Sizin reklam burada
Sizin reklam burada

Millət vəkili İltizam Yusifov Şirvanda ciddi narahatlıq doğuran problemlərdən danışdı

Millət vəkili İltizam Yusifov Şirvanda ciddi narahatlıq doğuran problemlərdən danışdı Iltizam Yusifov
millət vəkili

"Bu bir reallıqdır ki, müzakirəmizə təqdim olunan 2022-ci il Dövlət büdcəsi 30 illik müstəqillik tariximizin ən böyük büdcəsidir. Büdcə layihəsində demək olar ki, bütün sahələr üzrə artım, o cümlədən əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Təqdirəlayiq bir haldır ki, həm vətən müharibəsindən, həm də pandemiya ilə bağlı böyük məhdudiyyətlərdən sonra da Ölkədə bütün Dövlət Proqramların və bütün sosial layihələrin icrası davam etdirildi. Bu Azərbaycan dövlətinin nə qədər qüdrətli və həm də Azərbaycan iqtisadiyyatının dayanıqlı olmasının bariz nümunəsidir.
Əvvəlcədən deyim ki, təqdim olunan “Dövlət büdcəsi haqqında” qanun layihəsini mən də dəstəkləyirəm və lehinə səs verəcəm". Bu fikirləri Milli Məclisin bu gün-noyabrın 23-də keçirilən plenar iclasında "2022-ci ilin Dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili İltizam Yusifov çıxış edərkən səsləndirdi. O, qanun layihəsi ilə bağlı sual doğuran bir neçə məqamı dilə gətirdi:
"Təqdim olunmuş Büdcə layihəsində, qəbul olunmuş Dövlət proqramları çərçivəsində həyata keçiriləcək infrastruktur layihələri ilə bağlı ayrıca məlumat görünmür. Aydın olmur ki, 2022-ci ildə təmsil etdiyimiz şəhərlərdə hansı layihələrin həyata keçirilməsi planlaşdırılır? Bu layihələrə maliyyə vəsaiti ayrılıb, ya yox?
Bundan əlavə sual olunur: Büdcədə Azərbaycan Respublikası şəhər və rayonları üzrə gəlirlər və xərclər bölməsində göstərilən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə özündə nəyi ehtiva edir?
Bu məsələ Hesablama Palatasının 2022-ci il Dövlət büdcəsi layihəsinə verilmiş rəydə də öz əksini tapıb".
Millət vəkili hökumət nümayəndələrinin iclasda olmasından istifadə edərək təmsil etdiyi Şirvan şəhəri ilə bağlı bir neçə məsələyə də toxunmaq istədiyini bildirdi:
"Bilirsiniz ki, Şirvan Azərbaycanın ən iri 5 şəhərindən biri olaraq, Mərkəzi Büdcəyə gəlir gətirən şəhərlərdəndir. Çox təəssüf ki, bu sənaye şəhərinin ölkənin ümumi daxili məhsulunda payında azalma tendensiyası müşahidə olunur. Şəhərin ən böyük və əsas problemlərindən biri işsizliklə bağlıdır. Bu məsələ mənim tərəfimdən artıq 2 dəfə “hökümətin hesabatının” müzakirələri zamanı yazılı surətdə hökumətə çatdırılıb. Artıq icrası üçün müvafiq qurumlara göstərişlər də verilib. Düşünürəm ki, Hökumət bu sahədə müvafiq tədbirlər görəcək və yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaqdır.
Şəhərin digər əsas problemi isə Su-kanalizasiya sisteminin tikintisinin yarımçıq qalmasıdır. Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində bu layihə son 10 ildə cəmi 25 % icra olunmuşdur. Bu müddətdə şəhər böyümüş, tələblər bir qədər də artmışdır. Hesab edirəm ki, Şəhərin su-kanalizasiya sistemi layihəsi artıq yenidən işlənməli və icra olunmalıdır.
Digər bir problem Şəhərdaxili ictimai nəqliyyat sisteminin yox səviyyəsində, heç bir standartlara, müasir tələblərə, ölkəmizin inkişaf səviyyəsinə və imicinə uyğun olmamasıdır".
Millət vəkili əlavə etdi ki, Şəhərdə çoxmərtəbəli binalarının dam örtüklərinin bərpasına böyük ehtiyac vardır.
Şirvanda müasir tipli Peşə Təhsili Mərkəzinin açılmasına da böyük ehtiyac vardır:
"Mən hökümətdən xahiş edirəm ki, bu məsələlərə də diqqət ayırsınlar.
Şirvanla bağlı bir məsələyə də toxunacam. Bilirsiniz ki, ölkə başçısı cənab İlham Əliyev son Tokio Olimpiadadakı nəticələrimizə haqlı iradını bildirərək, tikilmiş idman qurğularının fəaliyyətinin təftiş edilməsini bildirmişdir.
Tikintisinə 10 milyonlarla xərc qoyulan, 80 % işlərin bitdiyi, böyük futbol ənənələrini özündə əks etdirən Şirvan şəhərinin mərkəzi stadionu, işlərin dayandırılması səbəbindən 15 ildir baxımsız halda dağılmağa məhkumdur. Nəticə isə göz qabağındadır: Bir tərəfdə stadion yarımçıq qalıb, dağılır, digər tərəfdə isə Bakıda Milli komanda hətta, Lyuksemburq kimi bir komandaya uduzur.
Mən aidiyyatı qurumlardan, bu məsələnin həllinə köməklik etməyi xahiş edirəm".
Deputat İltizam Yusifov çıxışı zamanı onu da əlavə etdi ki, 2030- Milli Prioritetlərə əsasən Paytaxt və reqionların tarazlı inkişafı, yeni sənaye zonalarının yaradılması, baxımından Şirvanın inkişafı, İş yerlərinin açılması, şəhərdə iqtisadi aktivliyi artırmaq üçün, həm də gələcəkdə Bakı şəhərinin yükünü azaltmaq baxımından Universitetlərin, Nazirliklərin və digər qurumların Şirvanda yerləşdirilməsi və Şirvanın Ələt İqtisadi zonasına inteqrasiyası məsələsinə baxmaq olar.
Milli Prioritetlərə uyğun olaraq Bio müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsinin vacibliyini nəzərə alaraq, aidiyyatı qurumlardan xahiş edirəm ki, bu gün ekoloji fəlakət yaşayan, Respublikanın ən böyük göllərindən hesab olunan Hacıqabul gölünün mülkiyyət sahibini və statusunu müəyyən edərək gölün bərpası üçün tədbir görsünlər.
Ümumilikdə isə büdcə layihəsini məqbul hesab edirəm, lehinə səs verəcəm.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ