Sizin reklam burada
Sizin reklam burada

Şuşa, yeni həyatın mübarək Qarabağ!

Şuşa, yeni həyatın mübarək Qarabağ!Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova

“Əziz Şuşa, biz qayıtmışıq!”- bu sözləri biz 28 il altı ay gözlədik, ancaq çox böyük ümidlə, inamla gözlədik. Bilirdik ki, tarixin sınağından alnı açıq çıxan Şuşa düşmənin qarşısında əyilməz, sınmaz ruhu ilə dayanacaq, ona meydan oxuyacaq! Cənab Prezident İlham Əliyevin dediyi kimi, “ burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib”.
Qədim Azərbaycan torpağı olan Şuşanın təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar . XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. Azərbaycanın məşhur mədəniyyət xadimləri yaşayıb yaradıblar - Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Hacı Hüsü, Keçəçi Məmməd, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu... Burada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir yaşayıb yaradıb. Aleksandr Dümanı heyrətə gətirən Xan qızı Natəvanın şer məclisləri dillər əzbərinə çevrilib. Şərqin ilk dramaturgiyasının bünövrəsi Azərbaycanda qoyulub, eləcə də milli operanın beşiyi də Azərbaycandır. İlk professional orkestr də bizim vətəndə dünyaya səs salıb. Həm böyüklər, həm də uşaqlar üçün ilk balet də ölkəmizdə yaranıb. Maraqlıdır ki, bu ölməz sənət abidələrinin bünövrəsini qoyanlar məhz Şuşa ilə bağlı olublar. Şərqin, türk dünyasının ən görkəmli memarlarından biri olan Səfi xan Qarabaği, türk dünyasında musiqi nəzəriyyəçisi, rəssam və şair Mir Möhsün Nəvvab Şuşanın yetirməsidir. Azərbaycan dramaturgiyasında ilk faciə əsərinin müəllifi Nəcəf bəy Vəzirov da bu torpaqda doğulub. Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Üzeyir Hacıbəyli, Soltan Hacıbəyli, Zülfüqar Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov, Əşrəf Abbasov kimi nəhəng sənətkarlar Şuşanın havasını udub, suyunu içib, onun əsrarəngiz təbiətindən güc və yaratmaq qabiliyyəti alıblar.
Tarixdə 3 dəfə 1905, 1920 və 1992-ci illərdə Şuşa şəhəri tamamilə yandırılmışdır. Şuşanın1992-ci il may ayının 8-də erməni faşistləri tərəfindən işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən, Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. Əlbəttə ki, bizim igid əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində düşmən bu barbarlığın cavabını layiqincə aldı.
“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Artıq altı aydır ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu tərəfindən erməni işğaldan azad edilmişdir. Bu gün Şuşa yenidən qurulur, ona yeni həyat, yeni nəfəs verilir.
Prezident, Müzəffər, Qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev Vətən Müharibəsindən sonra Şuşaya ilk səfərində bu qədim, tarixi diyardan bütün Azərbaycana və dünyaya bəyan etdi ki, “ Bu torpaqlar tarixən də bizim olub, hər zaman da bizim olacaqdır “ burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!” Bu bəyanat çox təsiredici, həm də məsuliyyətlidir. Ancaq Ali Baş Komandan bu müqəddəs işi, şərəf borcunu bizim qəhrəman hərbiçilərimizə, cəsur, igid döyüşçülərimizə, övladlarımıza tapşırdı: “Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın”.
Ölkə başçısı dəfələrlə öz çıxışlarında deyirdi ki, “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bütün amillər - güclərin nisbəti, beynəlxalq, iqtisadi, hərbi amillər bunu göstərir. Sadəcə olaraq, vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq” . O bu fikirləri deməklə yanaşı, həm də bu arzunun, inamım gerçəkləşməsi üçün hərtərəfli siyasət həyata keçirir, ölkənin siyasi, iqtisadi və hərbi gücünü, nüfuzunu artırırdı. Artıq bu gün Qarabağ, Şuşa, 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir. Dirçəlişin mübarək Şuşa, yeni həyatın mübarək Qarabağ!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ