəyə 1 milyarda yaxın (997,3 milyon manat) vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən icrasından 5,8 faiz çoxdur. Ayrılan bu büdcə vəsaiti şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi səmərəli istifadə olunmaqla ümumi daxili məhsulun artımına öz töhfəsini verəcək. Onu da qeyd etmək istəyirəm ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənib əkin dövriyyəsinə daxil edilməsi, bu bölgədə məskunlaşmanın başa çatdırılması, “ağıllı kənd” layihələrinin uğurla yerinə yetirilməsi və genişləndirilməsi, habelə Qarabağın yüksək məhsuldar keyfiyyətli torpaqlarının istifadəsi respublikamızın aqrar sektorunun ümumi daxili məhsulda payının əsaslı surətdə artımına böyük təkan verəcək. Yəni, ölkədə siyasi, sosial və iqtisadi sabitliyi təmin edən ərzaq təhlükəsizliyinin əsas bazası olan kənd təsərrüfatına ayrılan büdcə vəsaitləri hədər getmir”.
Deputat xatırladıb ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun və həmin Qanunun icrasını təmin etmək üçün “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı qəbul edilib:
“Lakin, gələn ilin büdcə zərfində bu Proqramın icrası üçün nə qədər vəsait ayrılması öz əksini tapmayıb. Qarabağa Böyük Qayıdışı nəzərə alsaq, bu bölgədə kənd təsərrüfatı kooperasiyasının inkişafı üçün geniş imkanlar olduğunu görərik. Bu prosesə dəstək üçün büdcədən məqsədli vəsaitin ayrılmasına böyük ehtiyac var.
Naxçıvandan seçilən deputat kimi Naxçıvan Muxtar Respublikasının ehtiyac və qayğılarına diqqətlə yanaşdıqları üçün başda möhtərəm Prezidentimiz olmaqla hörmətli Maliyyə naziri Samir Şərifova öz dərin təşəkkürümü bildirirəm.
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunun tələblərinə və müasir çağrışlara uyğun olaraq şəffaf, aydın və əhatəli hazırlanmışdır. Mən qanun layihəsini dəstəkləyirəm və deputat həmkarlarımı da səs verməyə çağırıram”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ