Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlar qanun layihələrinə təklif və iradlarını bildirdilər

    Deputatlar qanun layihələrinə təklif və iradlarını bildirdilər Milli Məclisin oktyabrın 14-də keçirilən iclası bir sıra həlli vacib məsələlərin müzakirəsi ilə yadda qaldı. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Təhsil haqqında” qanunlara dəyişikliklə bağlı çıxış edən deputatlardan bir neçəsinin fikirləri daha çox diqqət çəkən olduğundan nöqtəsinə, vergülünə toxunmadan dərc edirik.
    Hər üçü bir paketə məxsus olan sözü gedən məsələləri əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli təqdim etdi və mahiyyəti barədə geniş məlumat verdi. Qeyd etdi ki, “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən bilavasitə Elmlər Akademiyasına da imkan verildi ki, orada magistratura təhsilini gənclərimiz ala bilsinlər. Hər iki qanunda güzəştlər, təhsil haqqının dövlət hesabına ödənilməsi həmin qanunda təsbit olunan insanlara da şamil olunur. Yəni, Elmlər Akademiyasının magistratura pilləsində təhsil alan uşaqlara həmin imtiyazlar aid olunur. Bu, bütövlükdə sosial müdafiənin daha da güclənməsinə yönəlib.
    Elm və təhsil komitəsinin sədri, deputat İsa Həbibbəyli həmkarının fikirlərinə geniş şərh verərək dedi: - İlk növbədə iki məsələ, təhsil qanunu ilə magistraturanın dövlət təhsilinə aid edilməsi ilə bağlı uyğunlaşmağı ifadə edir və eyni zamanda, qeyd etməliyəm ki, bu, dövlət başçısı cənab İlham Əliyevin sosial müdafiəni gücləndirmək istiqamətindəki ardıcıl siyasətində göstərilən mühüm faktlardan biridir. Onu da deməliyəm ki, magistratura gəncliyin daha fəal formalaşmasına kömək edəcəkdir. Təhsil qanununda da buna uyğun olaraq müvafiq icra orqanının müəyyən etdiyi elmi təşkilat adlı əsas anlayış daxil edilib. Əsas anlayış şərhi də bu anlayışın mahiyyətini bütün dolğunluğu ilə əks etdirir. Eyni zamanda, bu qanuna uyğun olaraq müvafiq İcra hakimiyyəti oraqanının müəyyən etdiyi elmi təşkilatlarda yəni, Elmlər Akademiyasında təhsil alan magistrantlara da təhsilin digər pilləsində təhsil alan və ali məktəblərdə təhsilini davam etdirən digər tələbələr kimi təhsil haqqından azad olunmaq hüququnu özündə əks elətdirir. Bu da ölkəmizdə sosial siyasətin uğurla davam etdirildiyini göstərən bir faktdır və qanunvericiliyin təkmiləşdirilməsinə öz töhvəsini verəcəkdir.
    Millət vəkili Əflatun Amaşov:
    - Doğrudan da bu gün Azərbaycan dövləti şəhid ailələrinə hər cür qayğı göstərir. Bu dəyişikliklər də deyilənlərə bir nümunədir. Mən burda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda edilən dəyişikliklərlə bağlı danışmaq istəyirəm. Heç kəsə sirr deyil ki, biz bu gün müharibə şəraitində yaşayırıq. Belə bir şəraitdə şəhid ailələrinin dövlətin bu və ya digər imtiyazlarından bəhrələnməsi çox vacibdir. Qanuna ediləcək dəyişiklik də məhz buna xidmət edir. Ancaq mən burda başqa bir məqama toxunmaq istəyirəm. Milli Ordunun giziri Fariz Novruzov şəhid olanda mən Saatlıda oldum və bu rayonun deputatı kimi onun dəfnində iştirak etdim. Valideynlərinin vəziyyəti ilə maraqlandım. Əlbəttə, dövlətin qayğısı var. Ancaq vəziyyət belədir ki, şəhidə görə onun ailəsinə 10 min manat birdəfəlik müavinat ödənilir. Lakin Azərbaycanda elə şirkətlər var ki, bədbəxt hadisə zamanı işçisinin həyatını 100 min manatadək birdəfəlik sığortalayır. Belə olan halda torpaqlarımızın qorunması uğrunda qəhrəmancasına şəhid olan əsgərimizin ailəsinə 10 min manat ödənilməsi doğurdan da yetərli deyil. İstərdim ki, bu məsələyə ciddi şəkildə yanaşaq. Baxmayaraq ki, indiyədək mümkün olmamışdır, amma gələcəkdə həmin məbləğin artırılmasını gündəmə gətirək. Bu, cəmiyyətdə əlbəttə, ruh yüksəkliyinə səbəb ola biləcək.
    Millət vəkili Musa Quliyev:
    - Məndən öncə çıxış edən deputat həmkarlarımın fikirlərini dəstəkləyərək bildirirəm ki, müzakirə etdiyimiz hər üç qanun lahiyyəsi Azərbaycanda sosial cəhətdən müdafiəyə ehtiyacı olan şəxslərin sosial müdafiəsinin təminatının gücləndirilməsinə yönəlib. Cənab prezidentin şəhid ailəsinə, onların övladlarına və valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğısının ifadəsidir. Şübhəsiz ki, biz bunların hər üçünə yekdilliklə səs verəcəyik və qəbul edəcəyik.
    Mənim isə hər üç qanuna təklifim var. Hesab edirəm ki, bu təkliflər həm qanun yaradıcılığı texnikasını və qanunların uzlaşdırılması baxımından əhəmiyyətlidir, həm də sosial ədalətin daha ciddi şəkildə qorunması üçün də vacibdir.
    Birinci növbədə təklifim ondan ibarətdir ki, 23 yaş məhdudiyyəti həm şəhid uşaqlarından, həm də valideynini itirmiş uşaqlardan götürülsün. Əgər bakalavr pilləsində biz bu məhdudiyyəti qoymuşduqsa, bu anlaşılan idi. Yəni, 17 yaşında uşaq orta məktəbi qurtarırdı və 21 yaşınadək əgər həmin il ali məktəbə daxil olurdusa və ya daxil olduğunda da 23 yaşına qədər ona imkan verilirdi ki, dövlət vəsaiti hesabına təhsil alsın. Amma magistratura pilləsini tətbiq ediriksə və magistraturaya biz bunu aid ediriksə, uşaqların çoxu, xüsusilə oğlan uşaqları hərbi xidmətə gedirsə, bu imkandan yararlana bilməyəcək.
    Digər tərəfdən ümumiyyətlə yaş məhdudiyyətinin heç bir mənası yoxdur. Şəhid uşağı 23 yaşında da 50 yaşında da şəhid uşağı sayılmalıdır. Hansı yaşda o hüquq, imtiyaz ona verilirsə, imkanı çatarsa həmin yaşda oxumağını dövlət öz üzərinə götürməlidir. Eyni zamanda, cənab Prezidentin 18 mart 2014-cü il tarixli bir sərəncamı var. Həmin sərəncamda bu yaş məhdudiyyəti söhbəti yoxdur. Və istər şəhid ailələrinin, istərsə də valideyn himayəsindən məhrum olmuş uşaqların təhsilində dövlət yaş məhdudiyyəti qoymadan tam təminatı öz üzərinə götürür.
    İkinci təklifim ondan ibarətdir ki, qanunların uzlaşdırılması baxımından cənab Prezidentin həmin tarixli sərəncamında həm valideyn himayəsindən məhrum olmuş uşaqların, həm də şəhid ailələrinə məxsus uşaqların özəl, bələdiyyə, dövlət təhsil müəsisələrində təhsil haqqları dövlət təəfindən ödənilir. Bizim bu qanunda isə onların yalnız dövlət təhsil müəssisəsində təhsil haqlarından azaddırlar. Belə çıxır ki, cənab Prezidentin sərəncamından geriyə addım atmış oluruq. Ümumiyyətlə, təhsil haqqında qanunda şəhid övladlarının oxuması ilə bağlı heç bir müddəa yoxdur ki, onlar pullu oxuyur, yaxud pulsuz oxuyur.
    Ona gorə hesab edirəm ki, hər üç qanun cənab Prezidentin sərəncamına uyğunlaşdırılmalıdır ki, həm 23 yaş məhdudiyyəti aradan götürülsün, həm də dövlət hesabına oxumaq müddəası özəl, bələdiyyə və dövlət müəssisələrinə də verilsin.
    Millət vəkili Adil Əliyev:
    - Təbii ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə bağlı müddəaları dəstəkləyirəm və səs verəcəyəm. Bununla yanaşı istərdim burada iki nüansı nəzərinizə çatdırım, hansıki, bu gün həqiqətən də şəhid ailələrini narahat eləyir.
    Birinci nüans ondan ibarətdir ki, təbii ki, son aprel hadisələri zamanı çoxlu sayda şəhid verdik. Həmin şəhidlərin ailələri heç bir çətinlik hiss etmədi. Dövlət rəhbərliyi və aidiyyatı qurumlar tərəfindən güclü diqqət yetirildi və nəzarətdə saxlanıldı ki, şəhid ailələri heç bir əziyyət çəkməsinlər. Dövlət bu mənada bütün məsuliyyəti öz üzərinə götürdü. Ancaq burda birdəfəlik ödənilən müavinatlar hesab edirəm ki, heç də onların bəzilərini qane etmir. Ona görə qane etmir ki, onlar şəhid verilən zaman və yaxud şəhidin 40 mərasimi başa çatana qədər addiyyatı üzrə rayon icra hakimiyyəti başçıları tərəfindən müəyyən diqqət və qayğı göstərilsə də əfsuslar olsun ki, sonradan bəzi İcra hakimiyyəti başçıları həmin şəhid ailələrinə əziyyət verir, saymamazlıqlar edir, onları hətta qəbul etmirlər. Ona görə də istərdim ki, şəhid ailələrinə diqqət yalnız şəhid dünyasını dəyişən anlarda deyil, bu qəbil ailələr bütün ömrü boyu dövlət tərəfindən diqqət və qayğı ilə təmin olunsunlar.
    İkinci qaldırdığım məsələ burda bəzi müavinətlərin verilməsi ilə bağlıdır. Müəyyən edilən icra hakimiyyəti orqanları tərəfindən təyin olunmuş müavinətlərin verilməsi ilə bağlı tez-tez dəyişikliklərin edilməsini təklif edərdim. Ona görə ki, son zamanlar manatın devalivasiyaya uğraması səbəbindən sərnişin nəqliyyat vasitələrində nəqliyyat sahibləri gediş haqqlarını öz başına qaldırır və ya endirirlər. Bu, müavinatların onlara yetərli olmamasından irəli gəlir. Təklif edərdim ki onlara müəyyən kartlar verilsin. Həmin kartlar pul əvəzi olaraq nəzərdə tutulsun və onlar bu kartlar vasitəsilə maddi çətinlik çəkmədən gedib gələ bilsinlər.
    Millət Vəkili Elman Məmmədov:
    - Mən “Təhsil haqqında” qanuna düzəlişlə bağlı yaş məsələsinə toxunmaq istəyirəm. Burda bir ziddiyətin olduğunu güman edirəm. Belə çıxır ki, şəhid övladı əgər təhsil alırsa, 23 yaşına qədər “şəhid ailəsi” statusuna malik olur, təhsil almırsa, 18 yaşında o, bu statusdan məhrum olur. Mənə elə gəlir ki, burada müəyyən mənada haqsızlıq və ya ədalətsizlik var. Bu, şəhid balasıdır. Onu “şəhid ailəsi” statusundan niyə məhrum eləməliyik?
    Digər tərəfdən təhsil məsələsinə hörmətli həmkarım Musa Quliyev də toxundu. Mən də hesab edirəm, təkcə dövlət təhsil müəssisələrində yox, ümumiyyətlə, şəhid övladları tabeliyindən asılı olmayaraq bütün (özəl, dövlət – E.M) təhsil müəssisələrində təhsil haqqından azad olunmalıdır. Maraqlı bir məqama aydınlıq gətirmək istəyirəm. Şəhidlərimiz əsasən, 1994-cü ilə qədər çox olubdur. Həmin ildə anadan olan şəhid övladının bu gün 22 yaşı var. Yəni, 1994-cü ildən sonra şəhidlərimizin sayı az olub. Ona görə hazırda təhsil alan şəhid övladlarının sayı bir neçə yüz nəfər olar, ya olmaz. Yəni, say bu qədər az olduğu üçün onlara bütün güzəştlər nəzərdə tutulandan da artıq olunmalıdır. Arzu edək ki, heç bundan sonra şəhidlərimiz olmasın. Şəhid övladlarının yaşı artıq 22-25-dən də yuxarıdır. Bizim bax, bu qanunlara görə onlar artıq “şəhid ailəsi” statusunu itiriblər. Odur ki, bu şəhid övladları narazılıq eləyirlər.
    Üçüncü məqama toxunmaq istəyirəm. Xocalı soyqırımı zamanı şəhid olmuş xocalıların əksəriyyətinin məzarı Ağdam rayonu ərazisində qazıldı. Ağdam rayonu isə işğal altındadır. Yəni, Xocalı şəhidlərinin məzarları da işğal altındadır. O, iki nəfərin məzarı Şəhidlər Xiyabanındadır və təxminən 50 nəfərə yaxın şəhidimizin məzarı Azərbaycanın müxtəlif rayonlarındadır. Hansı şəhid məzarı rayon mərkəzindədi, o, baxımlıdı. Hansı şəhidlərimizin isə məzarları rayon mərkəzindən kənarda, müxtəlif rayonların kəndlərindədir – cəmi 50-yə qədər qəbirdi – həmin rayon rəhbərlərindən heç biri tərəfindən o şəhid məzarlarına diqqət yoxdur. 1992-93-cü illərdə o məzarların üstü primitiv qaydada, başdansovdu götürülbdü. Həmin şəhid məzarları bugünədək baxımsız, bərbad vəziyyətdədir. Baxmayaraq ki, həmin rayonların rəhbərlərinə dəfələrlə müraciət eləmişik ki, məsələylə bağlı lazımi tədbir görsünlər, ancaq hələ ki, heç bir addım atılmayıb.
    Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, hörmətli, cənab Prezidentimiz şəhidlərimizin anım günlərini çox hörmətlə qarşılayır, keçirir və bu mənada şəhid ailələrimiz daim diqqət mərkəzindədir. Ancaq əfsuslar olsun ki, yerlərdə laqeydlik çoxdur. Bu ailələrin mənzillə, torpaqla, sahibkarlıq fəaliyyətilə məşğul olma istiqamətində köməkliklə təminatında problemlər hədsizdi. Bir də çox istərdim ki, bu sahəylə məşğul olan komitəmiz və başqa müvafiq dövlət qurumları tərəfindən ki, şəhid adının əbədiləşdirilməsinə, şəhid ailələrinə diqqət yetirilir, eləcə də bu gün dünyaya tanıtmaq istədiyimiz Xocalı soyqırımı ilə bağlı müəyyən qanunların qəbul olunması istiqamətində zəruri addımlar atılmalıdır. Soyqırıma məruz qalmış insanlara müəyyən imtiyazlar verilməsilə bağlı məsələləri gündəmə gətirməliyik. Mən bir neçə dəfə bu məsələyə toxunmuşam ki, axı biz istəyirik ki, bütün dünya ermənilərin Azərbaycan xalqının başına gətirdiyi Xocalı soyqırımını tanısın. Niyə də Xocalı soyqırımı ilə bağlı Xocalıya “soyqırıma məruz qalmış şəhər” adı vermirik? Soyqırıma məruz qalmış Xocalı sakinlərinə niyə görə “soyqırıma məruz qalmış şəxs” (ola bilər bu, hüquqi cəhətdən başqa cür formalaşdırıla bilər, ancaq məsələnin maddiyyatı bizi bir xalq kimi maraqlandırmamalıdır. Bunun mənəvi-siyasi tərəfi bizi maraqlandırmalıdır – Ş.M.) statusu, adı vermirik? Bu məsələlərin gündəmə gətirilməsinə məncə daha çox zərurət var.
    Sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanıldı. “Büdcə sistemi” haqqında qanuna dəyişiklik edilməsi barədə məsələylə bağlı çıxış edən millət vəkili Aydın Hüseynov dedi:
    – Bu qanunun 5.3-cü maddəsində dəyişiklik aşağıdakı şəkildə təhrif olunub. Burada “Vəzifəli şəxslər” sözündə bu vəzifəli şəxslərin ranqını müəyyənləşdirsək daha məqsədəmüvafiq olar. Yəni, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri. Çünki, məqsədli büdcə fondları formalaşarkən sözsüz burda mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri iştirak edir və eyni zamanda bu xərclərin həyata keçirilməsində də onların iştirakı vacib hesab olunur. Bir də 17-ci maddənin 4-cü bəndində dövlət büdcəsinin xərclərin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə bütün təşkilatlarına çatdırılmasına görə müvafiq icra hakimiyyəti orqanların məsul şəxsləri məsuliyyət daşıyır. Burda elə hal baş verə bilər ki, büdcənin gəlirlərində hər hansı gərginlik ola bilər. Bu gərginlik büdcənin gəlirlərində və yaxud digər amillər də ola bilər. Yəni, obyektiv səbəblərə görə bu, vaxtında çatdırıla bilməz. O zaman yaxşı olardı ki, burda bir istisna hal da qeyd olunsun.
    Bir də maddə 21-də büdcədənkənar dövlət fondlarının xərclənməsilə bağlı məsuliyyət nəzərdə tutulur. Ümumiyyətlə, büdcə və büdcədənkənar fondlar artıq eyni mahiyyət daşıyır. Çünki, belə büdcədənkənar fondların özü büdcə resursları hesabına formalaşır və ona görə də çox yaxşı olardı ki, büdcədənkənar fondların da xərclənməsinə görə məsuliyyət bir adda getsin. Onsuz da büdcədənkənar fondların xərcləri icmal büdcədə öz əksini tapır. Yəni, büdcə və büdcədənkənar fondlar əvəzinə icmal büdcə sözü kimi getsin.
    Millət vəkili Rəşad Mahmudov isə “ Dərman Vasitələri haqqında”qanunda dəyişiklikdə bağlı fikirlərini səsləndirdərək bu dəyişikliyin çox vacib olduğunu vurğuladı:
    - Bu gün hər bir vətandaşımız üçün vacib olan dərman vasitələrilə bağlı bu illərdə aparılan islahatlar, dəyişikliklər, qiymətlərin tənzimlənməsi kimi əsas amillər barədə qısa da olsa, fikirlərimi səsləndirmək istəyirəm. Bildiyimiz kimi, ölkəmizdə dərman pereparatlarının qiymətlərinin tənzimlənməsi istiqamətində cənab Prezidentimizin verdiyi qərar nəticəsində İqtisadiyyat və Sənaye Nazirliyi nəzdində yaradılmış qruplarla qiymət bazarında ciddi dəyişikliklər oldu. Qiymətlərin dəyişməsi xalqın dərmanı daha uyğun qiymətə alması üçün böyük imkanlar yaratdığı, lakin bununla yanaşı hazırda səhiyyəmizdə aktiv şəkildə işləyən həkimlər tərəfindən bildirilən və bu gün problem olaraq hər kəsin qarşısına çıxan bir məsələ haqqında da məlumat vermək istəyirəm. Dərmanların qiymətlərinin tənzimlənməsilə əlaqədar olaraq bəzi addımların – zamanında dünyada aparılan qlobal iqtisadi dəyişiklərlə devolvasiyaların meydana çıxması və buna bağlı dərman hadisələrinin daha çox xarici şirkətlərə məxsus olması üzündən müəyyən dəyişikliklərin aparılması nəticəsində bu gün ölkəmizdə əslində hamımızı düşündürən bəzi problemlər var. Bu problemlərin başında da bəzi dərmanların ümumiyyətlə ölkəmizdə tapıla bilinməməsi dayanır. Əlbəttə, dərmanların qanunsuz dövriyyəsiylə əlaqədar aparılan tədbirlərə baxmayaraq bu gün hər hansı dərmanın tapılmadığı səbəbindən vətəndaşa həmin o dərmanın çatdırıla bilinməməsi səhiyyəçilər qarşısında böyük bir problem yaradır. Düşünürəm ki, bu cür xoşagəlməz hadisələrin tənzimlənməsi üçün təhsil sisteminin, xüsusən tibb təhsilinin doğru qurulması lazımdır. Digər tərəfdən bu şəkildə İqtisadiyyat və Sənaye Nazirliyi ilə Səhiyyə Nazirliyi birlikdə qurumların önəmli qərarlarında, iqtisadçıların, dünya ekspertlərinin mütləq vahid şəkildə “yüz ölçüb, bir biçmə” misalı ilə hərəkət etmələri bizim gələcəkdə daha ciddi problemlərlə qarşılaşmamıza zəmin yarada bilər. Hesab edirəm ki, yaxın gələcəkdə bu nazirliklərin ortaq, məntiqli şəkildə qarşılıqlı münasibətlər üzərində qurulan əməkdaşlıqları ilə bu problemlər daha optimal şəkildə müsbət həllini tapacaq.
    Deputatlar qanun layihələrinə təklif və iradlarını bildirdilər
    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ