Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyəti ölkədə nümunə kimi yayılmalıdır
Bəlkə də, qələmə alacaqlarımıza çoxları barmaqarası baxacaq, inanmayacaq, bunu şəxsiyyətə pərəstişdən çox mədhiyyə də adlandıracaqlar. Çünki, son illər ölkədə icra strukturları səviyyəsində yaranan məmur özbaşınalıqları ictimaiyyətin haqlı narazılığına səbəb olmuş, icra başçılarına, onların atacaqları müsbət addımlara inam yox dərəcəsinə enmişdir. Təbii ki, prezident İlham Əliyev baş qaldıran hər hansı neqativ hallara qarşı daim barışmaz olmuş, keçirilən regional müşavirələrdə dəfələrlə bunu yolverilməz hesab etmişdir.
Əlqərəz… Cənab prezident İlham Əliyev Qazax rayonuna əslən Muğan torpağından olan Sabirabad rayonunun Qaralar kəndində doğulub, boya-başa çatmış insanlıq süzgəcindən keçirib, özündə xarakterləşdirən Rəcəb Babaşovu icra başçısı təyin etdi. Əlbəttə, hələ fəaliyyətinin ilk pillələrində biz onun haqqında təkcə qazaxlıların deyil, tanıdığımız ətraf rayon sakinlərinin dilindən ən xoş sözləri eşidirdik. Redaksiyamıza rayon gənclərindən birinin R.Babaşova həsr etdiyi duyğusal şeir daxil oldu. Dolayısı ilə bu gənc, icra başçısının qazaxlılara diqqət və qayğısını nəzmə çəkmişdi. Şeiri olduğu kimi bu ilin ilk sayında, yanvarın əvvəli çap etdik. Qəzet çapa gedəndən sonra redaksiyamıza rayon rəhbərinin nümunəvi fəaliyyəti ilə bağlı məktub və zənglərin ardı-arası kəsilmədi. Nəhayət, maraq bizi götürdüyündən ötən həftə yolumuzu saldıq Qərb bölgəsinə - Qazaxa.
Aldığımız məktubların içərisində daha çox orta məktəblərə və bağçalara göstərdiyi yüksək qayğıdan söz açıldığından, əvvəlcə Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı ilə görüşüb həmsöhbət olduq.
Görüş zamanı N.Babanlının dediklərindən:
- …Uzağa getməyək, iki il bundan qabaqkı Qazaxa da baxın, indiki Qazaxa da baxın. Tarix hər şeyi olduğu kimi sübut edir. Rəcəb müəllim 2016-cı ildə bu rayona rəhbər təyin olunanda, demək olar ki, 20 ilə bərabər görüləsi işlər, yığılıb qalan problemlər var idi burada. Lakin bu insanın fədakar əməyi, təcrübəli rəhbər fəaliyyəti, ən başlıcası isə qazaxlılara doğma münasibəti nəticəsində həmin məsələlər ötən iki il ərzində öz müsbət həllini əhəmiyyətli dərəcədə tapdı. Qonşu Gürcüstanla sərhəd olan Sınıq Körpü ərazisində əsl zibilxana yaranmışdı, antisanitariya baş alıb gedirdi. İndi həmin ərazidə sanitar qaydalar hökm sürür, yol kənarlarında müvafiq qaydada kafe və marketlər, çayxanalar, avtobus dayanacağı fəaliyyət göstərir. Eyni zamanda, tullantı əşyaları üçün xüsusi olaraq zibil qutuları qoyulmuş, ərazidə kifayət qədər yaşıllaşma aparılmış, gül-çiçəklər əkilmişdir. Nəinki qonşu dövlətdən, eləcə də dünyanın bir çox ölkələrindən Azərbaycana gələn xarici qonaqlar, turistlər artıq respublikamızın gözəlliyinin buradanca şahidi olmağa başlayırlar.

Mən 1991-ci ildən burada rəhbər vəzifədə çalışıram. Bu illər ərzində çox icra başçıları gəlib-gedib Qazaxa. Belə işgüzar, yorulmaq bilməyən, canıyanan, mərhəmətli, səxavətli, səmimiyyətli, dəyanətli, fədakar rəhbər ilk dəfədir ki, gəlir Qazaxa. Rayonda hər kəs bildiyi, bacardığı işə uyğun olaraq əməyə cəlb edilib. İşsizlik yox dərəcəsindədir. Qəbula gələn hər kəsin müraciəti yerindəcə həll olunur, heç kəs narazı geri dönmür. Elə ona görə də problemlər maksimum həll olunduğuna görə də demək olar ki, başçının qəbul günü qəbula gələn yoxdur. Həyat öz axarındadır. Təhsil müəssisələrindən tutmuş, uşaq bağçalarınadək başçının yaxşı mənada tam nəzarətindədir. Bağçalarda təmir işləri artıq demək olar ki, yekunlaşmaq üzrədir. Uşaqlara verilən yeməyə Rəcəb müəllim gündəlik şəxsən, nəzarət edir. Körpə dana əti, özü də “ankor” yağı ilə bişirilməlidir. Digər yemək növləri də tam keyfiyyətli və sanitar qaydada gündə üç dəfə hazırlanır, körpə və uşaqlara rejim qaydaları əsasında verilir.
Rayondaxili yolların asfaltlanması işləri davam etməkdədir. Bu yaxınlarda Xanlıqlar kəndindən yaşlı bir təqaüdçü qadın qəbula gəlmişdi. Evinin köhnə, uçuq olmasından, sosial vəziyyətinin aşağı olmasından danışdı… Qadını yola saldıqdan bir neçə gün sonra Rəcəb müəllim, şəxsən həmin təqaüdçünün vəziyyətilə maraqlanmaq üçün evinə getdi. Köhnə daxmadan içəri keçəndə ilk diqqətini cəlb edən divardan asılmış ölkə Prezidentinin şəkli oldu. Dərhal şəxsi vəsaiti hesabına qadına yeni ev tikintisini başlatdı…
Sadalamaqla bitib-tükənməyən rəhbər xeyirxahlığı bu insanı qazaxlıların məhəbbət ünvanına çevirib. Daş Salahlı kəndində ucaldılan 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının abidəsi bərbad halda idi. Başçının göstərişi ilə abidə yenidən, həm də yüksək səviyyədə işlənib, bərpa edildi. Ermənistanla həmsərhəd olan Məzəm və Quşçu Ayrım kənd sakinlərinin təhlükəsizliyinin təmini məqsədilə sərhəd boyunca 4 metr hündürlükdə daş hasar çəkdirdi.
Əkin-biçin vaxtı taxıl, kartof, tütün, barama və digər məhsullar başçının tapşırığı ilə müvafiq qiymətə kənd camaatından alınır ki, bu da məhsulun əldə qalmasının qarşısını alır, növbəti əkin-biçinə əməkçilərdə həvəs yaradır. Hətta, kənd icra nümayəndələri verilən tapşırıq əsasında baramaçılara hazır tut yarpaqları toplayıb payılayırlar ki, bu da daha yüksək məhsuldarlığın əldə edilməsinə səmərəli şərait yaradır.
Başqa sözlə, Rəcəb Babaşov sırf xalqla, əhali ilə işləyir. Daim insanların arasındadır. Digər rayon başçılarından fərqli olaraq rayonu gəzəndə, adamlarla görüşlər keçirəndə yanında heç bir hüquq-mühafizə işçilərini görməzdik. Çünki hamı onu deyir, hər kəsin hörmət və məhəbbətini qazanıb. Torpaq sərəncamı ilə bağlı sənədlər səhər təqdim olunur, axşama hazır edilir. Belə rəhbərdən narazı qalan özündən narazıdır demək…
Təhsil Şöbəsindən çıxıb digər qəbil insanların fikrini öyrənmək məqsədilə rayona gəzintiyə çıxdıq.
Beləliklə, əvvəlcə parkda ağacların və güllərin diblərini boşaldaraq, onları sulayan zəhmətkeş sakinə yaxınlaşdıq.
- Mümkünsə, özünüzü təqdim edəsiniz.
- Sarvaniyev Adil Vəzir oğlu, Qazax rayon “Təvəkküllər” parkının bağbanı. Bilirsiniz, rayonumuzun başçısı Rəcəb müəllim haqqında ancaq xoş sözlər demək olar. O, bu rayona rəhbər gələndən Qazaxın siması büsbütün dəyişib. Təmizlik, abadlıq işləri yüksək səviyyədə təmin olunub, işsizlik maksimum aradan qaldırılıb, məmur özbaşınalığına son qoyulub. Bir sözlə, rayon durmadan inkişaf edir, gözəlləşir. Bütün bunlar biz qazaxlılar üçün edilir. Buna qiymət verməmək Allahsızlıq olar. Əmək haqlarımız da vaxtlı-vaxtında verilir.
Digər müsahibimiz əmək veteranı Oqtay Binnətovdur:
- Bizim başçımız həqiqətən çox tərifəlayiqdir. Ona görə ki, bura rəhbər təyin olunduğu iki il ərzində ötən illərdən yığılıb qalan gerilikləri aradan qaldırmış, gözdən-könüldən uzaq düşmüş küçə və dalanları, park və xiyabanları səliqəyə saldırmış, abadlaşdırmış, başqa sözlə, misli görünməmiş işlər, yeniliklər həyata keçirmiş və bu istiqamətdə ənənəvi olaraq davam etdirilməkdədir. Bu adamın istirahəti yoxdur. Sübh tezdən gecə saatlarınadək iş başındadır. Görülən və görüləcək bütün işlərə şəxsən nəzarət edir. Neçə illərdə ilk dəfədir ki, Qazaxa qazaxlıları istəyən, bu rayona ürəkdən can yandıran, mərhəmət göstərən alicənab başçı gəlib. Biz onunla fəxr edirik. Bütün bunlar üçün, belə nəcib insanı rayonumuza rəhbər təyin etdiyi üçün əlbəttə, cənab Prezidentimizə öz minnətdarlığımızı bildiririk.
Heç kəs Rəcəb Babaşovun qəbulundan narazı deyil. Demək olar ki, sosial problemlər tam həllini tapıb və ona görə də qəbul günü müşahibə etsəniz, çox az adam gözə dəyir. Yəni, problem həllini tapırsa, daha vətəndaş qəbula niyə gəlməlidir?
Bu arada söhbətə növbəti sakin Elnadov Şöhrət Firudin oğlu qoşulur:
- Bilirsiz, başçı kənd ərazi nümayəndələrinə elə tapşırıq verib ki, hər hansı problem ortaya çıxarsa, nümayəndələr onu yerindəcə həll edirlər. Daha kəndçi işini-gücünü buraxıb qəbula gəlməyə ehtiyac duymur. Bu mənada rayonda həyat öz axarında davam edir. Mərkəzdə yaşayanların problemi də eyni qaydada, şəhər nümayəndəliyi tərəfindən yerindəcə həll olunur.
Rəcəb müəllimin rayon sakinləri ilə davranışı, danışığı, ünsiyyəti, münasibəti digər rayon rəhbərlərilə müqayisəolunmaz dərəcədə nümunədir. Mən Qazaxın Ağköynək kəndində yaşayıram. 53 yaşım var. Bu yaşımda mənə nə məddahlıq, riyakarlıq, nə də yalan danışmaq yaraşmaz. Bu insan barədə nə qədər qiymətli söz desək azlıq edər. O, bütün bunları iki illik rəhbər fəaliyyətində əməli şəkildə qazanıb. Cəbhə bölgəsi tərəfdə yaşayıram. Başçı hər həftə şəxsən ön cəbhəyə gəlir. Oradakı hərbi hissə rəhbərliyi ilə, əsgərlərlə görüş keçirir, onlara maddi-mənəvi yardımlar edir.
Mustafayev İman Məmməd oğlu: - 84 yaşım var. Əmək veteranıyam. Oqtay müəllimin dediklərini mən də tam təsdiqləyirəm. Yaşadığım “Bakı” küçəsi, 2-ci döngədə küçəboyu narahatlıq doğuran məsələləri gəlib görüb, şahidi oldu və aidiyyatı təşkilata tapşırıq verdi, qısa müddətə problem aradan qaldırıldı. İndi orada kanalizasiya məsələsinin həllini nəzarətə götürüb. Əminəm ki, tezliklə bu məsələ də müsbət həllini tapacaq.
- Elə isə siz, yaşlı nəslin nümayəndəsi olaraq icra başçısı Rəcəb Babaşovu necə xarakterizə edərdiz?
- Çox sadə və təvazökar adamdır. Bu xarakterinə görə ona qibtə edirəm. Hər kəslə maşını saxlayıb görüşür, dərd-sərilə maraqlanır, ehtiyacı olana şəxsən, özü maddi yardım edir. Əvvəlki başçıları da biz bunu görmürdük. Onun elə maşından düşüb adamlarla bir-bir əl tutub görüşməyi, əhvalını soruşmağı bizə bəs edir. Elə bir xeyir-şər məclisi yoxdur ki, Rəcəb müəllim orada iştirak etməsin. Hər gün demək olar, rayonun Mədəniyyət evində sakinlərlə görüş keçirir, sakinlərin dərd-səri ilə maraqlanır, qaldırılan məsələləri dərhal, yerindəcə həll edir.
Söhbətə bayaqdan bəri bizi dinləyən başqa bir sakin qoşulur: - Kanalizasiya məsələsi də tezliklə həllini tapacaq, digər məsələlər də… Burada, parkda oturmaq olmurdu. Zövq oxşayan, maraqlı heç nə yox idi. Kişinin oğlu yaradıbdı; bu fəvvarələrə, fantanlara, güllərə-çiçəklərə, səliqə-səhmana, gözəlliyə söz ola bilməz. İndi rayon sakinləri hər gün asudə vaxtının səmərəli keçməsi üçün axın-axın gəlir, nəinki bu parka, eləcə də rayondakı digər parklara, yaşıl bağlara. Alqışlayırıq bu başçını.
Sonra parkda əlil arabasında dincələn sakinə yaxınlaşırıq.
Firuz Xasməmmədov, 1-ci qrup əlil. Diktafonu ona sarı yaxınlaşdırırıq. Sanki, gəlişimizi gözləyirmiş kimi, dərhal sözə başlayır:
- Rəcəb müəllim rayonumuza icra başçısı təyin olunandan bu yana bütün sahələrdə yaxşılığa doğru irəliləyiş özünü göstərdi. Bu insan elə bil rayonun geridə qalmış sahələrini inkişaf etdirmək, keçmiş rəhbərliklərdən yığılıb qalan problemləri, əyintiləri aradan qaldırmaq üçün Tanrı mərhəmətilə bizə göndərilib. Xüsusilə, kənd təsərrüfatında bir dönüş yaradıb. Tütünçülük, baramaçılıq, kartof əkini sahəsində son iki ildə insanlar yüksək məhsuldarlıq əldə edib. İcra başçısı həmçinin yetişdirilən məhsulun kənd əhalisindən müvafiq qiymətə alışını təşkil edir. Heç bir məhsul əldə qalmır. Rayonda işsizlik minimum səviyyədədir. Rəcəb müəllim aztəminatlı ailələrin, əmək və müharibə veteranlarının - əlillərin sosial vəziyyətləri ilə daim yaxından tanış olur, bu istiqamətdə diqqət və qayğısını əsirgəmir. Hər il dekabrın 3-ü Beynəlxalq Əlillər Günü münasibətilə geniş, musiqili ziyafət təşkil edir, özü də həmin ziyafətdə şəxsən iştirak edir. Belə bir vətənini, dövlətini, xalqını sevən mərhəmətli insanı rayonumuza icra başçısı təyin etdiyinə görə cənab Prezident İlham Əliyevə rayon əlilləri adından təşəkkür edirəm.
Rayonu gəzə-gəzə gəlib çıxırıq gənclər üçün yaradılan musiqili-əyləncəli istirahət yerinə. Buraya rəhbərlik edən gəncə yaxınlaşırıq. Özünü təqdim edir.
Mirzəyev Vəliyulla: - Cənab başçımız digər sahələrlə yanaşı, biz gənclər üçün də asudə vaxtımızın mənalı keçməsindən ötrü hər cür imkanlar yaradıb. Elə biri də çalışdığım bu obyektdir. Mənim 20 yaşım var. Bura, əslində gənclər üçün xidmət göstərən kafedir. Tələbə-gənclər hər gün müvafiq vaxtlarda gəlirlər, burada əylənirlər, şənlənirlər, musiqi dinləyir, rəqs edir, çay, kofe, sok içirlər, şirniyyat, dönər yeyir, həyatlarının mənalı anlarını keçirirlər. Hətta, ailəvi gələnlər də olur. Bu, divarlardakı kiçik vərəqlərə də öz ürək sözlərini yazıb yapışdırırlar. Səhər saat 10-11-dən axşam 7-8-dək fəaliyyət göstəririk.
Qeyd: Beləcə, Qazaxa iki günlük səfərimiz başa çatdı…
Deyim ki, 30 ilik peşə fəaliyyətim dövründə görmədiyim, şahidi olmadığım, müşahidə etmədiyim mərhəmətli, eyni zamanda ciddi rəhbər fəaliyyətini bu rayonda gördüm. Əslində səfər öncəsi bəzi saytlarda media nümayəndələrinin Qazaxın icra başçısı Rəcəb Babaşovun “yarıtmaz fəaliyyətindən” söz açdıqlarından məlumatlı idim və səfərdən məqsəd bu məlumatların həqiqətə nə dərəcədə söykəndiyinin şahidi olmaq idi.
Beləliklə, sözügedən rayonda müxtəlif təbəqəli sakinlər arasında sorğular keçirməklə fəaliyyətimizə start verdik. Tam azad və müstəqil keçirdiyimiz çoxsaylı sorğudan məlum oldu ki, bu rayonun rəhbəri R.Babaşov haqqında yazılanlar tamamilə ağ yalan, iftira və böhtandan savayı heç nə deyil. Yaraşmayan qərəzli sözləri bu insan haqqında qələmə alan qələmbazlara üzümü tutub demək istəyirəm ki, söz Allahdan gəlir və yalan söz demək, bu mənada həm də günahdır. Bir başınızı qaldırıb Allahı görün. Bir yolunuzu salın Qazaxa, rayon rəhbərinin fəaliyyətindən xəbərdar olun, sakinləri dinləyin, gözünüzü açıb görülən işlərin şahidi olun, sonra vicdanınızın səsilə əlinizə qələm alıb yazın əsl həqiqətləri. Əlbəttə, o zaman görəcəksiniz ki, bu insan Allahın mərhəmətilə cənab Prezident tərəfindən qazaxlılara sanki bir hədiyyə olaraq rəhbər təyin olunub. Baxın, bu sözləri mən yox, sorğu götürdüyüm hər bir Qazax sakini deyir.
Rayonda yaradılan və insanlığa xidmət edən qanun-qayda, səliqə-səhman, ardıcıl yaradılan iş yerləri, inzanların asudə vaxtının səmərəli keçməsindən ötrü salınan yaraşıqlı park və xiyabanlar, köhnələrin müasir qaydada təmir-bərpa edilməsi, ekoloji zənginlik, fantanlar və sair göz oxşayır. Bağça və məktəblərin müasir dəbdə təmiri, uşaqlara göstərilən diqqət və qayğı, cəbhə boyu kəndlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılan zəruri imkanlar, cəbhə bölgəsindəki hərbi hissəyə, oradakı Vətəni qoruyan əsgər balalarımıza diqqət və qayğı, hələ sadalamadığım saysız işlər, məhz Rəcəb Babaşovun yorulmaz fəaliyyətinin görüntüləridir. Rayonda rüşvətin kökü bu insanın iki illik fəaliyyəti dövründə tam kəsilib.
Başqa sözlə, Qazax rayonundakı nümunəvi rəhbər fəaliyyəti ölkənin digər bölgələrinə örnək olacaq səviyyədədir.
Əminəm ki yazıdan bəzi saytlar nəticə çıxaracaq, buraxdıqları səhvlərə düzəliş edəcəklər.
Bəradər Səməndərli
